Ermənistanın qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımamasının arxasında hansı səbəblər dayanırdı?

Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri nəticəsində Ermənistan Ali Soveti Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağın Ermənistana birləşdirildiyini bəyan edən qərar qəbul etdi.[1] Münaqişə kəskinləşəndə ​​Ermənistanla birləşmək ritorikasına son qoyuldu və 1992-ci ildə qondarma “Dağlıq Qarabağ Respublikası” öz müstə­qilliyini elan etdi.[2] Buna baxmayaraq, bu qeyri-legitim qurum Ermənistan da daxil olmaqla heç bir suveren dövlət və ya heç bir beynəlxalq qurum tərəfindən tanınmamışdır.

Əslində, Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nı de-yure tanımamışdı, lakin bu tanınmamış respublika ilə de-fakto əlaqələr yüksək səviyyədə idi. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın ilk nümayəndəliyi İrəvanda açılmışdı və Ermənistanın da Xankəndidə nümayəndəliyi var idi. Tərəflər arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 100-dən çox saziş imzalanmışdı.[3] Ermənistan heç bir beynəlxalq qanunvericiliyə əsaslanmadan vətəndaşlarını Qarabağa hərbi xidmətə göndərirdi.[4] Ermənistan öz büdcəsi ilə yanaşı qondarma respublikanın da dövlət büdcəsini təmin edirdi.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın Ermənistan tərəfindən tanınması erməni cəmiyyətində geniş müzakirə olunurdu. Məclis üzvlərinin səs çoxluğu ilə rədd edilməsinə baxmayaraq, qondarma dövlətin tanınması məsələsi vaxtaşırı bu dövlətin parlamentinin gündəliyinə çıxarılırdı.[5] Bundan başqa, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da Azərbaycanla danışıqların davam etdiyi halda onların qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımayacağını bildirmişdi.[6]

Bu baxımdan Ermənistanın qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini de-yure tanımamasının aşağıdakı mümkün səbəblərini sadalamaq olar.

İlk növbədə, Ermənistan özünü qonşu dövlətdən ərazi tələb edən bir tərəf kimi deyil, qohum etnik qrupun hüquqlarının qorunmasında maraqlı olan bir dövlət hesab edirdi. Bu halda, qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin Ermənistan tərəfindən tanınması münaqişədə onun roluna etiraz doğura və bununla ölkə beynəlxalq ictimaiyyət tərəfindən təzyiqlə üzləşə bilərdi. Buna görə də qondarma respublikanın müstəqilliyini tanıyan ilk suveren dövlət olmaq Ermənistanın maraqları çərçivəsində deyildi. Lakin bu da istisna deyildi ki, qondarma respublikanın müstəqilliyi başqa bir ölkə tərəfindən tanınandan sonra Ermənistan öz qərarını yubatmayacaqdı.

İkincisi, Ermənistan rəsmiləri qondarma respublikanın tanınması ilə Azərbaycanın ATƏT-in Minsk qrupunun vasitəçi rolundan imtina edəcəyini və hətta danışıqları dayandıracağını[7] və bunun sülh üçün təhlükənin artması ilə nəticələnəcəyinə inanırdılar. Həm­çinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasının Azərbaycanı radikallaşdıracağı və sonda təkcə qondarma “Dağlıq Qarabağ Respublikası”na deyil, həm də Ermənistana qarşı müharibənin başlayacağı ehtimal edilirdi.[8]

Üçüncüsü, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasının Türkiyənin “ermə­ni soyqırımı” və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilkin şərtlərinə görə dayandırılmış Türkiyə-Ermənistan yaxınlaşma prosesinə də mənfi təsir göstərəcəyi güman edilirdi.[9] Qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması Ermənistan üçün çox vacib olan normallaşma təşəbbüslərini də “öldürə” bilərdi.

Beləliklə, Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini de-fakto tanımaqla yüksəksəviyyəli ikitərəfli əlaqələr qurmuş, regionu lazımi silah və digər mallarla dəstəkləmiş, aparıcı maliyyə donoru rolunu oynamış və İkinci Qarabağ müharibəsindən əvvəl münaqişənin həllinə yönəlmiş bütün erməni təşəbbüslərini nəzarətə götürmüşdü. Lakin belə görünür ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın de-yure tanınması yuxarıda göstərildiyi kimi Ermənistan üçün prioritet deyildi.


[1] a.k.ə. Fraser, Niall M., və b. – 1990. – s. 659.

[2] “Declaration on State Independence: Proclamation of the Nagorno Karabakh Republic”, The Office of the Nagorno Karabakh Republic in the USA, 2 sentyabr 1991-ci il; (http://www.nkrusa.org/nk_conflict/declaration_independence.shtml). İstifadə tarixi: 5 dekabr 2024-cü il.

[3] “Kocharyan:Armenia should not recognize NKR’s independence at this stage”, 12 noyabr 2013-cü il.

[4] Najafov, Farhad R., “Examining Armenian-Azerbaijani Territorial Relations and Self-Determination”, International Policy Digest, Noyabr 2013-cü il.

[5] Grigoryan, Marianna, “Armenia: Nagorno-Karabakh Independence Unlikely to Win Parliamentary Approval,” Eurasianet, 12 oktyabr 2010-cu il; https://eurasianet.org/armenia-nagorno-karabakh-independence-unlikely-to-win-parliamentary-approval. İstifadə tarixi: 5 dekabr 2022-ci il.

[6] “Why Armenia Cannot Recognize Abkhazia, South Ossetia Independence”, Press.am; (http://www. epress.am/en/2011/01/27/why-armenia-cannot-recognize-abkhazia-south-ossetia-independence.html). İstifadə tarixi: 5 dekabr 2024-cü il.

[7] a.k.ə. Kocharyan:Armenia should not recognize NKR’s independence at this stage”.

[8] “Grigoryan, “Armenia: Nagorno-Karabakh Independence Unlikely to Win Parliamentary Approval”.

[9] Göksel, Nigar, “Turkey and Armenia Post Protocols: Back to Square One?” TESEV: Foreign Policy Program, 12 oktyabr 2012-ci il. – s. 8–12.