Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində rolu nə idi?

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində mühüm rol oynamışdır. Onun səyi nəticəsində münaqişə hələ 1990-cı illərdə müvafiq beynəlxalq təşkilatların xitabət kürsülərində ən çox müzakirə olunan məsələlərdən birinə çevrilmişdi. Heydər Əliyev vasitəçiliyin erkən mərhələlərində münaqişəyə dair əsasən erməni versiyasını dəstəkləyən beynəlxalq ictimaiyyətin mövqeyini neytrallaşdıra bildi. Öz hakimiyyəti dövründə Heydər Əliyev münaqişənin həllini özünün ən əsas vəzifələrindən biri hesab etdiyi üçün bütün sülh yaratmaq təşəbbüslərini istər çoxtərəfli, istərsə də birtərəfli formatlarını alqışlayırdı. Münaqişənin həllində Heydər Əliyevin əsas mövqeyi dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslanır və o, Azərbaycanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcəyini vurğulayırdı.

Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə gələndə, ölkə siyasi qarışıqlıqla üzləşmişdi və demək olar ki, vətəndaş müharibəsi ərəfəsindəidi.[1] İqtisadiyyat tamamilə dağılmış, ictimai vəziyyət isə kəskin idi. Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla müharibədə ölkə çətin vəziyyətdə idi ki, bu da sonralar torpaqların 20%-nin itirilməsi, Dağlıq Qarabağ və ətraf rayonlardan olan bir milyon əhalinin öz torpaqlarını tərk etmək məcburiyyətində qalaraq məcburi köçkünlərə çevrilməsi ilə nəticələnmişdi. Azərbaycan erməni diasporası tərəfindən təcavüzkar, Dağlıq Qarabağın erməni əhalisi isə bu təcavüzün qurbanları kimi təqdim edilmişdi.[2]

Erməni diasporasının yaratdığı informasiya blokadasını yarmaq mümkün olmadığından Azərbaycanın o zamankı hökuməti münaqişə ilə bağlı beynəlxalq mediada öz mövqeyini ortaya qoya bilmədi.[3] Münaqişə ilə bağlı real vəziyyətdən xəbərdar olan Heydər Əliyev mövcud siyasəti dəyişərək aşağıdakı strategiyanı həyata keçirməyə başlamışdır: ermənipərəst dövlətlərin mövqelərinin neytrallaşdırılması; neytral dövlətlərin Azərbaycanın xeyrinə mövqe tutmasına nail olunması; mövqeyi Azərbaycana yaxın olan dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərin gücləndirməsi və çoxşaxəli diplomatiyadan istifadə edərək Azərbaycanın dostları vasitəsilə Ermənistana təzyiq edilməsi.[4] İlkin mərhələ kimi o, regional dövlətlər arasında balanslaşdırılmış siyasət aparmağa, ABŞ və Avropa İttifaqı ölkələri ilə ikitərəfli münasibətlər yaratmağa çalışırdı.[5]

Münaqişə ilə bağlı Rusiyanın mövqeyini neytrallaşdırmağa çalışan Əliyev Moskvaya ilk rəsmi səfəri zamanı Azərbaycanın MDB üzvlüyünü bərpa etsədə Rusiya hərbi bazalarının Azərbaycanda bərpa olunmasına icazə vermədi.[6] Heydər Əliyevin bu cəhdi 1994-cü ildə Bişkekdə ermənilərlə atəşkəs barədə sazişin imzalanması ilə nəticələndi.[7] Heydər Əliyev ABŞ ilə əlaqələri möhkəmlətməyin həm müstəqilliyin qorunması, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əhəmiyyətli olduğunu başa düşürdü. 1992-ci ildə ABŞ Azərbaycanın müstəqilliyini tanısa da, ABŞ-dakı erməni diasporasının anti-Azərbaycan fəaliyyəti nəticəsində bu dövlətlə qarşılıqlı maraqlar əsasında səmərəli ikitərəfli əlaqələr qurmaq mümkün olmamışdı. Hələ üstəlik, Azadlığa Dəstək Aktına 907-ci düzəlişinin qəbul edilməsi nəticəsində ABŞ hökumət Azərbaycana yardımı məhdudlaşdırmışdı ki, bu da öz növbəsində dövlətlərarası münasibətlərə təsir etmişdi.[8] Heydər Əliyevin ABŞ-ın xüsusi maraqlarını ölkənin enerji ehtiyatlarına daha çox cəlb etmək siyasəti bu münasibəti dəyişdirməkdə təqdirəlayiq rol oynamışdır. Dövlətlər arasında müsbət münasibətin qurulması nəticəsində, ABŞ-ın enerji şirkətləri 1994-cü ildə imzalanmış “Əsrin müqavilə”si ilə Azərbaycan neftinin istismarından səhmlərin 40%-ni əldə etmişdilər.[9] Aydın idi ki, regiondakı münaqişələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, sabitliyə əngəl yaradan mühüm amil, enerji layihələrinin həyata keçirilməsində isə əsas təhlükə idi. Buna görə də, ABŞ problemin həlli üçün vasitəçilik prosesində daha fəal iştirak etməyə başlamış və 1997-ci ildə Azərbaycanın tələbi ilə ATƏTin Minsk qrupunun həmsədrlərindən biri olmuşdur.[10]

1997-ci ildə ABŞ-a rəsmi səfəri zamanı Heydər Əliyev ABŞ prezidenti Bill Klintonla görüşərkən ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində əngəl olan 907-ci düzəlişin ləğv olunmasının vacibliyini vurğuladı. Təəssüf ki, ABŞ Konqresində Amerikadakı erməni lobbisinin güclü müqaviməti 2002-ci ilədək düzəlişin ləğv olunmasına imkan verməmişdir. Buna baxmayaraq, Bill Klinton da 907-ci düzəlişin ləğv edilməsinin zəruriliyini vurğulamışdı. 2002-ci ildə Azərbaycanın anti-terror koalisiyasına cəlb edilməsi zərurəti meydana çıxanda prezident Corc Buşun qərarı ilə 907ci düzəlişin tətbiq olunması müvəqqəti olaraq dayandırıldı.[11] Şübhəsiz ki, 907-ci düzəlişin ləğvi ilə bağlı Heydər Əliyevin əvvəlki cəhdləri onun dayandırılması üçün zəmin hazırlanmasında mühüm rol oynamışdı.

Heydər Əliyev ATƏT-in vasitəçilik rolunu qəbul edərək bu təşkilatın zirvə toplantılarına fəal qatılır və bunu Azərbaycanın münaqişədə mövqeyini vurğulamaq üçün zəmin kimi qəbul etmişdi.[12]

Xüsusilə, ATƏT-in 1996-cı ildə təşkil olunmuş Lissabon sammiti Heydər Əliyevin Dağlıq Qarabağla bağlı diplomatiyasında mühüm rol oynamışdır. Lakin erməni tərəfinin etirazı ilə bağlı münaqişənin həlli üçün Azərbaycan tərəfinin təklif etdiyi prinsiplər Zirvə görüşünün yekun sənədinə daxil edilməsədə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli prinsipi iştirakçı dövlətlərin əksəriyyəti tərəfindən qəbul edilmişdir.[13]

Sonralar, ATƏT-in Minsk qrupu müxtəlif dövrlərdə “paket müqaviləsi”, “mərhələli həll” və “ümumi dövlət” kimi sülh layihələri təklif etmişdi. “Paket müqaviləsi” və “mərhələli həll” təklifləri Heydər Əliyev tərəfindən qəbul edilsə də “ümumi dövlət” layihəsi Azərbaycanın milli maraqlarına toxunduğu üçün ondan imtina edilmişdi. 1999-2001-ci illərdə Vaşinqton, Paris və Key Vest şəhərlərində Heydər Əliyevlə Robert Koçaryan arasında ikitərəfli görüşlər təşkil olunmuşdu. Lakin təəssüf ki, bu görüşlər də münaqişənin həllinə kömək edə bilmədi.[14]

Prezidentliyi dövründə Heydər Əliyev Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra və müharibə barədə həqiqətləri yaya bilmişdi. Əliyev, atəşkəsə nail olaraq zorakılığa son qoyulmasına nail olmuşdur. Məhz onun hakimiyyəti dövründə beynəlxalq təşkilatlar bu məsələni öz gündəliklərinə salmış və münaqişənin həlli üçün çoxtərəfli və birtərəfli təşəbbüslər edilmişdir.


[1] Gadimova, Nazrin, “Azerbaijan honors Heydar Aliyev’s memory”, Azernews, 12 December 2013; (http://www.azernews.az/azerbaijan/62474.html). Accessed on December 27, 2013.

[2] Heather, Gregg, ”Divided They Conquer: The Success of Armenian Ethnic Lobbies in the United States”, Paper presented at the annual meeting of the American Political Science Association, Boston Marriott Copley Place, Sheraton Boston & Hynes Convention Center, Boston, Massachusetts, 28 August 2002, p. 36. Retrieved from; (http://intersci.ss.uci.edu/wiki/eBooks/Articles/). Accessed on December 28, 2013.

[3] Shain, Yossi & Barth, Aharon, “Diasporas and International Relations Theory”, International Organization, Vol. 57, No. 3, Summer 2003, p. 469.

[4] Memmedova, Havva, “Haydar Aliyev’s Diplomacy in The Resolution of Nagorno Karabakh Conflict”, Journal of Central Asia and South Caucasian Studies, Vol. 4, Issue 7, 2009, p. 169.

[5] a.k.ə. Cornell, Svante E. (1999), p. 56.

[6] a.k.ə. Memmedova, Havva (2009), p. 183.

[7] a.k.ə. Memmedova, Havva (2009), p. 170.

[8] a.k.ə. Heather, Gregg (2002), p. 36.

[9] a.k.ə. Human Rights Watch (1994), p. 136.

[10] McDougall, James, “A New Stage in US Caspian Sea Basin Relations”, Central Asia, No. 5 (11), 1997.

[11] Blua, “Azerbaijan: U.S. Lifts Restrictions On Aid”.

[12] a.k.ə. Memmedova, Havva (2009), p. 177.

[13] Huseynov, Tabib, “Mountainous Karabakh: Conflict Resolution through Power-sharing and Regional Integration”, Peace Studies Journal, No. 6, January 2005. Retrieved from; (http://www.bradford.ac.uk/ ssis/peace-conflict-and-development/issue-6/). Accessed on December 28, 2013.

[14] a.k.ə. Huseynov, Tabib (2005).