Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində rolu nə idi?

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində mühüm rol oynamışdır. Onun səyi nəticəsində müna­qişə hələ 1990-cı illərdə müvafiq beynəlxalq təşkilatların xitabət kürsülərində ən çox müzakirə olunan məsələlərdən birinə çevrilmişdi. Heydər Əliyev vasitəçiliyin erkən mərhələlərində münaqişəyə dair, əsasən, erməni versiyasını dəstəkləyən beynəlxalq ictimaiyyətin mövqeyini neytrallaşdıra bilmişdi. Öz hakimiyyəti dövründə Heydər Əliyev münaqişənin həllini özünün ən əsas vəzifələrindən biri hesab etdiyi üçün bütün sülh yaratmaq təşəbbüslərinin istər çoxtərəfli, istərsə də birtərəfli formatlarını alqışlayırdı. Münaqişənin həllində Heydər Əliyevin əsas mövqeyi dövlətin ərazi bütövlüyü prinsipinə əsaslanırdı. Bununla bağlı o, Azərbaycanın ərazi bütövlüyünün heç vaxt pozulmayacağını bəyan etmişdir.[1]

Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqda ölkə siyasi qarışıqlıqla üzləşmişdi və demək olar ki, vətəndaş müharibəsi ərəfəsində idi.[2] İqtisadi və sosial vəziyyət ağır idi. Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla müharibədə ölkə çətin vəziyyətdə idi ki, bu da sonralar torpaqların 20%-nin itirilməsi, Ermənistandan və Azərbaycanın işğal edilmiş rayonlarından olan bir milyon əhalinin öz torpaqlarını tərk etmək məcburiyyətində qalaraq məcburi köçkünlərə çevrilməsi ilə nəticələnmişdi. Üstəlik, Azərbaycan erməni diasporu tərəfindən təcavüzkar, Dağlıq Qarabağın erməni əhalisi isə bu təcavüzün qurbanları kimi təqdim edilmişdi.[3]

Erməni diasporunun yaratdığı informasiya blokadasını yarmaq iqtidarında olmadığından Azərbaycanın ozamankı hökuməti münaqişə ilə bağlı beynəlxalq mediada öz mövqeyini ortaya qoya bilməmişdi.[4] Münaqişə ilə bağlı real vəziyyətdən xəbərdar olan Heydər Əliyev ona uyğun olaraq siyasətini yenidən formalaşdırmağa başladı. Bu baxımdan o, ermənipərəst dövlətlərin mövqelərinin neytrallaşdırılması, neytral dövlətlərin Azərbaycanın xeyrinə mövqe tutmasına nail olunması, mövqeyi Azərbaycanın mövqeyinə yaxın olan dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsi, çoxşaxəli diplomatiyadan istifadə edərək Azərbaycanın dostları vasitəsilə Ermənistana təzyiq edilməsi strategiyasını həyata keçirməyə başlamışdı.[5] İlkin mərhələ kimi o, regional dövlətlər arasında balanslaşdırılmış siyasət aparmağa, ABŞ və Avropa İttifaqı ölkələri ilə ikitərəfli münasibətlər yaratmağa çalışırdı.[6]

Münaqişə ilə bağlı Rusiyanın mövqeyini neytrallaşdırmağa çalışan Heydər Əliyev Moskvaya ilk rəsmi səfər edərək Azərbaycanın MDB üzvlüyünü bərpa etdi. Lakin o, Rusiya hərbi bazalarının Azərbaycanda yenidən yerləşdirilməsinə icazə vermədi.[7] Heydər Əliyevin bu cəhdi 1994-cü ildə Bişkekdə ermənilərlə atəşkəs barədə sazişin imzalanması ilə nəticələndi.[8] Heydər Əliyev ABŞ ilə əlaqələri möhkəmlətməyin həm müstəqilliyin qorunması, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əhəmiyyətli olduğunu başa düşürdü. 1992-ci ildə ABŞ Azərbaycanın müstəqilliyini tanısa da, ABŞ-dəki erməni diasporunun anti-Azərbaycan fəaliyyəti nəticəsində bu dövlətlə qarşılıqlı maraqlar əsasında səmərəli ikitərəfli əlaqələr qurmaq mümkün olmamışdı. Hələ üstəlik, Azadlığa Dəstək Aktına 907-ci düzəlişinin qəbul edilməsi nəticəsində ABŞ hökuməti Azərbaycana yardımı məhdudlaşdırmışdı ki, bu da öz növbəsində dövlətlərarası münasibətlərə təsir etmişdi.[9] Heydər Əliyevin ABŞ-nin özəl sektor maraqlarını ölkənin enerji ehtiyatlarına daha çox cəlb etmək siyasəti bu yanaşmaları dəyişmə imkanı vermişdi. Dövlətlər arasında müsbət münasibətin qurulması nəticəsində ABŞ-nin enerji şirkətləri 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycan neftinin istismarından səhmlərin 40%-ni əldə etmişdilər.[10] Aydın idi ki, regiondakı münaqişələr, sabitliyə əngəl yaradan mühüm amil, enerji layihələrinin həyata keçirilməsində isə əsas təhlükə idi. Buna görə də ABŞ problemin həlli üçün vasitəçilik prosesində daha fəal iştirak etməyə başlamış və 1997-ci ildə Azərbaycanın tələbi ilə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmuşdur.[11]

1997-ci ildə ABŞ-yə rəsmi səfəri zamanı Heydər Əliyev ABŞ Prezidenti Bill Klintonla görüşərkən ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində əngəl olan 907-ci düzə­lişin ləğv olunmasının vacibliyini vurğulamışdı. Təəssüf ki, ABŞ Konqresində Amerikadakı erməni lobbisinin güclü müqaviməti 2002-ci ilədək düzəlişin ləğv olunmasına imkan verməmişdir. Buna baxmayaraq, Bill Klinton da 907-ci düzəlişin ləğv edilməsinin zəruriliyini vurğulamışdı. 2002-ci ildə Azərbaycanın antiterror koalisiyasına cəlb edilməsi zərurəti meydana çıxanda prezident Corc Buşun qərarı ilə 907-ci düzəlişin tətbiq olunması müvəqqəti olaraq dayandırıldı.[12] Şübhəsiz ki, 907-ci düzəlişin ləğvi ilə bağlı Heydər Əliyevin əvvəlki cəhdləri onun dayandırılması üçün zəmin hazırlanmasında mühüm rol oynamışdı.

Heydər Əliyev ATƏT-in vasitəçilik rolunu qəbul edərək bu təşkilatın zirvə toplantılarına fəal iştirak edirdi. O, həmçinin bu təşkilatı Azərbaycanın münaqişədə mövqeyini vurğulamaq üçün zəmin kimi qəbul edirdi.[13]

Xüsusilə, ATƏT-in 1996-cı ildə təşkil olunmuş Lissabon Sammiti Heydər Əliyevin Dağlıq Qarabağla bağlı diplomatiyasında mühüm rol oynamışdır. Erməni tərəfinin etirazı ilə bağlı münaqişənin həlli üçün Azərbaycan tərəfinin təklif etdiyi prinsiplər zirvə görüşünün yekun sənədinə daxil edilməsə də, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli prinsipi iştirakçı dövlətlərin əksəriyyəti tərəfindən qəbul edilmişdir.[14]

Sonralar ATƏT-in Minsk qrupu müxtəlif dövrlərdə “paket həll”, “mərhələli həll” və “ümumi dövlət” kimi sülh layihələri təklif etmişdi. “Paket həll” və “mərhələli həll” təklifləri Heydər Əliyev tərəfindən qəbul edilsə də, “ümumi dövlət” layihəsi Azər­baycanın milli maraqlarına zidd olduğu üçün ondan imtina edilmişdi. 1999–2001-ci illərdə Vaşinqton, Paris və Ki-Vest şəhərlərində Heydər Əliyevlə Robert Koçaryan arasında ikitərəfli görüşlər təşkil olunmuşdu. Lakin, təəssüf ki, bu görüşlər də müna­qişənin həllinə kömək edə bilməmişdi.[15]

Prezidentliyi dövründə Heydər Əliyev Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilmişdi. Heydər Əliyev müharibə barədə həqiqətləri təbliğ edərək, atəşkəsə nail olmuş və zorakılığa son qoymuş, beynəlxalq təşkilatların bu məsələni öz gündəliklərinə salmasında rol oynamış və münaqişənin həlli üçün çoxtərəfli və birtərəfli təşəbbüslərdə iştirak etmişdir.


[1] Osmanli, Ceyhun and Abilov, Shamkhal, “Secession and Peace Processes: Understanding Attitudes and Peacekeeping Efforts of Azerbaijan Regarding the Karabakh Conflict Under the Leadership of Heydar Aliyev,” in Yavuz, M. Hakan, Gunter, Michael M., and Abilov, Shamkhal (eds.) Heydar Aliyev and the Foundations of Modern Azerbaijan (Palgrave Macmillan, 2024), pp. 126–127.

[2] Gadimova, Nazrin, “Azerbaijan honors Heydar Aliyev’s memory”, Azernews, 12 dekabr 2013-cü il; (http://www.azernews.az/azerbaijan/62474.html). İstifadə tarixi: 27 dekabr 2013-cü il.

[3] Heather, Gregg, ”Divided They Conquer: The Success of Armenian Ethnic Lobbies in the United States”, Paper presented at the annual meeting of the American Political Science Association, Boston Marriott Copley Place, Sheraton Boston & Hynes Convention Center, Boston, Massachusetts, 28 avqust 2002-ci il. – s. 36. Götürülmüşdür;(http://intersci.ss.uci.edu/wiki/eBooks/Articles/). İstifadə tarixi: 28 dekabr 2013-cü il.

[4] Shain, Yossi & Barth, Aharon, “Diasporas and International Relations Theory”, International Organization, Vol. 57, No. 3, Summer 2003. – s. 469.

[5] Memmedova, Havva, “Haydar Aliyev’s Diplomacy in The Resolution of Nagorno Karabakh Conflict”, Journal of Central Asia and South Caucasian Studies, Vol. 4, Issue 7, 2009. – s. 169.

[6] a.k.ə. Cornell, S.E. – 1999. – s. 56.

[7] a.k.ə. Memmedova, H. – 2009. – s. 183.

[8] a.k.ə. Memmedova, Havva. – 2009. – s. 170.

[9] a.k.ə. Heather, G. – 2002. – s. 36.

[10] a.k.ə. Human Rights Watch. – 1994. – s. 136.

[11] McDougall, James, “A New Stage in US Caspian Sea Basin Relations”, Central Asia, No. 5 (11), 1997.

[12] Blua, “Azerbaijan: U.S. Lifts Restrictions On Aid”.

[13] a.k.ə. Memmedova, H. – 2009. – s. 177.

[14] Huseynov, T. Mountainous Karabakh: Conflict Resolution through Power-sharing and Regional Integration, Peace Studies Journal, No. 6, yanvar 2005-ci il.

[15] a.k.ə. Huseynov, T. – 2005.