1991-ci il sentyabrın 2-də Qarabağ Soveti keçmiş DQMV və Azərbaycanın Şaumyan rayonu əraziləri üzərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini elan etdi. 1991-ci il dekabrın 10-da bölgənin statusunun müəyyən edilməsi üçün yalnız Dağlıq Qarabağ ermənilərinin əksəriyyət təşkil etdiyi ərazilərdə referendum keçirildi. Gözlənildiyi kimi ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinə səs verdilər. Öz növbəsində, Azərbaycan parlamenti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv edərək onu Azərbaycanın digər rayonları səviyyəsinə saldı. Bu proses Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ ermənilərinin iştirakı ilə Birinci Qarabağ müharibsinin başlanmasına səbəb oldu. Atəşkəsdən sonra Azərbaycanın işğal edilmiş ərazilərini nəzarətdə saxlamaqla qondarma “Dağlıq Qarabağ Respublikası” müstəqil dövlət kimi tanınmağa çalışırdı. Heç bir dövlət və ya beynəlxalq təşkilat onun müstəqilliyini tanımasa da, qondarma Dağlıq Qarabağ Respublikası özünün hökumət strukturunu və dövlət institutlarını yaratmışdı. O, Ermənistan Respublikasının yardımı ilə 2020-ci ilin İkinci Qarabağ müharibəsinə qədər faktiki dövlət kimi mövcudluğunu qoruyub saxlaya bildi.
Elmi ədəbiyyatda qondarma “Dağlıq Qarabağ Respublikası”kimi tanınmamış dövlətlər “de-fakto dövlət”, “tanınmamış dövlət”, “kvazi (olmayan) dövlət” və ya “saxta dövlət” kimi müəyyən edilirlər.[1] Ümumiyyətlə bu qondarma dövlətlər iddia etdikləri ərazilərə nəzarət edir, müvəqqəti fəaliyyət göstərən dövlət və hökumət təşkilatları yaradır, lakin suveren dövlət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmır.[2] Əslində, bu tanınmamış dövlətlərin əksəriyyəti heç vaxt tanına bilmir.[3] Bundan başqa, II Dünya Müharibəsindən sonrakı dövrdə formalaşmış beynəlxalq münasibətlərin yazılmamış qaydaları yeni dövlətlərin yaradılmasını qəti olaraq məhdudlaşdırır.[4]
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəsmiləri iddia edir ki, “dövlət”in müstəqilliyi daxili və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib. Ona görə də İkinci Qarabağ müharibəsi Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə nəticələnənə qədər qondarma “Dağlıq Qarabağ Respublikası”nda müstəqil dövlətin formalaşması üçün zəruri olan atributlar və strukturlar yaradılmışdı.[5] Beynəlxalq hüquqda, suveren dövlət konsepsiyası Dövlətin Hüquq və Vəzifələri haqqında Montevideo Konvensiyası ilə müəyyən edilir. Bu Konvensiyaya görə, əgər qurum daimi əhalisi, müəyyən edilmiş ərazisi, hökuməti və digər dövlətlərlə əlaqələr yarada bilmək bacarığı kimi meyarlara cavab verirsə suveren dövlət hesab edilə bilər.[6] Əslində, qondarma “Dağlıq Qarabağ Respublikası” ilk üç meyarlara sahib idi, lakin lazımi qaydada tanınmaması səbəbindən digər dövlətlərlə əlaqələr qurmağa qadir deyildi. Skott Pegg deyir ki, tanınmamış kvazi dövlətlərin fəaliyyətindən asılı olmayaraq onlar qeyri-qanuni kimi qəbul edilməlidirlər.[7]
Tanınmamış “kvazi dövlətlər” beynəlxalq statusa malik olmadığından onların heç bir beynəlxalq təşkilata üzv olmaq hüququ yoxdur və diplomatik missiyaları həyata keçirə bilməzlər. Bununla bağlı Skott Pegg vurğulayır:
De facto tanınmış dövlət özünü digər dövlətlərlə əlaqələr qurmağa qadir olduğunu zənn edir və tam konstitusiya müstəqilliyi əldə etmək və beynəlxalq aləmdə suveren bir dövlət kimi tanınmağa çalışır. Lakin, hər hansı bir dərəcədə real tanınmağa nail olmaq iqtidarında deyil və buna görə də beynəlxalq ictimaiyyətin gözündə qeyri-qanuni olaraq qalır.[8]
Bundan başqa, beynəlxalq ictimaiyyətin tanınmamış dövlətlərə cavabını təsnifləndirməklə Skott Pegg üç əsas münasibəti müəyyən edir: beynəlxalq ictimaiyyət sanksiya və embarqo tətbiq edir; etinasızlıq; onların mövcudluğuna çox cüzi diqqət edir.[9]
İkinci Qarabağ müharibəsinə qədər heç bir beynəlxalq təşkilat qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb və beləliklə birgə əməkdaşlığı da qəbul etməyib. Buna baxmayaraq, onun mövcudluğuna çox cüzi diqqət etmiş yeddi dövlətdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın daimi nümayəndəliyi var. Faktiki olaraq, heç bir müstəqil dövlət, o cümlədən Ermənistan tanınmamış dövlət ilə diplomatik münasibətlər qurmamışdır. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın diplomatik münasibətləri Abxaziya, Cənubi Osetiya və Dnestryani kimi tanınmamış digər “kvazi dövlətlər”lə əməkdaşlıqla məhdudlaşırdı. Bu “dövlətlər” bir araya gələrək “Tanınmayan Dövlətlər Birliyi” kimi tanınan “Millətlərin Demokratiya və Hüquqları Cəmiyyəti”ni yaratmışdılar.
Qondarma “Dağlıq Qarabağ Respublikası”na qarşı tətbiq edilən etinasızlıq və embarqo iqtisadi inkişafa mənfi təsir göstərib. Əsas maliyyə dəstəyi Ermənistan Respublikası və xaricdəki erməni diasporası tərəfindən göstərilir.[10] Əslində, diplomatik izolyasiyası inkişaf üçün xaricdən yardım almasına mane olurdu. Birinci Qarabağ müharibəsi nəticəsində regionun müharibədən əvvəlki sənaye infrastrukturu və kənd təsərrüfatı sistemi dağılmış və İkinci Qarabağ müharibəsinə qədər tam şəkildə yenidən qurulmamışdı.[11] Blokada vəziyyəti və hüquqi statusa malik olmaması ilə bağlı bölgəyə birbaşa böyük miqdarda xarici investisiya qoyuluşu mümkün deyil.[12] İnvestisiya qoyuluşu üçün qondarma “Dağlıq Qarabağ Respublikası” ilə imzalana biləcək müqavilələr beynəlxalq cəhətdən öhdəlik təşkil etmədiyi üçün, xarici şirkətlər qondarma respublikaya investisiya qoyuluşu etmək istəmirdilər.
Təcrübədə, tanınmamış “kvazi dövlətlər” onların mövcudluğuna birbaşa və dolayı maraqlı olan xarici amillərin köməyi ilə embarqo və təcrid effektlərini azaldırlar. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın hami dövləti olan Ermənistan da ona lazımi şərait yaradırdı. Bu, bir faktdır ki, qondarma respublikanın sakinlərinin əksəriyyəti Ermənistan vətəndaşları idi və Ermənistan pasportu ilə xaricə səfər edirdilər. Qondarma “Dağlıq Qarabağ Respublikası” üçün daha mühüm bir amil erməni diasporasıdır. Şübhəsiz ki, Ermənistanın və diasporanın birbaşa dəstəyi olmadan onun mövcudluğu mümkün deyildi.
Keçmiş qondarma “Dağlıq Qarabağ Respublikası”nın de-fakto statusu beynəlxalq hüququn qəbul edilmiş normalarına uyğun suveren dövlətlər üçün tələb olunan meyarlara cavab vermədiyindən tanınmamış kvazi dövlət kimi müəyyən edilirdi. Bundan əlavə, bu “kvazi dövlət” xarici amillərin iştirakı olmadan gələcəyi haqqında qərar qəbul etmək iqtidarında deyildi. Bu prizmadan yanaşdıqda, qondarma Dağlıq Qarabağ Respublikası İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi zamanı öz mövcudluğunu itirmiş qeyri-qanuni qurum idi.
[1] Pegg, Scott, International Society and the De Facto State (Ashgate Publishing Limited, 1999), p. 6. Həmçinin bax; King, Charles, “The Benefits of Ethnic War: Understanding Eurasia’s Unrecognized States”, World Politics, 53, July 2001, pp. 524-552. Həmçinin bax; Dov Lynch, “Separatist States and Post Soviet Conflicts”, International Affairs, Vol. 78 (4), 2002, pp. 831-848.
[2] Kolsto, Pal, “The Sustainability and Future of Unrecognized Quasi-States”, Journal of Peace Research, Vol. 43, No. 6, November 2006, p. 726.
[3] Pegg, Scott, “De Facto States in the International System”, Institute of International Relations of the University of British Columbia, Working Paper, No. 21, February 1998, p. 2.
[4] Österud, Öyvind, “The Narrow Gate: Entry to the Club of Sovereign States”, Review of International Studies, Vol. 23 (2), 1997.
[5] a.k.ə. Shahen Avakian (2010), p. 17.
[6] “Article 2”, Montevideo Convention on the Right and Duties of the State.
[7] a.k.ə. Pegg, Scott (1999), p. 5.
[8] a.k.ə. Pegg, Scott (1998), p. 1.
[9] a.k.ə. Pegg, Scott (1998), p. 4.
[10] a.k.ə. King, Charles (2001), p. 543.
[11] a.k.ə. King, Charles (2001), p. 536.
[12] a.k.ə. Kolsto, Pål (2006), p. 729