1991-ci il sentyabrın 2-də Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və Şaumyan rayonu əraziləri üzərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi elan edildi. 1991-ci il dekabrın 10-da bölgənin statusunun müəyyən edilməsi məqsədilə referendum keçirildi. Referendum yalnız Dağlıq Qarabağ ermənilərinin əksəriyyət təşkil etdiyi ərazilərdə keçirilfi. Gözlənildiyi kimi ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi lehinə səs verdilər. Öz növbəsində Azərbaycan Parlamenti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv edərək onu Azərbaycanın digər rayonları səviyyəsinə saldı. Bu proses Azərbaycan və Ermənistan arasında Birinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. 1994-cü il atəşkəsindən sonra Azərbaycanın işğal edilmiş ərazilərini nəzarətdə saxlamaqla qondarma “Dağlıq Qarabağ Respublikası” müstəqil dövlət kimi tanınmağa çalışırdı. Heç bir dövlət və ya beynəlxalq təşkilat onun müstəqilliyini tanımasa da, qondarma “Dağlıq Qarabağ Respublikası” özünün hökumət strukturunu və dövlət institutlarını yaratmışdı. O, Ermənistan Respublikasının yardımı ilə 2020-ci ilin İkinci Qarabağ müharibəsinə qədər faktiki dövlət kimi mövcudluğunu qoruyub saxlaya bilmişdi.
Elmi ədəbiyyatda qondarma “Dağlıq Qarabağ Respublikası” kimi tanınmamış dövlətlər “de-fakto dövlət”, “tanınmamış dövlət”, “kvazi (olmayan) dövlət” və ya “saxta dövlət” kimi müəyyən edilirlər.[1] Ümumiyyətlə, bu qondarma dövlətlər iddia etdikləri ərazilərə nəzarət edir, müvəqqəti fəaliyyət göstərən dövlət və hökumət təşkilatları yaradır, lakin suveren dövlət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmırlar.[2] Əslində, bu cür dövlətlərin əksəriyyəti heç vaxt tanınma əldə edə bilmir.[3] Üstəlik, İkinci Dünya Müharibəsindən sonrakı dövrdə formalaşmış beynəlxalq münasibətlərin yazılmamış normaları mövcud suveren dövlətlərin ərazisində yeni dövlətlərin yaradılmasını qəti şəkildə rədd edir.[4]
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəsmiləri iddia edirdilər ki, “dövlət”in müstəqilliyi daxili və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib. Ona görə də İkinci Qarabağ müharibəsi Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə nəticələnənə qədər qondarma “Dağlıq Qarabağ Respublikası”nda müstəqil dövlətin formalaşması üçün zəruri olan atributlar və strukturlar yaradılmışdı.[5] Beynəlxalq hüquqda, suveren dövlət konsepsiyası Dövlətin Hüquq və Vəzifələri haqqında Montevideo Konvensiyası ilə müəyyən edilir. Bu konvensiyaya görə əgər qurum daimi əhalisi, müəyyən edilmiş ərazisi, hökuməti və digər dövlətlərlə əlaqələr yarada bilmək bacarığı kimi meyarlara cavab verirsə, suveren dövlət hesab edilə bilər.[6] Əslində, qondarma “Dağlıq Qarabağ Respublikası” ilk üç meyarlara cavab verirdi, lakin lazımi qaydada tanınmaması səbəbindən digər dövlətlərlə əlaqələr qurmağa qadir deyildi. Skott Pegg iddia edir ki, tanınmamış kvazi dövlətlərin fəaliyyətinin effektivliyindən asılı olmayaraq onlar qeyri-qanuni kimi qəbul edilməlidirlər.[7]
Tanınmamış “kvazi dövlətlər” beynəlxalq statusa malik olmadığından onların heç bir beynəlxalq təşkilata üzv olmaq hüququ yoxdur və diplomatik missiyaları həyata keçirə bilməzlər. Bununla bağlı Skott Peqq yazırdı:
“De-fakto tanınmış dövlət özünü digər dövlətlərlə əlaqələr qurmağa qadir olduğunu zənn edir və tam konstitusional müstəqillik əldə etmək və beynəlxalq aləmdə suveren bir dövlət kimi tanınmağa çalışır. Lakin hər hansı bir dərəcədə real tanınmağa nail olmaq iqtidarında deyil və buna görə də beynəlxalq ictimaiyyətin gözündə qeyri-qanuni olaraq qalır”.[8]
Bundan əlavə, beynəlxalq ictimaiyyətin tanınmamış dövlətlərə reaksiyasını təsnif edərkən, Skott Peq üç əsas münasibəti müəyyən edir: embarqo və sanksiyalardan istifadə etməklə onlara fəal şəkildə qarşı çıxmaq; onlara məhəl qoymamaq və onlarla əlaqə qurmamaq; onların mövcudluğunu bir növ məhdud şəkulda qəbullanmaq.[9]
İkinci Qarabağ müharibəsinə qədər heç bir beynəlxalq təşkilat qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımasa da, buna baxmayaraq, onun mövcudluğunu çox cüzi şəkildə qəbul edən bəzi dövlətlərdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın daimi nümayəndəliyi var idi. Heç bir müstəqil dövlət, o cümlədən Ermənistan bu tanınmamış dövlət ilə diplomatik münasibətlər qurmamışdır. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın diplomatik münasibətləri Abxaziya, Cənubi Osetiya və Dnestryanı kimi tanınmamış digər “kvazi dövlətlər”lə əməkdaşlıqla məhdudlaşırdı. Bu qondarma “dövlətlər” bir araya gələrək “Tanınmayan Dövlətlər Birliyi” kimi tanınan “Millətlərin Demokratiya və Hüquqları Cəmiyyəti”ni yaratmışdılar.
Qondarma “Dağlıq Qarabağ Respublikası”na qarşı tətbiq edilən etinasızlıq və embarqo onun iqtisadi inkişafına mənfi təsir göstərmişdir. Əsas maliyyə dəstəyi Ermənistan Respublikası və xaricdəki erməni diasporu tərəfindən göstərilirdi.[10] Onun diplomatik izolyasiyası inkişafı üçün xaricdən yardım almasına mane olurdu. Birinci Qarabağ müharibəsi nəticəsində regionun müharibədən əvvəlki sənaye infrastrukturu və kənd təsərrüfatı sistemi dağılmış və İkinci Qarabağ müharibəsinə qədər tam şəkildə yenidən qurulmamışdı.[11] Blokada vəziyyəti və hüquqi statusa malik olmaması ilə bağlı bölgəyə birbaşa böyük miqdarda xarici investisiya qoyuluşu mümkün deyildi.[12] İnvestisiya qoyuluşu üçün qondarma “Dağlıq Qarabağ Respublikası” ilə imzalana biləcək müqavilələr beynəlxalq cəhətdən öhdəlik təşkil etmədiyi üçün xarici şirkətlər qondarma respublikaya investisiya qoyuluşu etmək istəmirdilər.
Təcrübədə tanınmamış “kvazi dövlətlər” onların mövcudluğuna birbaşa və dolayı maraqlı olan xarici amillərin köməyi ilə embarqo və təcridin təsirini azaldırlar. Ermənistan bununla bağlı qondarma “Dağlıq Qarabağ Respublikası”na himayədarlıq edərək ona şərait yaratmışdı. Bu, bir faktdır ki, qondarma respublikanın sakinlərinin əksəriyyəti Ermənistan vətəndaşları idi və Ermənistan pasportu ilə xaricə səfər edirdilər. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın mövcudluğunu şərtləndirən digər mühüm amil erməni diasporu idi. Şübhə yox idi ki, Ermənistanın və diasporun bilavasitə dəstəyi olmadan qondarma “Dağlıq Qarabağ Respublikası”nın mövcudluğunu sürdürmək qeyri-mümkün idi.
Keçmiş qondarma “Dağlıq Qarabağ Respublikası”nın de-fakto statusu beynəlxalq hüququn qəbul edilmiş normalarına uyğun suveren dövlətlər üçün tələb olunan meyarlara cavab vermədiyindən tanınmamış kvazi dövlət kimi müəyyən edilə bilər. Bundan əlavə, bu “kvazi dövlət” xarici amilləri nəzərə almadan gələcəyi haqqında qərar qəbul etmək iqtidarında deyildi. Bu prizmadan yanaşdıqda qondarma “Dağlıq Qarabağ Respublikası” İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi zamanı öz mövcudluğunu itirmiş qeyri-qanuni qurum idi.
[1] Pegg, S. International Society and the De Facto State. – Ashgate Publishing Limited. – 1999. – s. 6. Həmçinin bax: King, Charles, “The Benefits of Ethnic War: Understanding Eurasia’s Unrecognized States”, World Politics, 53, iyul 2001-ci il. – s. 524–552. Həmçinin bax: Dov Lynch, “Separatist States and Post Soviet Conflicts”, International Affairs, Vol. 78 (4), 2002. – s. 831–848.
[2] Kolsto, Pal, “The Sustainability and Future of Unrecognized Quasi-States”, Journal of Peace Research, Vol. 43, No. 6, noyabr 2006-cı il. – s. 726.
[3] Pegg, Scott, “De Facto States in the International System”, Institute of International Relations of the University of British Columbia, Working Paper, No. 21, fevral 1998-ci il. – s. 2.
[4] Österud, Ö. The Narrow Gate: Entry to the Club of Sovereign States. – Review of International Studies, Vol. 23 (2), 1997.
[5] a.k.ə. Shahen Avakian. – 2010. – s. 17.
[6] “Article 2”, Montevideo Convention on the Right and Duties of the State.
[7] a.k.ə. Pegg, Scott. – 1999. – s. 5.
[8] a.k.ə. Pegg, Scott. – 1998. – s. 1.
[9] a.k.ə. Pegg, Scott. – 1998. – s. 4.
[10] a.k.ə. King, Charles. – 2001. – s. 543.
[11] a.k.ə. King, Charles. – 2001. – s. 536.
[12] a.k.ə. Kolsto, Pål. – 2006. – s. 729