Dağlıq Qarabağın statusu İkinci Qarabağ müharibəsinədək münaqişə tərəfləri arasında danışıqlar prosesinin ən kritik məsələlərindən biri olub. Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası” tam müstəqillik tələb etdiyi halda, Azərbaycan tərəfi mübahisənin ölkənin ərazi sərhədləri daxilində həll olunmasında israrlı idi. Bununla bağlı Azərbaycan müxtəlif hallarda bəyan etmişdir ki, əgər Ermənistan Dağlıq Qarabağ üçün müstəqillik iddiasından əl çəksəydi, o, Dağlıq Qarabağ ermənilərinə təcrübədə mövcud olan ən yüksək muxtariyyət statusunu verə bilərdi.[1]
Azərbaycan Respublikasının Konstitusiyası Dağlıq Qarabağa verilə biləcək mümkün muxtariyyətinin əsas hüquqi bazası hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər imkanlar verir,[2] və bundan başqa, konstitusiya dini azadlığa və azlıqların öz dilindən istifadə etməsini təmin edir.[3] Həqiqətən, Azərbaycan Respublikasının Konstitusiyası etnik azlıqların hüquqlarının qorunması üçün qanunvericilik bazasının mövcudluğunu sübut edir. O həmçinin Azərbaycanın ərazi bütövlüyünün əsas hissəsini təşkil edən Naxçıvan Muxtar Respublikasının statusunu tənzimləyir. Azərbaycan Konstitusiyasında VIII fəsil muxtar respublikanın statusu ilə bağlı olub onun Bakı ilə münasibətlərini təyin edir.[4] Konstitusiyaya görə Naxçıvan Azərbaycan Respublikasının tərkib hissəsidir, Azərbaycanın qanunvericiliyi Naxçıvan üçün məcburidir, muxtar respublikanın konstitusiyası Azərbaycanın konstitusiya qanunlarına uyğun olmalıdır.[5] Bundan başqa, Naxçıvanda muxtar qurumun daxili işləri ilə bağlı qərarların qəbulu prosesində müstəqil olan dövlət sistemi var. Naxçıvanın rəmzləri Azərbaycan Respublikasının rəmzləri ilə eynidir.[6] Naxçıvanın, əslində, öz polisi, hərbi qüvvələri yoxdur. Onun pul sistemi mərkəzi sistemdən asılıdır, müstəqil xarici siyasət formalaşdırmır, beynəlxalq yarışlarda idmançıları Naxçıvanı deyil, Azərbaycanı təmsil edirlər. Naxçıvanda muxtariyyət yüksək səviyyədə deyil, çünki əhalisinin əksəriyyəti azərbaycanlılardır və onlar heç vaxt daha yüksək status iddiasında olmayıblar. Lakin mərkəzi hökumətlə birbaşa quru əlaqəsinin olmaması burada özünüidarə sisteminin qurulmasını zəruri etmişdir.
Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verilməsinin mümkün versiyası barədə düşünmək üçün xüsusi muxtariyyət statusunun mövcud olduğu və bu təcrübələrin digər məsələlər üçün presedent kimi istifadə edilə biləcəyi halları təhlil etmək vacibdir.
Yüksək muxtariyyət statusu haqqında ümumi beynəlxalq qaydalar mövcud olmasa da, təcrübədə elə müxtəlif hallar var ki, bunlar yüksək muxtariyyət statusuna malik qurumlar kimi müəyyən edilməlidirlər. Məsələn, Tatarıstan, Başqırdıstan, Cənubi Tirol (Avstriyada), Honkonq və s. Bu halların bir-birindən fərqlənməsinə baxmayaraq, onları təhlil edərək Dağlıq Qarabağ münaqişəsi kimi digər məsələlər üçün presedent hesab edilə biləcək yüksək muxtariyyət statusunun ümumi cəhətlərini ümumiləşdirmək mümkündür. Əslində, bu halların əksəriyyətində muxtariyyət statusu beynəlxalq müqavilələr və onların metropoliyalarının konstitusiyası ilə təmin olunur; muxtariyyət ərazisində ikili dövlət dili fəaliyyət göstərir; qanunvericilik, icra və məhkəmə məsələlərində mərkəzdən daha az asılılıq var; muxtariyyətlərin öz dövlət rəmzləri var; təhsil sistemində etnik dil üstünlük təşkil edir; maliyyə azadlığı mərkəzi hökumətin xüsusi razılığı olmadan büdcəni xərcləmək imkanı verir; bu qurumların bəzilərinin öz polis sistemi var və beynəlxalq idman turnirlərində onların mərkəzi hökuməti deyil öz muxtar vilayətlərini təmsil etmək hüquqları var. Bütün bu imtiyazlar yüksək statuslu muxtariyyətlər üçün ümumi xarakter daşımır, çünki onların hər birinin xüsusi statusuna təsir edən tarixi hadisələr, etnik mənsubiyyət, coğrafi yerlər və s. kimi spesifik xüsusiyyətlər vardır. Ona görə də Dağlıq Qarabağ üçün bu modellərdən birini seçmək o qədər də asan deyil.
Bu səbəbdən qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası Dağlıq Qarabağın gələcək statusu üçün başlıca hüquqi əsas idi. Dağlıq Qarabağın statusu ya beynəlxalq müqavilələr, ya da Azərbaycan Respublikası Konstitusiyası ilə təmin edilə bilərdi. Ümumiyyətlə, mərkəzi hakimiyyətlə muxtar vilayət arasında münasibətlər müəyyən olunarkən Dağlıq Qarabağ məsələsinə bənzər müxtəlif halları tənzimləyən qaydalardan istifadə oluna bilərdi. Lakin Ermənistan tərəfi Azərbaycanın bu təklifini qəbul etməmişdir və İkinci Qarabağ müharibəsi məsələ ilə bağlı reallığı dəyişdirmişdir.
Beləliklə, bu gün Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati-ərazi vahidi yoxdur. Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu iqtisadi rayonlar sərəncamla təsdiq edilmiş 14 iqtisadi rayon sırasına daxil edilib. Qarabağ iqtisadi rayonu Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər rayonlarını əhatə edir. Şərqi Zəngəzur iqtisadi rayonuna işğaldan azad edilmiş Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir.[7]
[1] Izzet, I, “Head of State Committee: After solving Nagorno-Karabakh conflict Armenians can become Azerbaijani equal citizens,” Trend, 6 sentyabr 2013-cü il; https://en.trend.az/azerbaijan/karabakh/2186913.html. İstifadə tarixi: 3 dekabr 2024-cü il.
[2] Maddə 24, Azərbaycan Respublikasının Konstitusiyası.
[3] Maddə 44, 45, 48, Azərbaycan Respublikasının Konstitusiyası.
[4] VIII fəsil, Azərbaycan Respublikasının Konstitusiyası.
[5] Maddə 134, Azərbaycan Respublikasının Konstitusiyası.
[6] Maddə 2, 10, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası.
[7] Jabbarova, A. Azerbaijan sets up Karabakh and East Zangazur economic regions,” AZERNEWS, 7 iyul 2021-ci il; https://www.azernews.az/nation/181004.html. İstifadə tarixi: 3 dekabr 2024-cü il.