17 fevral 2008-ci ildə əsasən etnik albanların məskunlaşdığı Serbiya ərazisi olan Kosovo öz müstəqilliyini elan etdi və qısa müddətdən sonra qərb ölkələrinin əksəriyyəti tərəfindən tanındı. BMT-nin üzvü olan 100-dən artıq dövlət artıq Kosovonun müstəqilliyini tanıyır. Bu tanınma digər tanınmamış dövlətləri həvəsləndirmiş, onların rəsmiləri bu halın presedent yaradacağına və öz ərazilərinin də tanınmasına yol açacağına ümid etdiklərini bildirmişlər.[1] Ermənistan da Kosovonun tanınmasını alqışlayaraq bunun qondarma “Dağlıq Qarabağ Respublikası”nın mümkün tanınmasına təkan verəcəyini bəyan etmişdi. [2]
Presedent hüquqi və siyasi baxımdan müxtəlif anlamları daşıyır. Borgenin fikrincə, “politoloqlar bundan, adətən, keçmiş bir hadisəyə istinad etmək, siyasi cəhətdən əsaslandırmaq üçün və ya diplomatik dialoqda istifadə edirlər, hüquqşünaslar üçün bu sözün daha ciddi bir anlamı var və onlar keçmiş bir hadisə indiki halda tətbiq edilməli olan qanunun üstünlüyünü bildirən zaman istifadə edirlər. Texniki məsələ kimi, daxili qanundan fərqli olaraq beynəlxalq hüquqda presedent məcburi deyil.[3] Qeyd etmək lazımdır ki, Kosovonun müstəqilliyini tanıyan dövlətlərin heç biri ərazinin öz müstəqilliyini qanuni hüququ kimi əldə etdiyini israr etməyib.[4] Həqiqətdə beynəlxalq hüquq yalnız müstəmləkə altında olan xalqların tam müstəqilliyi ilə nəticələnən xarici ölçülər mənasında öz müqəddəratını təyinetməsinə haqq qazandırır. Aydındır ki, kosovolular müstəmləkə altında olan xalq deyildi, amma Serbiyanın nəzarətində olan ərazidə yaşayırdılar və bu dövlətin hakimiyyəti tərəfindən etnik təmizləməyə məruz qalmışdılar.[5] Kosovodakı vəziyyət zorakılıq xarakteri daşıdığı üçün BMT-nin 1244 saylı Qətnaməsi ilə Kosovo məsələsi beynəlmiləşdirilmiş və beynəlxalq idarəçilik altına alınmışdır.[6] Sonralar beynəlxalq idarəçilik kosovoluların Serbiyanın nəzarəti altında birgə yaşamasının mümkün olmadığını vurğulayaraq onun müstəqilliyini tanımışdır. Lakin bu halın digər hallar üçün presedent olmayacağı vurğulanmışdır.[7]
Hüquqi baxımdan, Kosovonun müstəqilliyi “ciddi humanitar vəziyyət” və “beynəlxalq təhlükəsizlik və sülhə təhdid” səbəbindən əsaslandırılmışdır .[8] Bundan əlavə, Kosovonun Serbiya nəzarətindən alınıb beynəlxalq idarəetmə altına verilməsi səbəbindən, metropoliyadan icazə almadan bu ərazinin müstəqilliyinin tanınması mümkün olmuşdur.[9]
Yuxarıda sadalanan faktlara əsaslanaraq demək olar ki, Kosovo məsələsi Dağlıq Qarabağ münaqişəsi üçün presedent hesab edilə bilməz. İlk növbədə qeyd olunmalıdır ki, Kosovo dövlətdaxili münaqişədir, halbuki Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində meydana çıxmışdır. Bundan əlavə, müharibə zamanı Azərbaycan deyil, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmişdir. Xocalı qətliamı bu iddianın açıq-aşkar nümunəsidir və bu fakt həmin dövrün erməni siyasi və hərbi rəhbərliyinin verdiyi etiraf xarakterli ifadələrdə də əksini tapır.
İkincisi, Kosovo Yuqoslaviyanın ərazi bütövlüyünü təsdiq edən, eyni zamanda ərazinin yekun statusu ilə bağlı qərarı da ehtiva edən BMT Təhlükəsizlik Şurasının 1244 saylı Qətnaməsinə uyğun olaraq BMT və NATO-nun rəhbərlik etdiyi KFOR (Kosovo Qüvvələri) beynəlxalq qüvvələrinin iştirakı ilə beynəlxalq idarəçilik altında olmuşdur.[10] Lakin Dağlıq Qarabağ heç vaxt beynəlxalq idarəçilik altında olmayıb və müharibə zamanı beynəlxalq ictimaiyyət münaqişənin həllinə qarışmayıb. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var. Lakin bu qətnamələr regionun yekun statusu ilə bağlı hər hansı qərardan daha çox Azərbaycanın işğal olunmuş ərazilərindən qüvvələrin çıxarılması ilə bağlıdır.
Üçüncüsü, qondarma “Dağlıq Qarabağ Respublikası” Ermənistan da daxil olmaqla hər hansı müstəqil dövlət tərəfindən tanınmamışdı. Üstəlik, Kosovonun müstəqilliyini tanıyan dövlətlər qətiyyətlə bildirmişdilər ki, bu unikal bir haldır və presedent ola bilməz. Beləliklə, Dağlıq Qarabağın bu dövlətlər tərəfindən tanınması üçün heç bir perspektiv yox idi. Beynəlxalq ictimaiyyət Kosovo məsələsini nadir, istisna bir hal kimi qəbul etmişdir və bu səbəbdən o, Dağlıq Qarabağ münaqişəsi üçün nə hüquqi, nə də siyasi presedent ola bilməzdi.
[1] Borgen, “Is Kosovo a precedent?”.
[2] Antidze, Margarita, & Mkrtchyan, Hasmik, “Kosovo “will boost Karabakh recognition drive”, Reuters, 16 fevral 2008-ci il; (http://www.reuters.com/article/2008/02/17/us-kosovo-serbia-armenia-idUSL166671420080217). İstifadə tarixi: 5 dekabr 2024-cü il.
[3] Borgen, “Is Kosovo a precedent?”.
[4] Yenə orada.
[5] Cooley, Alexander, “Kosovo’s Precedents The Politics of Sovereign Emergence and its Alternatives”, PONARS Eurasia Policy Memo, No. 7, 2008. – s. 2–3.
[6] Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, “1244 saylı Qətnamə”, s/RES/1244, 1999.
[7] “US says Kosovo no precedent for Nagorno-Karabakh”, Reuters, 5 mart 2008-ci il; (http://www.reuters. com/article/2008/03/05/idUSN05631761). İstifadə tarixi: 4 yanvar 2014-cü il.
[8] Borgen, “Is Kosovo a precedent?”.
[9] Zeynalov, Mahir, “Nagorno-Karabakh and Kosovo: Politically Precedent, Legally Different”, Caucasian Edition: Journal of Conflict Transformation, 15 sentyabr 2010-cu il.
[10] a.k.ə. 1244 saylı Qətnamə”.