1804-cü ilin yanvar ayında uzun sürən mühasirədən sonra Gəncə xanlığı Rusiya tərəfindən işğal edilmiş, Gəncə xanı Cavad xan və oğlu Gəncə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdular. Şəhərin alınmasından sonra general Qulyakov Car-Balakəndən Gəncəyə göndərildi. 1804-cü ilin mart ayında rus çarı I Aleksandrın həyat yoldaşı Yelizavetanın şərəfinə Gəncənin adı dəyişdirilərək Yelizavetpol adlandırıldı.[1]
Rusların Azərbaycana yürüşü Osmanlı və İran ilə münasibətləri daha da kəskinləşdirdi. Osmanlı dövləti, 1798-ci ildə Rusiya ilə bağladığı sazişə görə susqunluğunu sürdürmək məcburiyyətində idi.[2] İran isə Cənubi Qafqazda Rusiya təcavüzü ilə üzləşmişdi. Qacar imperiyası bəzi Azərbaycan xanları ilə müttəfiq olsa da, hələ də regionda Rusiya imperiyasına qarşı dura bilmək üçün yeni və güclü müttəfiq arayışında idi. Bu zaman Avropa dövlətləri, xüsusilə İngiltərə, Yaxın Şərqdə mənafeyinə zidd olduğu üçün Rusiyanın cənuba doğru irəliləməsindən narahat idi. Beləliklə, Avropa imperiyaları 1804-cü ildə başlayan Rusiya-İran müharibəsində Qacarları dəstəkləyirdilər. [3]
Bu dövrdə əksər Azərbaycan xanlıqları kimi Qarabağ xanlığı da tarixin ciddi sınağı ilə üz-üzə qalmışdı. Müstəqil davranmağa çalışan İbrahimxəlil xan İran və Rusiya arasında seçim etmək məcburiyyətində idi. Xanlığa bu illərdə vəzirlik etmiş Mirzə Camal Cavanşirin yazdığına görə İran ordusu Tuğ kəndi yaxınlarında ruslara məğlub olduqdan sonra, Qacar şahı Fətəli şah xana elçi göndərərək Rusiyaya qarşı ittifaq yaratmağı təklif etmişdi.[4] Bu dövrdə Rusiya İmperiyasının elçiləri də Şuşaya tez-tez gəlib gedirdilər. İbrahimxəlil xan mövcud siyasi vəziyyəti uzun-uzadı götür-qoy etdikdən sonra, rus işğalının qaçınılmaz olduğuna qərar verdi. Əslində o, Gəncə qətliamının Qarabağda təkrarlanacağından ehtiyat edirdi. Bundan başqa rus ordusunda xidmət edən zabitlərdən bir çoxunun erməniəsilli olması səbəbi ilə, Qarabağ xəmsə məliklərinin ona xəyanət edəcəyindən də çəkinirdi.[5]
Rusların Qarabağa hücum etməyə hazırlaşdığı bir zamanda İbrahimxəlil xan son qərarını verərək Rusoua İmperiyasının Qafqaz ordusunun baş komandanı, general Sisianovla görüşmək istədiğini bildirdi. General Sisianovla İbrahimxəlil Xanın bu görüşü nəticəsində 1805-ci il mayın 14-də Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında 11 maddəlik Kürəkçay müqaviləsi imzalandı.[6] Beləliklə, bu müqavilə ilə Qarabağ xanlığı müstəqilliyini itirərək Rusiyanın himayəsi altına girmiş oldu. Müqavilənin şərtlərinə görə mayor Lisianoviçin başçılığı altında 500 rus əsgəri Şuşaya yerləşdirildi. Onlara Qarabağ xanlığı daxilində bütün məsələlərə müdaxilə etmək hüququ verildi. Eyni zamanda Rusiya İmperiyası hökuməti tərəfindən İbrahimxəlil xana general leytenant, xanın oğulları Məhəmmədhəsən Ağaya və Mehdiqulu bəyə isə, general mayor rütbələri verildi.[7]
[1] a.k.ə. Bakıxanov, A.A. Gülüstani-İrəm. – s. 193. Həmçinin bax: a.k.ə. Əsədov, F., Kərimova, S. Çarizmi Azərbaycana gətirənlər. – s. 56. Həmçinin bax: Bala, M. Gence // İslam Ansiklopedisi. – İstanbul. – c. 4. – 1988. – s. 764–765.
[2] Uçarol, R. Siyasi Tarih (1789–1994). – İstanbul: Filiz yayınevi. – 1995. – s. 84–85.
[3] a.k.ə. Azərbaycan tarixi: [7 cilddə]. – Bakı: Elm. – c. 4. – 2007. – s. 20–21. Həmçinin bax: Umudlu, V. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və müstəmləkəçilik əleyhinə mübarizə (1801–1828). – Bakı: Elm. – 2004. – s. 49.
[4] a.k.ə. Qarabaği, M.C.C. Qarabağ tarixi – s. 133–134.
[5]. a.k.ə. Əsədov, F., Kərimova, S. Çarizmi Azərbaycana gətirənlər. – s. 45.
[6] a.k.ə. Bakıxanov, A.A. Gülüstani-İrəm. – s. 194. Həmçinin bax: a.k.ə. Adıgözəl bəy, M. Qarabağnamə. – s. 71. Həmçinin bax: a.k.ə. Qarabaği, M.C.C. Qarabağ tarixi. – s. 135.
[7] a.k.ə. Bakıxanov, A.A. Gülüstani-İrəm. – s. 194. Həmçinin bax: a.k.ə. Qaradaği, H. Qarabağ vilayətinin qədim və cədid keyfiyyəti və övzaları – s. 135.