Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında Madrid prinsiplərinin rolu nədən ibarət idi?

Madrid prinsipləri ATƏT-in 2007-ci ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilən nazirlər konfransında ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim etdikləri saziş planı idi. Madrid prinsipləri Praqa prosesinə əsaslanan və 2006-cı ilin iyununda ictimaiyyətə açıqlanan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinə əsasən irəli sürülmüş sülh təşəbbüsünün davamı hesab edilirdi.[1] Bu, dövlətlərarası razılaşmalar və sazişlər üzrə baza kimi xidmət göstərən beynəlxalq qanunların əsas sənədi olan ATƏT-in Helsinki Yekun Aktının tənzimləyici hüquqi müddəalarına əsaslanan 1994-cü il atəşkəs sazişindən sonra münaqişə tərəfləri arasında sülh danışıqları nəticəsində ortaya çıxan yeganə sənəd idi.

Prinsiplər aşağıdakılara əsaslanan “mərhələli paket” sülh təklifindən ibarət idi:

  • Kəlbəcər rayonu və Ermənistanla Dağlıq Qarabağı birləşdirən strateji Laçın dəhlizi də daxil olmaqla, Dağlıq Qarabağa bitişik Azərbaycan torpaqlarından erməni qüvvələrinin mərhələli çıxarılması;
  • Əvvəllər işğal olunmuş ərazilərin demilitarizasiyası, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi;
  • Minaların təmizlənməsi, yenidənqurma işlərinin görülməsi və münaqişənin təsirini aradan qaldırmaq üçün tədbirlərin görülməsi, məcburi köçkünlərin öz evlərinə qaytarılması prosesinin sürətləndirilməsi;
  • Bakıdakı mərkəzi Azərbaycan hökuməti ilə birlikdə Dağlıq Qarabağ əhalisi arasında regionun gələcək statusunu müəyyən etmək üçün referendumun keçirilməsi.[2]

Prinsiplər Minsk qrupu tərəfindən təqdim edildikdən sonra tərəflər bəzi məqamlarda razılığa gəldilər. Lakin çıxılmaz vəziyyət son məsələdə, yəni Dağlıq Qarabağın yekun statusu ilə bağlı məsələdə yarandı. Azərbaycan tərəfi Dağlıq Qarabağın tamamilə Azərbaycandan ayrılmasına qarşı çıxaraq yalnız yüksək muxtariyyət səviyyəsinin verilməsi ilə razılaşırdı.[3] Bununla bağlı, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də ikinci prezidentlik müddətinin başlanması zamanı bildirmişdi: “Qarabağ heç bir zaman müstəqil olmayacaqdır. Azərbaycan bunu heç bir zaman tanımayacaqdır. Nə 5 ildə, nə 10 və ya 20 ildə. Heç vaxt”.[4]

Digər tərəfdən, Ermənistan Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə hüququnu tələb edirdi. Buna görə də 2008-ci il oktyabrın 27-də Ermənistan Prezidenti Serj Sarkisyan Ermənistan İctimai Televiziyasına bildirmişdi: “Əgər Azərbaycan Prezidenti Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa, Dağlıq Qarabağın Ermənistanla quru sərhədi olarsa, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin edərsə, Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür”.[5]

Madrid prinsipləri çərçivəsində Dağlıq Qarabağın yekun statusu haqqında Azərbaycan və Ermənistanın yuxarıda göstərilən arqumentlərinə gəlincə, Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasiye martın 24–27-də Vyanada keçirilən Azərbaycan-Ermənistan Sülh Forumu zamanı demişdi: “Dağlıq Qarabağın statusu üzrə indi razılığa gəlmək mümkün deyil , çünki münaqişənin həlli ilə bağlı təklif olunan yolların heç biri, yəni Qarabağın müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınması və onun Azərbaycana geri qaytarılması hazırda qeyri-mümkündür”.[6]

Buna görə də Minsk qrupunun həmsədrləri 2009-cu ildə Dağlıq Qarabağın yekun statusu ilə bağlı hər iki tərəfin arqumentləri əsasında ağlabatan kompromis təklif edən Madrid Prinsiplərinin yeni­lənmiş variantını hazırlamışdılar. Bu prinsiplər: öz müqəd­dəratını təyinetmə, ərazi bütövlüyü, güc tətbiq etməkdən çəkinmə.


[1] Potier, T. Nagorno-Karabakh: Ever Closer to a Settlement, Step-by-Step [in OSCE Yearbook 2009]. – Nomos. – 2010. – s. 205–206.

[2] Fuller, L. – Russia To Host Talks Between Armenian, Azerbaijani Presidents // Radio Free Europe/Radio Liberty, 1 noyabr 2008-ci il; (http://www.rferl.org/content/Russia_To_Host_Talks_Between_Armenian_Azerbaijani Presidents/1337251.html). İstifadə tarixi: 3 dekabr 2024-cü il.

[3] a.k.ə. Potier, T. – 2010. – s. 206

[4] a.k.ə. Fuller, L. – 2008.

[5] a.k.ə. Fuller, Liz. – 2008.

[6] Khachatrian, Haroutiun, “Armenia and Azerbaijan: OSCE Wants Civil Society Groups to Help Karabakh Peace Process,” EURASIANET.org, 1 aprel 2009-cu il. Götürülmüşdür; Abilov, “OSCE Minsk Group. – s. 154.