Moskva Bəyannaməsinin münaqişə tərəflərinə nə kimi təsiri oldu?

Bəzi analitiklər aşağıdakı əsas cəhətlərə görə güya Moskva Bəyannaməsinin ermənilərin qələbəsi hesab edilə biləcəyini bildiriblər. Əvvəla, Moskva bəyannaməsini imzalamaqla tərəflər qəbul edilmiş beynəlxalq normalar və prinsiplər, o günə qədər qəbul olunmuş qərar və sənədlər əsasında münaqişənin sülh yolu ilə həlli üçün ümumi razılığa gəlmişlər. Eyni zamanda, bu bəyannamə vasitəsilə onlar regionda təhlükəsizliyi və sabitliyi təmin etməyə söz verirdilər. Analitiklərə görə bu bəyannamə ilə Dağlıq Qarabağ probleminin həllində ATƏT-in Minsk qrupunun uğursuzluqları ilə əlaqədar münaqişənin həlli olaraq dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən müharibə variantı öz qanuniliyini itirirdi. Bundan başqa, prezidentlər münaqişənin həllində Madrid prinsiplərinə əsaslanaraq Minsk qrupunun nəzarəti altında danışıqlar prosesinin davam etdiril­məsi barədə razılığa gəlmişdilər. Bu da öz növbəsində Azərbaycanın siyasi və strateji müttəfiqi olan Türkiyənin münaqişənin həlli üçün alternativ sülh təklifini təqdim etməkdə vasitəçilik səyini ləğv edirdi.[1]

Bundan başqa, bu bəyannamə vasitəsilə prezidentlər münaqişənin sülh yolu ilə həll edilməsinin qanunla məsuliyyət tələb edən beynəlxalq zəmanətlərin müşayiəti ilə həyata keçirilməli olduğunu bildirirdilər. Ermənistan Madrid prinsiplərinə əsasən işğal olunmuş yeddi rayondan öz hərbi qüvvələrini çıxaracağı təqdirdə Azərbaycanın referendum yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsini əngəlləyəcəyindən narahat idi. Buna görə də Ermənistan yekun statusun məlum olmasından əvvəl öz qüvvələrini geri çəkməkdən imtina edirdi. Bununla Ermənistan ümid edirdi ki, Azərbaycanın Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən digər işğal edilmiş rayonlarından öz hərbi qüvvələrini geri çəkərsə, Azərbaycan bu bəyannamə ilə “qanunla məsuliyyət tələb edən beynəlxalq zəmanətlər” prinsipinə əməl edəcəkdir.[2]

Ümumiyyətlə, çox ehtimal ki, 2008-ci il tarixli Rusiya-Gürcüstan münaqişəsi fonunda Azərbaycanın milli maraqları üçün əlverişsiz olan bu müddəalarla razılaşmalı olduğu qeyd edilirdi. Robert Śmigielskinin sözlərinə görə “ölkə dövlətlərin ərazi bütövlüyü ilə əlaqədar istinadı sənədə əlavə edə bilməmiş, silahlı qüvvələrdən istifadə etməkdən imtina etmiş və referendum yolu ilə Qarabağın tamamilə itirilməsinə razılaşmışdır”.[3]

Lakin Azərbaycan elan etmişdir ki, Moskva Bəyannaməsi ona münaqişəni öz ərazi bütövlüyü əsasında həll etmə şansı verir. Bakının nöqteyi-nəzərindən bütün bu illər ərzində heç bir beynəlxalq təşkilat və ya regional qurum tərəfindən qəbul edilmiş elə bir sənəd yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasın. Belə ki, münaqişənin başlanmasından bəri ATƏT, BMT, Avropa Şurası, İKT və digər təşkilatlar tərəfindən qəbul edilmiş bütün sənədlər münaqişəni Azərbaycanın ərazi bütövlüyü əsasında həll etmək lazım olduğunu vurğulamışdır.

Buna görə də münaqişəni beynəlxalq hüququn norma və prinsiplərinə, qərar və bəyannamələrə əsasən həll edilməsini qeyd edən Moskva Bəyannaməsinin müddəaları Azərbaycan üçün bir imtiyazdır. Bundan başqa, Bəyannamə sözdə “Dağlıq Qarabağ Respublikası”nın münaqişənin və eyni zamanda Azərbaycan və Ermənistan arasında imzalanmış Moskva Bəyannaməsinin danışıqlar prosesinin mövzusu olmadığını təsdiq etmişdir. Bu məqam beynəlxalq ictimaiyyətə göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi Dağlıq Qarabağ erməniləri ilə Azərbaycan arasında dövlətdaxili münaqişə deyil. Lakin iki qonşu Cənubi Qafqaz dövləti arasında dövlətlərarası münaqişə olduğunu və məhz Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal edərək yüz minlərlə mülki azərbaycanlını tarixi yaşayış yerlərindən didərgin saldığını göstərmişdir. Bəyannamənin birinci maddəsində həmçinin göstərilir ki, münaqişənin siyasi yolla həlli “Azərbaycan və Ermənistan arasında birbaşa dialoqların davamı” olaraq həyata keçiriləcəkdir. Bu baxımdan, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bildirmişdir ki, bu Bəyannamə ilə “Dağlıq Qarabağ həmişəlik olaraq münaqişə tərəfi olmaq şansını itirmişdir”.[4] Müvafiq olaraq, Moskva Bəyannaməsini imzaladıqdan dərhal sonra, Azərbaycan Respublikasının pre­zidenti İlham Əliyev Bəyannamənin münaqişənin həlli üçün müharibə variantını istisna etmədiyini bildirmişdi. O, qeyd etmişdi ki, “sənəddə Azərbaycanın münaqişəni hərbi yolla həll etməsini qadağan edən heç bir müddəa yoxdur”.[5]

Nəticədə, bu bəyannamə münaqişə tərəflərindən daha çox Rusiyanın maraqlarına xidmət edirdi. Qeyd edilməlidir ki, 1994-cü ilin mayında imzalanmış atəşkəs sazişindən sonra bu, Azər­baycan və Ermənistan Respublikalarının prezidentləri arasında imzalanmış ilk sənəd idi ki, Minsk qrupunun həmsədr ölkələrinin iştirakı olmadan Rusiyanın təktərəfli təşəbbüsü ilə başlanmışdı və Rusiya yenidən “sülh prosesini” öz təsir dairəsində həll etməyə çalışırdı.[6] Bu, həm də şübhəsiz media uğuru və Moskva üçün yaxşı piar hesab olunurdu, çünki bununla dünyaya Rusiyanın Cənubi Qafqazdakı münaqişələrin həllinin tərəfdarı olduğu fikri təqdim edilirdi. Bununla yanaşı, Rusiya 2008-ci ilin avqustunda Rusiya və Gürcüstan arasında beş gün davam edən müharibə nəticəsində xələl gəlmiş nüfuzunu regionda sülhün təminatçısı kimi Qərb ölkələrinin gözündə bərpa etmək istəyirdi.[7]


[1] Fuller, Liz, “‘Moscow Declaration’ A Victory for Armenia”, Radio Free Europe/Radio Liberty, 3 noyabr 2008-ci il; (http://www.rferl.org/content/Moscow_Declaration_A_Victory_For_Armenia/1337592.html). İstifadə tarixi: 3 dekabr 2024-cü il.

[2] a.k.ə. Fuller, Liz. – 2008.

[3] Śmigielski, Robert, “Prospects for Nagorno-Karabakh Settlement Following the Russia–Georgia Conflict”, The Polish Institute of International Affairs BULLETIN, No. 10 (10), 16 fevral 2009-cu il. – s. 20.

[4] Ismailzade, Fariz, “Moscow Declaration on Nagorno-Karabakh: A View from Baku”, Turkish Policy Quarterly, Vol. 7, No. 3, Fall 2008. – s. 70–71.

[5] a.k.ə. Ismailzade, F. – 2008. – s. 73.

[6] Abbasov, Shahin, “Azerbaijan: Reaction in Baku Muted to Moscow Declaration on NagornoKarabakh”, EURASIANET.org, 2 noyabr 2008-ci il; (http://www.eurasianet.org/departments/insight/articles/eav110308.shtml). İstifadə tarixi: 3 dekabr 2024-cü il.

[7] a.k.ə. Ismailzade, F. – 2008. – s. 69–70.