Keçmiş Dağlıq Qarabağ münaqişənin həllində qondarma “Dağlıq Qarabağ Respublikası”nın mövqeyi necə idi?

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ATƏT-in Minsk qrupu çərçivəsində təqdim edilən “Beyker qaydaları”nın şərtlərinə əsasən müəyyən edilmişdi. Həmin qaydalara əsasən Dağlıq Qarabağın erməni icması münaqişədə “maraqlı tərəf” kimi qəbul edilirdi. Lakin məsələnin həlli prosesinin başlanğıcında Dağlıq Qarabağın erməni icması (sonralar özlərini “Dağlıq Qarabağ Respublikası” adlandırdılar) danışıqlarda bilavasitə iştirakının təmin olunmasında israr edirdi. Onlar iddia edirdilər ki, bütün tərəflərin iştirakı olmadan münaqişənin həllində heç bir nailiyyət əldə etmək mümkün olmayacaqdır. İkinci Qarabağ müharibəsinə qədər Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nın danışıqlara daxil olunma niyyətini dəstəkləyirdi. Azərbaycan isə hələ də sülh yaradılmasının ilkin mərhələlərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın iştirakını rədd edir, lakin tərəflər Əsas Prinsiplər barədə razılığa gəldikləri təqdirdə növbəti mərhələdə onun iştirakını istisna etmirdi.[1]

İkinci Qarabağ müharibəsinə qədər “Dağlıq Qarabağ Respublikası” ehtimal olunan muxtariyyətin hər hansı bir forması çərçivəsində Azərbaycanın tərkibində olmağı rədd edirdi. Buna cavab olaraq Dağlıq Qarabağ əhalisinin 1991-ci il referendumu ilə öz suverenliyini müəyyən etdiyini vurğulayırdı.[2] Qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəsmiləri referendum və müstəqilliyin elan olunması ilə bağlı bütün proseslərin Sovet İttifaqı və beynəlxalq hüquq qanunvericiliyinə əsaslandığını iddia edirdilər.[3] Bundan əlavə, İkinci Qarabağ müharibəsinə qədər qondarma “Dağlıq Qarabağ Respublikası” de-fakto müstəqil bir dövlət kimi mövcudluğunu davam etdirmiş və həmin ərazilərdə Azərbaycanın suverenliyi altında heç vaxt yaşamamış yeni bir erməni nəsli yetişmişdi. Buna görə də qondarma “Dağlıq Qarabağ Respublikası”nın hakimiyyəti iddia edirdi ki, sülh prosesində hər hansı bir nailiyyətə nail olmaq üçün ərazi bütövlüyü prinsipləri münaqişənin həllində ilkin şərt ola bilməzdi. Qondarma “Dağlıq Qarabağ Respublikası” rəsmi olaraq keçmiş DQMV və Şaumyan rayonunun əraziləri üzərində suverenliyini iddia edərək Azərbaycanın işğal olunmuş yeddi rayonunun torpaqları isə “təhlükəsizlik kəmər”i kimi müəyyən olunmuşdu və bu ərazilərin Azərbaycana qaytarılması danışıqlar mövzusu idi.[4]

Məcburi köçkünlərin öz evlərinə qayıtması münaqişənin mürəkkəb tərəfi idi. Birinci Qarabağ müharibəsinə qədər bütün məcburi köçkünlərin 80%-dən çoxu Ermənistanın müharibə nəticəsində işğal etdiyi yeddi Azərbaycan rayonunda, qalan 20%-i isə DQMV-də yaşayırdı. Qeyri-legitim qurumun rəsmi hakimiyyət orqanları azərbaycanlıların Dağlıq Qarabağa, xüsusən də müharibədən əvvəl tamamilə azərbaycanlıların məskunlaşdığı Şuşa şəhərinə repatriasiyasını qeyri-mümkün hesab edirdi.[5] Ermənistan rəsmi olaraq Azərbaycanın işğal olunmuş yeddi rayonu üzərində suverenlik iddiası irəli sürməsə də, 2000-ci ildən başlayaraq işğal olunmuş ərazilərdə dünyanın müxtəlif ölkələrindən olan ermənilərin məskunlaşdırılması proqramını həyata keçirirdi.[6] Ermənistanın işğal olunmuş ərazilərdə həyata keçirdiyi bu “köçürmə proqramı”nı Azərbaycan təkcə beynəlxalq hüququn prinsiplərinin pozulması kimi deyil, həm də münaqişənin həlli prosesinə ciddi maneə kimi qiymətləndirmişdir.

Danışıqlar prosesinə gəlincə, məsələnin həlli prosesində ATƏT-in Minsk qrupu təşəbbüslərinin uğursuz olmasına baxmayaraq, qondarma “Dağlıq Qarabağ Respublikası” bu təşkilatın vasitəçilik rolunu dəstəkləyirdi.[7] Bundan başqa, icmalar arasında düşmənçiliyi yumşaltmaq üçün, tanınmamış dövlət müxtəlif proqramlar təşkil etməklə potensialının artırılması üçün tədbirlər görmək niyyətində idi.[8] Rəsmi səviyyədə qondarma rejim İkinci Qarabağ müharibəsinə qədər münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə edəcəyini vurğulasa da, hərbi potensialını gücləndirməkdə davam edirdi. Onun Birinci Qarabağ müharibəsində Ermənistanla birgə qələbəsi qondarma “Dağlıq Qarabağ Respublikası” üçün güc mənbəyi olmuşdur. Bununla belə, eyni zamanda, müharibənin yenidən alovlana biləcəyi qorxusu rəsmi hakimiyyət orqanlarının öz qələbəsinə inamsızlıq göstərməsi demək idi.[9]

Beləliklə, danışıqlar prosesində birbaşa iştirak etmədikcə nəyəsə nail olmağın qeyri-mümkün olduğuna inanan qondarma “Dağlıq Qarabağ Respublikası” üçün münaqişənin həllində birinci vəzifə regionun statusunun müəyyən edilməsi idi. Bundan əlavə, qondarma “Dağlıq Qarabağ Respublikası” təkid edirdi ki, Azərbaycanın ərazi bütövlüyü münaqişənin həlli üçün ilkin şərt olmamalıdır, çünki Qarabağdakı ermənilər heç vaxt Azərbaycanın suverenliyi altında yaşamağa razı olmayacaqdılar.


[1] a.k.ə. Pashayeva, Gulshan & Göksel, Nigar. – 2011. – s. 23.

[2] a.k.ə. Declaration on State Independence: Proclamation of the Nagorno Karabakh Republic”.

[3] “Independence or Reunification?”, Office of “NKR” in Washington D.C.; (http://www.nkrusa.org/nk_conflict/independence_or_reunification.shtml). İstifadə tarixi: 1 yanvar 2014-cü il.

[4] a.k.ə. Declaration on State Independence: Proclamation of the Nagorno Karabakh Republic”.

[5] Lynch, “Separatist States and post Soviet conflicts,” s. 837.

[6] Harutyunyan, Melania, “Deputy Prime Minister of Artsakh spoke about the resettlement of Artsakh,” Arovat, 27 iyul 2013-cü il; https://www.aravot-en.am/2013/07/27/155729/. İstifadə tarixi: 5 dekabr 2024-cü il.

[7] “Prospects for Peace”, The Office of “NKR” to Washington D.C.; (http://www.nkrusa.org/nk_ conflict/prospects_peace.shtml). İstifadə tarixi: 2 yanvar 2014-cü il.

[8] a.k.ə. Prospects for Peace”.

[9] a.k.ə. Lynch, D. – 2002. – s. 840.