ATƏT-in Minsk qrupunun, xüsusilə Rusiya, ABŞ və Fransa kimi həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsi üzrə sülh vasitəçiliklərinin uğursuz nəticələri münaqişə tərəflərini və elm adamlarını bu barədə müzakirələr aparmağa sövq etmişdir. İddia olunurdu ki, “Troyka” ölkələri ATƏT-in Minsk Qrupunun həmsədrləri rolunu öz üzərinə götürəndə məqsəd davam edən danışıqlar prosesi üçün forum yaratmaq və münaqişənin sülh yolu ilə həllinə nail olmaqdansa, regionda öz milli maraqlarını qorumaq naminə sabitliyi saxlamaqdan ibarət idi.
Danışıqlar prosesində iştirak etməklə Rusiya əsas regional oyunçulardan biri kimi öz hegemonluğunu gücləndirmək və özünün “yaxın xaric”ində (near abroad) milli maraqlarını qorumaq üçün regional məsələlərdə fəal rol oynamaq istəyirdi.[1] Bu, Minsk qrupu tərəfindən vasitəçilik prosesinə cəlb olunarkən Rusiyanın regionda heç bir beynəlxalq təşkilatın onun maraqlarını sarsıtmağa imkan verməməsi ilə özünü ilk dövrdə aydın şəkildə göstərdi. Birtərəfli vasitəçilik cəhdləri və Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan arasında atəşkəs sazişinin imzalanması Rusiyanın bu məqsədini göstərmək üçün aydın nümunədir.[2] Digər tərəfdən, ABŞ-nin regiondakı əsas maraqları öz siyasi və iqtisadi təsirini genişləndirmək və neft istehsalı və nəqliyyatı marşrutlarını diversifikasiya etmək ümidi ilə bağlı idi.[3] 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ Yaxın Şərqdəki maraqları baxımından bölgəyə mühüm geosiyasi məkan kimi baxmağa başlamışdı. Buna görə də regionda öz hərbi varlığını gücləndirməyə və regionun yeni müstəqil dövlətləri ilə hərbi əməkdaşlıq qurmağa başlamışdı.[4] Fransa isə öz növbəsində Avropa Birliyinin maraqlarını təmsil edirdi, çünki regionun əsas iqtisadi problemlərinin həlli məqsədilə Avropanın vasitəçiliyi tələb olunurdu.[5]
Eyni zamanda, böyük erməni diasporasına malik olmaqla yanaşı, bu ölkələr Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın mövqeyini dəstəkləyən ölkələrdən idilər. Ermənistanın əsas siyasi və hərbi müttəfiqi olan Rusiya Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın əsas tərəfdarı olmaqla yanaşı, Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak etmiş və Xocalıda yerli azərbaycanlıları qətlə yetirmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, Ermənistan Sovet İttifaqının tənəzzülündən sonra regionda öz siyasi və hərbi maraqlarını qorumaq üçün Rusiyanın təşəbbüsü ilə təsis edilmiş hökumətlərarası hərbi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Bununla yanaşı, Rusiyanın Ermənistanın Gümrü şəhərində hərbi bazası vardır.[6]
Digər tərəfdən, Birinci Qarabağ müharibəsi zamanı ABŞ Ermənistanı dəstəkləyərək Azərbaycanı “təcavüzkar” ölkə kimi tanımışdır. Ermənistan lobbisinin köməyi ilə ABŞ Konqresi ABŞ-nin “Azadlığa Dəstək Aktı” altında Azərbaycana hökumət yardımı göstərməsini məhdudlaşdıran 907-ci Düzəlişi qəbul etmişdir. ABŞ Konqresinin bu ədalətsiz qərarı ABŞ Prezidenti Corc V. Buş tərəfindən Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığa görə ləğv edilənə kimi, yəni 2001-ci ilə kimi davam etmişdir. Bununla belə, bu o demək deyildir ki, ABŞ Konqresi “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişi üzrə siyasətini yenidən bərpa edə bilməz. Fransaya gəldikdə isə qondarma “erməni soyqırımı”nın tanınmasında Ermənistanın apardığı “müqəddəs müharibənin” ən sadiq tərəfdarı kimi özünü tanıtmışdır.
Bütün bu faktlara əsasən Azərbaycan Ermənistan diasporunun mövcud olduğu və ermənilərin güclü təsirə malik olduğu Rusiya, Fransa və ABŞ kimi ölkələrin həmsədrlik etdiyi Minsk qrupunun tərəfsizliyi haqqında məsələ qaldırmışdır. Buna görə də Bakı Minsk qrupu ölkələrini Ermənistanın tərəfdaşı olaraq “arxadan zərbə vuranlar” kimi görür.[7] Bu baxımdan Azərbaycan Minsk qrupundan həmsədr ölkələri münaqişənin həllində tərəfdaşlığın qarşısını almağa, vasitəçiliyin əsas prinsiplərindən biri olan vasitəçi ölkələrin qərəzsizliyini təmin etməyə və ya münaqişə ölkələrinin maraqlarını bərabər şəkildə qorumağa çağırır.
[1] Cornell, S.E. Small Nations and Great Powers: Study of Ethnopolitical Conflict in the Caucasus. – RoutledgeCurzon. – 2001. – s. 99.
[2] a.k.ə. Cornell, S.E. . – 2001. – s. 99.
[3] a.k.ə. Volker, J. – 2005. – s. 31.
[4] Laruelle, M. , Peyrouse, S. The Militarization of the Caspian Sea: “Great Games” and “Small Games” Over the Caspian Fleets // China and Eurasia Forum Quarterly, Vol. 7, No. 2. – s. 29.
[5] a.k.ə. Nuriyev, Elkhan. – 2011.
[6] Kucera, Joshua, “Russia Announces Upgrades To CSTO Military Presence In Armenia”, EURASIANET.org, 4 iyul 2013-cü il; (http://www.eurasianet.org/node/67216). İstifadə tarixi: 14 oktyabr 2013-cü il.
[7] Ismailzade, Fariz, “Azerbaijan’s Relations with Minsk Group Hit New Low”, Eurasia Daily Monitor, Vol. 5, Issue 57, 2008. Götürülmüşdür;(http://archive.is/ya0k). İstifadə tarixi: 14 oktyabr 2013-cü il.