Osmanlı hakimiyyəti dövründə Qarabağın inzibati-ərazi bölgüsü və etnik tərkibi necə idi?

Qanuni Sultan Süleyman (1520-1566) dövründə Azərbaycana dörd hərbi yürüş təşkil olunsa da, Təbrizin üç dəfə ələ keçirilməsinə baxmayaraq, Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan ərazisini ələ keçirmək Osmanlılara müəssər olmadı.[1] Buna baxmayaraq, Osmanlı cəmiyyəti, qarabağlı alim və mütəfəkkirlər sayəsində Qarabağı kifayət qədər tanıya bilmişdir. XV əsrin sonları və XVI əsrin birinci yarısında Anadolunun müxtəlif yerlərində və İstanbulda çox sayda qarabağlı alim fəaliyyət göstərmişdir. Bunlara İbrahim Gülşəni (1423-1534), Sənanəddin Yusif (v.t.1516), Məhyəddin Məhəmməd Bərdəi (v.t. 1522), Məhyəddin Məhəmməd Əli Qarabaği (v.t. 1535), Məhəmməd Hafiz (v.t. 1550) və Şəmsəddin Əhməd Qarabaği (v.t. 1600) kimi qarabağlı alimləri misal göstərmək olar.[2]

Qarabağ ilk dəfə III Murad (1574-1595) dövründə, yəni 1590-cı ildə Osmanlı dövləti ilə Səfəvilər arasında imzalanan İstanbul sülh müqaviləsinə əsasən Osmanlı dövlətinin idarəsinə keçdi. 1578-1590-cı illər Səfəvi-Osmanlı müharibələrindən sonra, Osmanlı dövlətinin ələ keçirdiyi Azərbaycan torpaqlarında yaratdığı dörd əyalətdən – bəylərbəylikdən digər üçü (Şirvan, Çuxursəəd, Təbriz) biri də Gəncə-Qarabağ əyaləti idi.[3] Bu əyalətin ərazisi, əsasən Kür və Araz çayları arasındakı ərazini, yəni I Şah İsmayıl dövründə yaradılan və sərhədləri qərbdə Tiflisə qədər uzanan Qarabağ bəylərbəyliyinin ərazisini əhatə edirdi. Osmanlı dövləti Gəncə-Qarabağ əyalətində “torpaqların idarə olunması” haqqında qanuna əsasən vergilərin və bəzi mükəlləfiyyətlərin müəyyən olunması üçün əhalinin və təsərrüfatın qeydiyyatını aparmışdı. 1593-cü ildə Osmanlı dövləti tərəfindən tərtib olunan Gəncə-Qarabağ əyalətinin icmal dəftərində 36 nahiyədən ibarət 7 sancağ qeydə alınmışdır. Qarabağdakı bu sancaq və nahiyələr belə sıralana bilər: Bərdə sancağı (Bərdə, Sir, Pətəklik və İncərud nahiyələri), Otuzikili və Hacılı tayfasının da yaşadığı xaçın sancağı (xaçın, Qaraağac, Ağcəbədi, Dağlıq Çiləbörd, Çiləbörd, Qarqar və Məğaviz nahiyələri), Axıstabad sancağı (Böyükçay, Quzey, Güney, Dağlıq İncə və İncə nahiyələri), Dizaq sancağı (Arasbar, Dağlıq Dizaq və Dizaq nahiyələri), Həkəri sancağı (Keştasf, Həkəri, Zarıs və Alpaut nahiyələri), və Vərəndə adıyla bir nahiyəli Vərəndə sancağı.[4] Bundan əlavə, bu icmal dəftərindəki məlumatlardan XVI əsrin sonlarında Qarabağda yaşayan əhalinin daha çox Azərbaycan türklərinə məxsus tayfa və oymaqlardan ibarət olduğu görünür.

XVII   əsrin əvvəllərində Azərbaycan uğrunda Səfəvi-Osmanlı müharibəsi yenidən başladı və 1606-cı ildə Qarabağ ərazisi azad edildi. 1612-ci ildə imzalanan İstanbul sülh müqaviləsinə görə, 1555-ci il Amasya müqaviləsinin şərtləri bərpa edildi və Qarabağ ərazisi Azərbaycan Səfəvi dövlətinin tərkibində qaldı. XVIII əsrin 20-ci illərinə qədər AzərbaycanOsmanlı münasibətləri ictimai-iqtisadi və mədəni sahədə xeyli inkişaf etmişdir. Bu dövrdə daha çox Qarabaği Əhmədzadələr ailəsi, Qarabaği İshaq Əfəndi (v.t. 1646) və oğlu Beyrut və Misir qazisi olmuş Məhəmməd Saleh b. İshaq Zuhuri (v.t.-1673) kimi tanınmış qarabağlı alimlərin fəaliyyəti bu əlaqələrin inkişafına öz töhfəsini vermişdir.[5] XVII əsrin ortalarında Azərbaycana gəlmiş məşhur Osmanlı səyyahı Övliya Çələbinin “Səyahətnamə”sində də Qarabağ haqqında kifayət qədər məlumat verilir.[6]

 XVIII əsrin birinci rübündə Səfəvi mirasını bölüşdürmək və Azərbaycan ərazisini işğal etmək üçün Rusiya ilə Osmanlı dövləti arasında rəqabət gücləndi. XVIII əsrin əvvəllərində Osmanlı dövləti Azərbaycanda baş verən hadisələri ciddi nəzarətdə saxlamağa başlayırdı. III Sultan Əhməd (1703-1730) Dağıstan və Şirvan hakimlərinin xahişlərini nəzərə alaraq, Səfəvi dövlətinə qarşı Şirvanda baş verən üsyanı müdafiə edirdi. Bunun məntiqi nəticəsi olaraq Şirvan hakimi Hacı Davud Osmanlı himayəsinə qəbul olundu.

1723-cü ildə Gürcüstana və Azərbaycana yürüş edən Osmanlı ordusu Gəncəni almağa müvəffəq olmadı. Lakin, Osmanlı ordusunun Cənubi Qafqazda irəliləməsi Rusiya ilə Osmanlılar arasında müharibəyə gətirib çıxara bilərdi. Burada üç dövlətin mənafeyi toqquşduğundan Cənubi Qafqaz Rusiya, Səfəvi və Osmanlı dövlətlərinin düyün nöqtəsinə çevrilmişdi. İsveçlə müharibəsini yenicə qurtarmış Rusiya, yeni müharibəyə hazır olmadığı üçün diplomatik vasitələrlə Osmanlı dövləti ilə münasibətləri nizama salmağa təşəbbüs göstərdi. 1724-cü il iyulun 12-də İstanbulda bağlanan müqaviləyə əsasən, Xəzər dənizi sahilləri Ruslara verildi. Azərbaycanın digər ərazilərinin Osmanlıların nəzarətinə keçməsini Rusiya tanımış oldu. Buna görə də, müqavilənin imzalanmasından bir il sonra Tiflis, Təbriz, İrəvan, Gəncə, və Qarabağ Osmanlı dövlətinin nəzarətinə keçdi.[7]

1735-ci ilə qədər Osmanlı dövlətinin tərkibində qalan Qarabağ inzibati cəhətdən yeni yaradılan Gəncə-Qarabağ əyalətinin tərkibində olsa da, inzibati cəhətdən bəzi dəyişikliklərə məruz qaldı. Bununla bağlı ən mühüm məlumatı 1727-ci ildə Osmanlı maliyyə məmurları tərəfindən tərtib olunan və məzmununa, eləcə də verdiyi məlumatlara görə çox qiymətli olan “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”dən əldə etmək mümkündür. Osmanlıların yeni inzibati bölgüsünə əsasən Gəncə-Qarabağ əyaləti 37 nahiyəni birləşdirən 5 livadan (sancaqdan) və iki qəzadan (Gəncə və Lori) ibarət idi. Vilayətdə şəhər kimi Gəncə, Bərdə, Xılxına, qala kimi isə Lori qeydə alınmışdır.

Müfəssəl dəftərdə Qarabağın inzibati idarə sistemi ilə yanaşı, bölgənin icimai-iqtisadi və mədəni həyatı haqqında kifayət qədər məlumat əldə etmək mümkündür. Müfəssəl dəftərdə Qarabağda əhalinin etnik tərkibi haqqında mühüm məlumat öz əksini tapmışdır. Belə ki, dəftərdə qeyd olunan 1.178 kənddən yalnız 25-nin adı erməni kəndi kimi göstərilmişdir. Burada qeyd olunan məlumatlardan aydın olur ki, Osmanlı-Səfəvi müharibəsi zamanı Qarabağın türk-müsəlman əhalisinin 40%-ə qədəri ata-baba yurdlarını tərk etməyə məcbur qalmışdı. Vergidən azad olduqları üçün vergi siyahısında adı qeyd olunmayan din xadimləri, ordu mənsubları və döyüşlərdə ölən əsgərlərin sayını nəzərə alsaq, XVIII əsrin əvvəllərində Qarabağda yaşayan ermənilər də daxil olmaqla qeyri müsəlmanların sayı 20%-i keçməmişdir.[8]

Rusiya və Osmanlı dövləti tərəflərindən ələ keçirilmiş Azərbaycan ərazisi XVIII əsrin birinci yarısında Nadir şah tərəfində azad edilmişdir. Belə ki, 1735-ci ildə Səfəvi-Rusiya və 1736-cı ildə isə Osmanlı dövləti ilə imzalanmış sülhə görə Səfəvi dövlətinin ərazi bütövlüyü bərpa olunmuş və Qarabağ Nadir şahın hakimiyyəti altına keçmişdir.[9]


[1] a.k.ə. Azərbaycan tarixi, C. III (1999), ss. 201-205. Həmçinin bax; Kırzıoğlu, Fahrettin,

Osmanlı’ların Kafkas-Ellerini Fethi (Ankara, Türk Tarih Kurumu, 1998), ss. 243-249.

[2] Süreyya, Mehmed, Sicill-i Osmani, C. I-V, (İstanbul, 1996), ss. 558, 755, 1107, 1514, 1578. Həmçinin bax; Dədəyev, Bilal, “Rus işğalına qədər Qarabağ-Osmanlı dövləti münasibətlərinə dair”, Journal of Qafqaz University, filologiya və pedoqogika, №30 (2010), ss. 100-101.

[3] a.k.ə. Azərbaycan tarixi, C. III (1999), s. 240. Həmçinin bax; Yazıcı, Tahsin, “Safeviler”, İslam Ansiklopedisi, C. X (1988), s. 56

[4] a.k.ə. Gəncə-Qarabağ əyalətinin müfassəl dəftəri (2000), ss. 5-6.

[5] a.k.ə. Süreyya, Mehmed (1996), s. 804, 1011, 1260, 1645, 1718; Kahraman, Asiye, İshakzade Zuhuri Divanı inceleme-metin (Selçuk Üniversitesi, Sosyal Bilimler Enstitüsü nəşr olunmamış magestratura işi, Konya, 2002).

[6] a.k.ə. Çelebi, Evliya (1314), ss. 235-242.

[7] a.k.ə. Azərbaycan tarixi, C. III (1999), ss. 362-365.

[8] a.k.ə. Gəncə-Qarabağ əyalətinin müfassəl dəftəri (2000), ss. 3-22.

[9] Minorsky, V., “Nadir”, İslam Ansiklopedisi, C. Ix (İstanbul, 1988), s. 24.