Qərbdə Qanuni Süleyman kimi tanınan Sultan Süleymanın (1520–1566) hakimiyyəti dövründə Osmanlı imperiyası Azərbaycana dörd hərbi müdaxilə təşkil etmişdi. Bu basqınlar zamanı Təbrizin üç dəfə ələ keçirilməsinə baxmayaraq, Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan ərazisini ələ keçirmək Osmanlılara müyəssər olmadı.[1] Buna baxmayaraq, Osmanlı cəmiyyəti, qarabağlı alim və mütəfəkkirlər sayəsində Qarabağı kifayət qədər tanıya bilmişdir. XV əsrin sonları və XVI əsrin birinci yarısında Anadolunun müxtəlif yerlərində və İstanbulda çox sayda qarabağlı alim fəaliyyət göstərmişdir, bunlara İbrahim Gülşəni (1423–1534), Sənanəddin Yusif (v.t. 1516), Məhyəddin Məhəmməd Bərdəi (v.t. 1522), Məhyəddin Məhəmməd Əli Qarabaği (v.t. 1535), Məhəmməd Hafiz (v.t. 1550) və Şəmsəddin Əhməd Qarabaği (v.t. 1600) kimi qarabağlı alimləri misal göstərmək olar.[2]
Qarabağ ilk dəfə Sultan III Muradın dövründə (1574–1595), Osmanlı və Səfəvi imperiyaları arasında 1590-cı ildə imzalanmış İstanbul Sülh Müqaviləsi ilə Osmanlı imperiyasının hakimiyyəti altına keçmişdir. 1578–1590-cı illər Səfəvi-Osmanlı müharibələrindən sonra, Osmanlı dövlətinin ələ keçirdiyi Azərbaycan torpaqlarında dörd əyalət (bəylərbəyilik) yaradıldı: Şirvan, Çuxursəəd, Təbriz və Gəncə-Qarabağ.[3] Gəncə-Qarabağ əyaləti, əsasən Kür və Araz çayları arasındakı və sərhədləri Tiflisə qədər uzanan Qarabağ bəylərbəyiliyinin ərazisini əhatə edirdi. Osmanlı dövləti Gəncə-Qarabağ əyalətində “torpaqların idarə olunması” haqqında qanuna əsasən vergilərin və bəzi mükəlləfiyyətlərin müəyyən olunması üçün əhalinin və təsərrüfatın qeydiyyatını aparmışdı. 1593-cü ildə Osmanlı dövləti tərəfindən tərtib olunan Gəncə-Qarabağ əyalətinin icmal dəftərində 36 nahiyədən ibarət 7 sancaq qeydə alınmışdır. Qarabağdakı bu sancaq və nahiyələr belə sıralana bilər: Bərdə, Sir, Pətəklik və İncərud nahiyələrindən ibarət Bərdə sancağı, Xaçın, Qaraağac, Ağcabədi, Dağlıq Çiləbörd, Çiləbörd, Qarqar və Məğaviz nahiyələrindən ibarət, eləcə də Otuzikili və Hacılı tayfasının da yaşadığı Xaçın sancağı, Böyükçay, Quzey, Güney, Dağlıq İncə və İncə nahiyələrindən ibarət Axıstabad sancağı, Arazbar, Dağlıq Dizaq və Dizaq nahiyələrindən ibarət Dizaq sancağı, Keştasf, Həkəri, Zarıs və Alpaut nahiyələrindən ibarət Həkəri sancağı və Vərəndə adıyla bir nahiyəli Vərəndə sancağı.[4] Bundan əlavə, bu icmal dəftərindəki məlumatlardan XVI əsrin sonlarında Qarabağda yaşayan əhalinin daha çox Azərbaycan türklərinə məxsus tayfa və oymaqlardan ibarət olduğu görünür.
XVII əsrin əvvəllərində Azərbaycan uğrunda Səfəvi-Osmanlı müharibəsi yenidən başladı . İki imperiya arasında gedən müharibə nəticəsində Qarabağ azad edildi və 1606-cı ildə yenidən Səfəvi imperiyasının tərkibinə daxil edildi. 1612-ci ildə imzalanan İstanbul sülh müqaviləsinə görə 1555-ci il Amasya müqaviləsinin şərtləri bərpa edildi və Qarabağ ərazisi Azərbaycan Səfəvi dövlətinin tərkibində qaldı.
XVIII əsrin 20-ci illərinə qədər Azərbaycan-Osmanlı münasibətləri ictimai, iqtisadi və mədəni sahədə xeyli inkişaf etmişdir və Qarabağlı Əhmədzadələr nəsli, Qarabağlı İshaq Əfəndi (naməlum–1646) və oğlu Beyrut, həmçinin Məhəmməd Saleh b. İshaq Zuhiri (naməlum–1673) kimi Qarabağın tanınmış alim və mütəfəkkirləri o dövrdə bu əlaqələrin inkişafına öz töhfəsini vermişdir.[5] XVII əsrin ortalarında Azərbaycana səfər etmiş tanınmış Osmanlı səyyahı Övliya Çələbi də özünün məşhur “Səyahətnamə” kitabında Qarabağ və Qarabağ mütəfəkkirlərinin Azərbaycan ilə Osmanlı imperiyası arasındakı münasibətlərdə rolu haqqında dəyərli məlumatlar vermişdir.[6]
XVIII əsrin birinci rübündə Səfəvi mirasını bölüşdürmək və Azərbaycan ərazisini işğal etmək üçün Rusiya ilə Osmanlı dövləti arasında rəqabət gücləndi. XVIII əsrin əvvəllərində Osmanlı dövləti Azərbaycan üzərində nəzarətini gücləndirmək məqsədi ilə burada baş verən hadisələrə ciddi şəkildə cəlb olunmuşdu. III Sultan Əhməd (1703–1730) Dağıstan və Şirvan hakimlərinin xahişlərini nəzərə alaraq, Səfəvi dövlətinə qarşı Şirvanda baş verən üsyanı müdafiə etmişdi. Bunun məntiqi nəticəsi olaraq Şirvan hakimi Hacı Davud Osmanlı himayəsinə qəbul olundu.
1723-cü ildə Osmanlı imperiyası Gürcüstan və Azərbaycana qarşı hərbi hərəkat təşkil etdi. Bu hərbi hərəkatın uğur qazana bilməməsinə və Osmanlı imperiyası tərəfindən Azərbaycanın Gəncə bölgəsinin ələ keçirilə bilməməsinə baxmayaraq, Osmanlı ordusunun Cənubi Qafqazda irəliləməsi Rusiya ilə Osmanlılar arasında müharibəyə gətirib çıxara bilərdi ki, Cənubi Qafqaz Rusiya, Osmanlı və Səfəvi imperiyalarının geosiyasi maraqlarının toqquşduğu məkan olaraq onlar üçün “Qordi düyünü”nə çevrilmişdi. Qərb cəbhəsində İsveçlə müharibəsini yenicə qurtarmış Rusiya, yeni müharibəyə hazır olmadığı üçün diplomatik vasitələrlə Osmanlı dövləti ilə münasibətləri nizama salmağa təşəbbüs göstərdi. Tərəflər 1724-cü il iyulun 12-də İstanbulda müqavilə bağladılar. Müqaviləyə əsasən, Xəzər dənizi sahilləri üzərində nəzarət Rusiya İmperiyasına verildi, əvəzində isə Rusiya Azərbaycanın digər ərazilərinin Osmanlıların nəzarətinə keçməsini tanımış oldu. Nəticədə müqavilənin imzalanmasından bir il sonra Tiflis, Təbriz, İrəvan, Gəncə və Qarabağ Osmanlı dövlətinin nəzarətinə keçdi.[7]
1735-ci ilə qədər Osmanlı dövlətinin tərkibində qalan Qarabağ inzibati cəhətdən yeni yaradılan Gəncə-Qarabağ əyalətinin tərkibinə daxil olundu. Bununla bağlı ən mühüm məlumatı 1727-ci ildə Osmanlı maliyyə məmurları tərəfindən tərtib olunan və məzmununa, eləcə də verdiyi məlumatlara görə çox qiymətli olan “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”dən əldə etmək mümkündür. Osmanlıların yeni inzibati bölgüsünə əsasən Gəncə-Qarabağ əyaləti 37 nahiyəni birləşdirən 5 sancaqdan və Gəncə və Loru olmaqla iki qəzadan ibarət idi. Vilayətdə şəhər kimi Gəncə, Bərdə, Xılxına, qala kimi isə Loru qeydə alınmışdır.
1727-ci il tarixli “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”də Qarabağın inzibati idarə sistemi ilə yanaşı, bölgənin icimai, iqtisadi və mədəni həyatı, eləcə də Qarabağda əhalinin etnik tərkibi haqqında kifayət qədər məlumat əldə etmək mümkündür. Belə ki, dəftərdə qeyd olunan 1178 kənddən yalnız 27-nin adı erməni kəndi kimi göstərilmiş və Osmanlı-Səfəvi müharibəsi nəticəsində Qarabağın türk-müsəlman əhalisinin 40%-ə qədəri ata-baba yurdlarını tərk etməyə məcbur qalmışdı. Vergidən azad olduqları üçün vergi siyahısında adı qeyd olunmayan din xadimləri, döyüşlərdə ölən ordu mənsubları və əsgərlərin sayını nəzərə alsaq, XVIII əsrin əvvəllərində Qarabağda yaşayan ermənilər də daxil olmaqla qeyri müsəlmanların sayı 20%-i keçməmişdir.[8]
Nadir şah hakimiyyətə gəldikdən sonra XVIII əsrin birinci yarısında Rusiya və Osmanlı imperiyaları tərəfindən işğal edilmiş Azərbaycan ərazilərini Səfəvi imperiyasının tərkibinə qatdı. Beləliklə, 1735-ci ildə Səfəvi və Rusiya imperiyaları arasında, 1736-cı ildə isə Səfəvi və Osmanlı imperiyaları arasında bağlanmış müqavilələrə əsasən Səfəvi imperiyasının ərazi bütövlüyü bərpa edildi və Qarabağ Nadir şahın hakimiyyəti altında Səfəvi imperiyasının tərkibinə daxil oldu.[9]
[1] a.k.ə. Azərbaycan tarixi. – c. 3. – 2007. – s. 201–205. Həmçinin bax: Kırzıoğlu, F. Osmanlı’ların Kafkas-Ellerini Fethi. – Ankara: Türk Tarih Kurumu. – 1998. – s. 243–249.
[2] Süreyya, M. Sicill-i Osmani. – İstanbul. – c. 1-5. – 1996. – s. 558, 755, 1107, 1514, 1578. Həmçinin bax: Dədəyev, B. Rus işğalına qədər Qarabağ-Osmanlı dövləti münasibətlərinə dair // Journal of Qafqaz University: filologiya və pedaqogika. – 2010, № 30. – s. 100–101.
[3] a.k.ə. Azərbaycan tarixi. – c. 3. – 2007. – s. 201–205. – s. 240. Həmçinin bax: Yazıcı, T. Safeviler // İslam Ansiklopedisi. – İstanbul. – c. 10. – 1988. – s. 56
[4] a.k.ə. Məmmədov, H. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. – s. 5–6.
[5] a.k.ə. Süreyya, Mehmed. – 1996. – s. 804, 1011, 1260, 1645, 1718; Kahraman, A. İshak- zade Zuhuri Divanı (inceleme-metin) // Selçuk Üniversitesi, Sosyal Bilimler Enstitüsü (nəşr olunmamış magistratura işi). – Konya. – 2002.
[6] a.k.ə. Çelebi, E. Seyahatnâme. – s. 235–242.
[7] a.k.ə. Azərbaycan tarixi. – c. 3. – 2007. – s. 362–365.
[8] a.k.ə. Məmmədov, H. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. – s. 3–22.
[9] Minorsky, V. Nadir // İslam Ansiklopedisi. – İstanbul. – c. 9. – 1988. – s. 24.