Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında Praqa prosesinin rolu nədən ibarət idi?

Praqa prosesi Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-nin Ki-Vest şəhərində keçirilən görüşü uğursuz nəticələndikdən sonra, 2002-ci ildə ATƏT-in Minsk qrupu tərəfindən təşkil edilmiş Ermənistan və Azərbaycan prezidentlərinin şəxsi nümayəndələri arasında keçirilən danışıqlar mərhələsidir. Praqa prosesi ilə Minsk qrupunun niyyəti iki ölkənin prezidentləri arasında davam edən görüş zamanı mövcud olan boşluqları doldurmaq idi. Bu baxımdan danışıqların birinci mərhələsi Minsk qrupunun sədrliyi ilə Robert Koçaryan və Heydər Əliyevin şəxsi nümayəndələri arasında Praqadan kənarda, Ştirində 2002-ci il mayın 14-də keçirilmişdi. Ermənistan xarici işlər nazirinin müavini Tatul Markaryan və Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov müvafiq olaraq hər iki ölkənin prezidentlərini təmsil edirdilər.[1]

Daha sonra 2004-cü il aprelin 16-da Praqada ilk görüşünü keçirən Azərbaycanın yeni təyin olunmuş xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Vardan Oskanyan prosesi davam etdirdilər. Lakin Praqa prosesi başlamazdan əvvəl nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflərin mövqelərini bildirmişdilər. Bununla əlaqədar olaraq Elmar Məmmədyarov bildirmişdi: “Azərbaycan Dağlıq Qarabağa müstəqil dövlət statusunun verilməsinə və ya Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olmasına razı deyil. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun yeni təklifləri bu prinsiplərə əsaslanmalıdır”.[2]

Digər tərəfdən, onun həmkarı, Vartan Oskanyan onun fikri ilə razılaşmayaraq bildirmişdi ki, “problem yalnız Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququ əsasında həll edilə bilər. Bu, Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsi və dünya ictimaiyyətinin və Azərbaycanın bunu tanıması ilə əldə edilə bilər. Başqa yolu yoxdur”.[3]

Qeyd etmək lazımdır ki, 2004-cü və 2006-cı illər arasında Praqa Prosesi çərçivəsində xarici işlər nazirlərinin dörd görüşü keçirilmişdir. ATƏT-in Minsk qrupunun həmsədrinin sözlərinə görə tərəflər arasında “heç bir gündəlik, heç bir öhdəlik və danışıqlar olmadan Ermənistan, Azərbaycan ya da həmsədrlər tərəfindən təklif edilmiş məsələlər üzərində sərbəst müzakirələrin aparılması” üzrə razılığa gəlinmişdir.[4] Danışıqlar zamanı hər iki nazir iki əsas nəticə əldə etmişdirlər:

– Məsələnin gələcək həllinin bütün parametrləri metodik olaraq tədqiq edilmişdir ki, hər bir tərəfin mövqeyi barədə aydın təsəvvürümüz olsun;

– Problemin məğzi tədricən müəyyən olunub, yəni hər bir tərəfin mütləq kompromisləri nəzərdə tutan real danışıqlara başlaya biləcəyi əsaslar müəyyən edilmişdir.[5]

Ümumiyyətlə, Praqa prosesinin başlanğıcında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tam həlli barədə nikbin fikir var idi. Əgər razılıq əldə edilərsə, danışıqlar prosesi erməni hərbi qüvvələrinin Dağlıq Qarabağdan kənarda yerləşən Azərbaycanın işğal olunmuş beş rayonundan çıxarılmasına və məcburi köçkünlərin öz yurdlarına qayıtmasına əsaslanırdı. Lakin tərəflər Dağlıq Qarabağın yekun statusu haqqında razılığa gələ bilmədilər. Praqa prosesi çərçivəsində tərəflər arasındakı danışıqlara əsasən Dağlıq Qarabağın yekun statusu səsvermə yolu ilə müəyyən olunacaqdı. Ermənistan səsvermə yolu ilə ya Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasını və ya Ermənistana birləşdirilməsini istəyirdi. Digər tərəfdən, Azərbaycan öz ərazi bütövlüyünü pozan istənilən cəhdə qarşı idi və Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bildirmişdi. Digər mübahisəli məsələ Ermənistan Respublikası ilə Dağlıq Qarabağı birləşdirən Azərbaycanın işğal olunmuş Laçın və Kəlbəcər rayonları ilə bağlı idi. Ermənistan dəhliz təmin etmək üçün hər iki rayonun demilitarizasiyasını tələb edirdi. Bununla belə, Azərbaycan bu ərazilərdən bütün erməni qüvvələrinin çıxarılmasını və münaqişə zamanı bu regionlardan didərgin düşmüş məcburi köçkünlərə tam hüququn verilməsini tələb edirdi. Belə ki, danışıqların nəticəsi onu göstərirdi ki, Ermənistan tərəfi Azərbaycanın Dağlıq Qarabağ üzərində üstünlüyünü qəbul etmədikcə və ya Azərbaycanın Ermənistanın Dağlıq Qarabağın ayrılmasına dair fikrinə müsbət yanaşmadıqca bu məsələni danışıqlar masasında həll etmək çətin idi. Bütün bu mübahisəli məsələlərin nəticəsində İlham Əliyev və Robert Koçaryan arasında fevral ayında Rambuye şəhərində, iyun ayında Buxarestdə və noyabr ayında Minskdə keçirilən birbaşa görüşlər zamanı tərəflər yenə də razılığa gələ bilmədilər.[6] Belə ki, siyasi iradə və etimadın olmaması üzündən Praqa prosesi çərçivəsində danışıqlar baş tutmadı və bunun ardınca Madrid prinsipləri təklif edildi.


[1] “Personal representatives of Armenian and Azeri Presidents hold Nagorno-Karabakh talks in Prague”, OSCE: Organization for Security and Co-operation in Europe, 14 May 2002-ci il

[2] Mehtiyev, Elkhan, “Armenia-Azerbaijan Prague Process: Road Map to Peace or Stalemate for Uncertainty?”, Caucasus Series, 05/23, May 2005-ci il. – s. 4.

[3] a.k.ə. Mehtiyev, Elkhan. – 2005. – s. 4.

[4] “Report of the Co-chairs of the OSCE Minsk Group to the OSCE Ministerial Council”, MC.GAL/9/04, 30 dekabr 2004-cü il.

[5] a.k.ə. Report of the Co-chairs of the OSCE Minsk Group to the OSCE Ministerial Council”

[6] International Crisis Group, “Nagorno-Karabakh: Risking War”, Europe Report, N°187, 14 noyabr 2007-ci il. – s. 1–6.