Qafqaz albanları kimlər idi?

Qarabağın strateji coğrafi mövqeyi və füsunkar təbii gözəllikləri, təsadüfi deyil ki, qədim daş dövründən günümüzə qədər burada mübarizə dolu həyatın davam etməsinə səbəb olmuşdur. Qarabağ bölgəsi tarixi keçmişinə görə Aralıq dənizi sahilləri, Şimali Afrika və Çindən sonra dünyanın ən qədim insan məskəni kimi tanınır. 1960-cı illərdə Qarabağda aşkar edilmiş və Füzuli rayonundan 14 km aralıda yerləşən Azıx mağarasında aparılan arxeoloji qazıntılar, həmçinin bu arxeoloji abidədə aşkar edilmiş ibtidai insanın çənə qalıqları (Azıx adamı/Azıxantrop) sübut edir ki, insanlar Azərbaycanda 350-400 min il əvvəl yaşamışdırlar. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.[1]

Qədim dövrlərdən Şərqlə Qərbin, Şimalla Cənubun kəsişmə nöqtəsi olan Azərbaycan dövləti Qafqaz Albaniyası müxtəlif etnik qrupların, dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olub, tarixi Azərbaycanın şimal hissəsini, o cümlədən Qarabağı əhatə etmişdir. Albaniyanın əhalisi müxtəlif idi: albanlar, utilər, xəzərlər, girdimanlar (həmçinin qardmanlar, qardamanlar), savdeylər, leqlər və qarqarlar (gərgərlər) burada yaşayırdılar.[2]

Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi və mədəni təsir gücünə, region ölkələri ilə sıx qarşılıqlı münasibətlərə malik olan Qafqaz Albaniyası öz adını alban etnik qrupundan almışdır. Alban etnosunun adı ilk dəfə II əsr müəllifi Arrian tərəfindən eramızdan əvvəl 331-ci ildə Makedoniyalı İsgəndərlə Əhəməni çarı III Dara arasında Qaqamela döyüşü haqqında qeydlərdə istifadə edilmişdir.[3]

Albanlar etnik qrup olaraq Qafqaz Albaniyasında və bütün regionda aparıcı tayfa idilər. Buna görə də qədim alimlərin fikrincə, Qafqaz Albaniyası öz adını albanlardan götürmüşdür.[4] Mən­bələrdə alban etnonimi iki mənada işlənir: birincisi, Albaniya ölkəsində yaşadıq­larına görə bütün tayfaların ümumi adı kimi, ikincisi, Qafqaz Albaniyasında bütün tayfalar üzərində hökmranlıq edən aparıcı etnik qrupun adı kimi.[5]

Alban tayfalarının mənşəyi haqqında da alimlərin iki fərqli fikri var. Bir qrup təd­qiqatçılar alban tayfasının qafqazdilli olduğunu qeyd etsələr də,[6] digər qrup tarixçilər albanların türk mənşəli olduğunu əsaslandırırlar.[7] Q. Qeybullayevin fikrincə, 19-cu əsrin sonlarınadək Orta Asiyada qazaxlar, türkmənlər, qırğızlar və qaraqalpaqlar arasında Alban adlı türk dilli tayfanın mövcud olması Alban etnik adını daşıyanların türkmənşəli olduğunu bir daha təsdiqləyən faktlardandır.[8]

Maraqlıdır ki, Qarabağın xristian alban məlikləri XVIII əsrin əvvəllərində və sonunda Rusiya imperoru I Pyotra və II Yekaterinaya ünvanladıqları məktublarında türk kimliklərini unutmadıqlarını bir daha təsdiq edirdilər. Belə ki, 1723-cü ilin martında Qarabağ məliklərindən dördünün ətrafdakı dağıdıcı hücumlardan qorunmaq üçün I Pyotra ünvanladıqları məktub xüsusilə maraqlıdır. Məktubda təqdim edilən “alban türkləri” ifadəsi məktubun rus dilinə tərcümə edilmiş variantında “alban müsəlmanları” ifadəsi ilə əvəz edilmişdir.[9] Bundan başqa, Qarabağın xristian məliklərinin 1781-ci il 2 sentyabr tarixində II Yekaterinaya ünvanladıqları məktubunun erməni dilində olan variantında məliklər özləri haqqında “biz Arşaki və Alban taxt-tacının çarları nəslinə məxsusuq” ifadələrini yazmışdırlar. Erməni tarixçiləri həmin sənədi rus dilində təqdim edərkən qeyd olunan cüm­ləni saxtalaşdırıb “biz erməni rəisləri nəslindənik” ifadələri ilə əvəz etmişdirlər.[10] Görün­düyü kimi, Qarabağ məlikləri mənşəcə alban, qıpçaq türkləri olduqlarını unutmamışdırlar.


[1] Mahmudov, Y.M., Azərbaycan: qısa dövlətçilik tarixi. – Bakı: Təhsil, – 2005. – s. 6–7.

[2] a.k.ə. Azərbaycan tarixi. – c. 2. – 2007. – s. 26.  

[3] Флавий, А. Поход Александра. – Москва-Ленинград – 1962. – с. 110, 113–114.

[4] Qeybullayev, Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. – Bakı: Azərnəşr, – 1994. – s. 31.

[5] Гейбуллаев, Г.А. К этногенезу азербайджанцев. – s. 62–63.

[6] Шанидзе, А.Г. Новооткрытый алфавит кавказских албанцев и его значение для науки // Известия ИЯИМК. Груз. ФАН СССР. – Тбилиси. – т. 4. – 1938. – с. 37. Həmçinin bax: Меликишвили, Г.А. Древневосточные материалы по истории народов Закавказья, I, Наири-Урарту. – Тбилиси: – 1954. – с. 405; Həmçinin bax: Тревер, К.В. Очерки по истории и культуре Кавказской Албании. – Москва-Ленинград: АН СССР, – 1959. – с. 306.

[7] Юсифов, Ю.Б., Бабаев И.А. Кавказская Албания в эллинистическую эпоху // Причерноморье в эпоху эллинизма: материалы III Всесоюзного симпозиума по древней истории Причерноморья, Цхалтубо, 1982. – Тбилиси: – 1985; Həmçinin bax: İsmayılov, M. Azərbaycan xalqının təşəkkülü. – Bakı: – 1993; Həmçinin bax: Ямпольский, З.И. Древнейшие сведе­ния о тюрках в зоне Азербайджана // Учен. зап. АГУ им. С.М.Кирова. – № 2. – 1966; Həmçinin bax: a.k.ə. Гейбуллаев, Г.А. К этногенезу азербайджанцев; Həmçinin bax: Memmedzade, M. Azerbaycan Tarihinde Türk Albaniya. – Ankara. – 1945; Həmçinin bax: Xəlili, X. Azərbaycan türklərinin təşəkkül və milli inkişaf tarixi. – Bakı. – 2009.

[8] a.k.ə. Гейбуллаев, Г.А. К этногенезу азербайджанцев. – с. 74.

[9] Mahmudov, Y., Najafli, G. The Relocation of Armenians to the Lands of North Azerbaijan in the 19th Century is an Historical Truth. – Baku: Turkhan. – 2020. – s. 15.

[10] Yenə orada; Həmçinin bax: Nəcəfli, G. Qarabağın xristian alban məlikləri // İpək Yolu: Xüsusi buraxılış. – Bakı. – 2021. – s. 80.