Qafqaz Bürosunun 5 iyul 1921-ci il tarixli qərarına görə Qarabağ Azərbaycana “verilmiş”, yoxsa onun tərkibində “saxlanılmışdı”?

Cənubi Qafqaz regionu Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra Dağlıq Qarabağ yenə müzakirə mövzusuna çevrildi və 1923-cü ildə sovet rəhbərliyinin qərarı ilə ona Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtar vilayət statusu verildi. Ermənistan Dağlıq Qarabağın heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmadığını iddia edir. Ermənistan iddia edirki, Qarabağ tarixən Ermənistanın tərkib hissəsi olmuş, amma sovetlərin Cənubi Qafqazda “parçala, hökm sür” siyasətinin bir hissəsi kimi zorla və qanunsuz olaraq Sovet Azərbaycanına verilmişdir. Murad Muradyan və Daniel Drakmanın sözlərinə görə “1921-ci ildə Türk millətçi ordusunun komandanı Mustafa Kamalın tələbinə cavab olaraq İosif Stalin və Vladimir Lenin Rusiya Kom­munist Partiyası Qafqaz Bürosunun qərarı ilə mübahisəli Dağlıq Qarabağ ərazisini Azərbaycana verərək onunla sülh yaratmışdır”.[1]

Digər tərəfdən, “azərbaycanlılar iddia edirlər ki, bu qərarla sadəcə əvvəldən mövcud olan reallıq tanınıb”.[2] Rusiya Dövlət İctimai-Siyasi Tarix Arxivinin sənədlərinə görə bir çox qərb alimlərinin dediyinin əksinə Sovet diktatoru İosif Stalin heç vaxt Dağlıq Qarabağ Azərbaycana güzəştə getməyib. Bu məsələ ilə bağlı ən əhəmiyyətli sənəd Stalinin Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi (RK(b)P MK) Qafqaz Bürosunun bir neçə erməni üzvü ilə birlikdə, daha dəqiq desək, A.Nazaretyan və A.Myasnikyan ilə birlikdə Dağlıq Qarabağı kiməsə verməyi (“отдать” (otdat)) deyil, ya güzəştə getməyi yox, Azərbaycanın tərkibində saxlamağı – “Dağlıq Qarabağı Azərbaycan SSR-in hüdudları daxilində saxlamağı”[3] (“оставить” (ostavit)) qərara alır deyə qeyd edildiyi RK(b)P MK Qafqaz Bürosunun 5 iyul 1921-ci il tarixli plenum qərarıdır.

Hüquq üzrə erməni professoru Şagen Avakyan RK(b)P MK Qafqaz Bürosunun 5 iyul 1921-ci il plenumunun qərarının birinci bəndinə istinad edərək yazır: “Müsəlmanlar və ermənilər arasında sülhün qorunub saxlanılması zərurətini əsas götürərək … “Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlansın”.[4] Burada “saxlanmaq” kimi tərcümə olunan “оставить (ostavit)” rus sözünə xüsusi diqqət verilməlidir. Bu sözün – “vermək” kimi tərcümə olunması azdırıcı tarixi faktdır. Belə ki, əgər Stalin RK(b)P MK Qafqaz Bürosunun qərarı ilə Qarabağı Azərbaycan ərazisi çərçivəsində “saxlamağa” dair sərəncam veribsə, deməli Qarabağ hətta sovetləşmədən də əvvəl Azərbaycana məxsus olub.

Dağlıq Qarabağın Sovet İttifaqından əvvəl Azərbaycanın tabeliyində olmasına gəlincə, ermənilər 1918–20-ci illərdə Cənubi Qafqaz respublikalarının müstəqilliyi dövründə yeni yaranan Millətlər Liqasının dövlətin zəifliyi ilə əlaqədar Azərbaycanın müstəqilliyini və onun Dağlıq Qarabağla bağlı iddialarını qəbul etmədiyini bildirir.[5] Bununla bağlı Svante Kornell qeyd edir ki, 1918-ci ilin 30 oktyabrında Osmanlı imperiyası ilə Müttəfiq dövlətlər arasında imzalanmış Mudros müqaviləsinin şərtlərinə müvafiq olaraq general Vilyam Tomsonun başçılığı altında yeni Böyük Britaniya ordusu Azərbaycana daxil oldu. Cornellin sözlərinə görə ancaq sonralar general Tomson “Azərbaycan Xalq Cümhuriyyətinin demokratik etimadnaməsini bir az da irəlilədərək Azərbaycanı qanuni hökumət kimi tanımaq qərarına gəldi […] və Qarabağ üzərində səlahiyyəti Azərbaycana verdi”.[6] Bundan başqa, 1920-ci ilin əvvəllərində Versal Sülh Konfransı Azərbaycanın müstəqilliyini və Qarabağın onun tərkib hissəsi olduğunu de-fakto olaraq tanıdı.[7]

Azərbaycanda sovet hakimiyyətinin 1920-ci il 30 noyabr tarixli bəyanatına istinad edən erməni tədqiqatçısı Avakyan əminliklə bildirir ki, “bu bəyannaməyə görə Ermə­nistanla Azərbaycan arasında əvvəllər qəbul olunmuş sərhədlər ləğv edilərək Dağlıq Qarabağ, Zəngəzur və Naxçıvan Sovet Ermənistanının tərkib hissəsi kimi tanındı”.[8] Burada yenə də “ləğv olunma” sözünə diqqət cəlb olunmalıdır. Əgər Ermənistanın iddia etdiyi kimi Dağlıq Qarabağ sovetləşmədən əvvəl Azərbaycanın ayrılmaz hissəsi deyil­disə, onda Azərbaycan hansı hüquqla əvvəllər Azərbaycanla Ermənistan arasında qəbul olunmuş sərhədləri ləğv edərək Ermənistana Dağlıq Qarabağ üzərində hakimiyyət hüququ verdiyini necə elan edə bilərdi? Bu bəyannamə açıq-aşkar göstərir ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin ləğv edilməsi bəyannaməyə əsasən həyata keçirilib, başqa sözlə, bu iki respublika arasında sərhəd məsələləri haqqında saziş olub və Ermənistan da sovetləşmədən əvvəl bu əraziləri Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.

Bu baxımdan, erməni kommunist inqilabçısı, bolşevik, sovet dövlət xadimi Anastas Mikoyanın 1919-cu ildə Leninə ünvanladığı və erməni daşnaklarının qanunsuz olaraq regionu Ermənistana “birləşdirmək” cəhdinə görə tənqid etdiyi və Qarabağın İrəvanla yox, Bakı ilə iqtisadi əlaqəsinin olduğunu vurğuladığı məktub Cənubi Qafqazın Sovet İttifaqı tərəfindən işğalından əvvəl Qarabağın Azərbaycanın tərkibində olduğunun daha bir sübutudur.


[1] Mooradian, M., Druckman, D. Hurting Stalemate or Mediation? The Conflict over Nagorno-Karabakh, 1990–95 // Journal of Peace Research. – vol. 36, № 6. – 1999. – s. 709.

[2] De Waal, T. The Caucasus: An Introduction. – Oxford University Press. – 2010. – s. 104

[3] Russian State Archive of Socio-Political History (Moscow), f. 64, op. 2, d.1, p. 118, 121–122 / Baguirov, A. Nagorno-Karabakh: Basis and Reality of Soviet-era Legal and Economic Claims used to Justify the Armenia-Azerbaijan War // Caucasian Review of International Affairs. – vol. 2, № 1. – 2008. – s. 5.

[4] Avakian, S. Nagorno-Karabagh: Legal Aspects. – Yerevan: Tigran Mets Publishing House. – 2010. – s. 13.

[5] Avetisyan, A. Nagorno-Karabakh Republic: The First 20 Years of de-facto Independence // Foreign Policy Journal. – October 26, 2011. URL: http://www.foreignpolicyjournal.com/2011/10/26/nagorno-karabakh-republic-the-first-20-years-of-de-facto-independence/ (İstifadə tarixi: 1 dekabr 2024)

[6] Cornell, S.E. Azerbaijan Since Independence. – New York: M.E. Sharpe. – 2011. – s. 27.

[7] Altstadt, A. The Azerbaijani Turks: Power and Identity under the Russian Rule. – Hoover Institution Press. – 1992. – s. 102.

[8] a.k.ə. Avakian, S. Nagorno-Karabagh: Legal Aspects. – s. 13.