Rusiya dövlətinin himayəsinə arxalanaraq Azərbaycan torpaqlarında özləri üçün dövlət yaratmaq istəyən erməni missionerləri Qarabağ xanlığına tabe olan xristian məlikləri Pənahəli xandan sonra hakimiyyətə gələn oğlu İbrahimxəlil xana (1763–1806) qarşı çıxmağa təhrik edirdilər.
1781-ci ilin sentyabrda Rusiya dövlətinin himayə etdiyi Qarabağ məliklərindən bəziləri II Yekaterinaya, Q.A.Potyomkinə və V.A.Suvorova ünvanlanmış məktub göndərdilər. Məktubda xristian məliklərin rus qoşunlarının səfəri zamanı müsəlmanlara qarşı silahlı mübarizəyə qalxacağı vəd edilirdi. Onlar V.A.Suvorovun komandanlığı ilə Qarabağa 10 min nəfərə qədər piyada qoşun göndərilməsini xahiş edirdilər. Rusiya hakim dairələrini Qarabağ ərazisinə hücuma şirnikləndirmək üçün məktubda Qarabağın təbii ehtiyatları və məhsuldar torpaqları geniş şəkildə təsvir edilirdi.[1]
Rusiyadakı erməni yeparxiyasının başçısı İosif Arqutinski (Hovsen Arqutyan) Osmanlı dövləti ilə İran sərhədlərinin kəsişdiyi ərazilərdə erməni dövləti yaratmaq niyyəti ilə Rusiya imperiyası hökumətinin nümayəndələri ilə danışıqlara başladı. Bu məqsədlə o, 1783-cü ildə 18 maddədən ibarət “Erməni-Rusiya müqaviləsi layihəsi”ni tərtib etdi. Bu layihəyə görə, Azərbaycan ərazisində müstəqil Ermənistan dövləti yaradılmalı və bu dövlətin ərazisində qoşun saxlamaq hüququ Rusiyaya məxsus olmalı idi.[2]
Bu planı reallaşdırmaq məqsədilə Q.A.Potyomkin 1783-il aprelin 6-da Qafqaz komandanı P.S.Potyomkinə göndərdiyi məxfi məktubunda yazırdı:
Şuşalı İbrahimxəlil xan devrilməlidir, çünki bundan sonra Qarabağda Rusiyadan başqa heç kimdən asılı olmayan erməni vilayəti təşkil ediləcəkdir. Siz bu yeni vilayətin təşkili üçün bütün imkanlardan istifadə edin. Sonda başqa əyalət və bölgələrdə yaşayan ermənilər bu yeni yaradılmış vilayətə köçəcəklər. [3]
İosif Arqutinski Qarabağ xanlığının xristian məliklərini İbrahimxəlil xana qarşı üsyana hazırlamaq üçün onlarla gizli əlaqə saxlayırdı. Lakin Rusiya agenti Y.Reyneqsin məlik Abova ünvanlamış olduğu və “İbrahimxəlil xanın hakimiyyətdən məhrum edilməsi və erməni çarlığının yaradılması” haqqında məlumat verən məktub haqqında İbrahimxəlil xan xəbər tutur.[4] Bu zaman İbrahimxəlil xan yüksək diplomatik məharət göstərərək məliklərin xəyanətkar mövqeyini sübuta yetirərək onların müqavimətini qıra bilmişdi.
1783-cü ilin baharında Rusiya ordusunun Cənubi Qafqaza yürüşü haqqında xəbərlər yayıldı. İbrahimxəlil xan başa düşürdü ki, bu yürüş başlıca olaraq Qarabağ xanlığına qarşı yönəlmişdir. O, siyasi manevr etmək yolu ilə xanlığa yaxınlaşan təhlükəni dəf etmək üçün 1783-cü ilin aprelin 6-da P.S.Potyomkinə “Rusiya dövlətinin himayəsinə girmək” arzusunu bildirən məktub göndərmişdi.[5] II Yekaterina İbrahimxəlil xanla bağlı məsələnin həllini bütünlükdə Q.A Potyomkinə həvalə etmişdi. 1783-cü il mayın 19-da Q.A. Potyomkin II Yekaterinaya yazırdı ki, əlverişli şərait yaranan kimi İbrahimxəlil xanı Rusiya İmperiyasına tabe edərək onun vilayətini xristian məliklərə vermək lazımdır. Bundan başqa o, “Sizin İmperator Əlahəzrətinizin vədinizə uyğun olaraq və mənim vasitəmlə Asiyada erməni məliklərinə veriləcək xristian dövləti” haqqında danışırdı.[6]
1783-cü ilin iyun ayında rus qoşunlarının ərzaqla təminatı məsələsini həll etmək məqsədilə P.S.Potyomkin tərəfindən Qarabağa göndərilən Q.Qaraxanov katalikos Ovanes və xristian məliklərdən bəziləri ilə gizli əlaqə yaratmışdı. Ovanes İbrahimxəlil xandan çəkinirdi. Buna görə də P.S. Potyomkinə göndərilən məktubu onun qardaşları və bəzi məliklər, o cümlədən Abov, Bahtam və Məzhlum (Məlik Adəmin oğlu və Çiləbörd məliyi) Kahakatex adlı yerdə (məlik Adəmin iqamətgahının yerləşdiyi ərazi) gizli şəkildə imzalamışdılar.[7]
1783-cü il iyulun 24-də bağlanmış Georgiyevsk müqaviləsinə əsasən Kartli-Kaxeti çarlığının Rusiya dövlətinin təbəəliyini qəbul etməsi Azərbaycan xanlıqlarının siyasi vəziyyətini daha da ağırlaşdırdı. Rusiya himayəsinə arxalanan Kartli-Kaxeti çarı II İrakli xristian məliklərin Qarabağ xanlığı ərazisindəki seperatçılıq hərəkətlərinə yardımını gücləndirməyə başladı. Daha sonra Gürcüstandakı rus qoşunlarının komandanı S.Burnaşevin və II İraklinin birləşmiş qüvvələri Qarabağ xanlığı üzərinə yürüş etmək üçün sürətlə hazırlıq işləri görməyə başladı. Bu münasibətlə İosif Arqutinski knyaz Potyomkinə yazırdı ki, əgər rus ordusu Gəncə xanlığına qədər irəliləyə bilsə erməni məlikləri onlara qoşulacaq və onlar birlikdə nəinki Qarabağı, hətta Şuşa şəhərini də tuta biləcəklər.[8]
Bu hadisələr fonunda erməni ideoloqları Rusiya imperiyasının dəstəyi ilə Qarabağ xanlığı və Qərbi Azərbaycan ərazilərində erməni dövləti yaratmaq məqsədini reallaşdırmaq üçün açıq və fəal şəkildə Qarabağ xanlığına qarşı çıxdılar. Belə ki, 1783-cü ilin iyul-avqust ayında İosif Arqutinski tərəfindən katalikos Ovanesə, xəmsə məliklərindən Məclum bəyə, Abov və Bahtama ünvanlanmış məktubda bildirilirdi ki, rus qoşunları Qarabağ xanlığına gəldiyi təqdirdə verdikləri vədlərinə sadiq qalaraq bu qoşuna hər cür yardım göstərsinlər.[9] 1784-cü ildə Şuşa həbsxanasından Kartli-Kaxeti çarlığına qaçan Qarabağ məlikləri Tiflisdəki rus ordusunun başçısı polkovnik Burnaşevin və II İraklinin köməyi ilə Qarabağ xanlığı əleyhinə hərbi yürüşə hazırlaşdılar. II İrakli Gəncə və İrəvan ərazisini ələ keçirməklə yanaşı bütövlükdə Azərbaycan torpaqlarını Rusiya ilə öz arasında bölüşdürməyi planlaşdırırdı. II İrakli Rusiya hakim dairələrinə göndərmiş olduğu məktublarının birində yazırdı: “… Rusiyanın Azərbaycan ərazilərinə sahib olması üçün əlverişli şərait var. Sonra isə həmin torpaqların bir hissəsini mənə güzəştə gedərsiniz.”[10]
Lakin Rusiya və Osmanlı imperiyaları arasında müharibə (1787–1791) Azərbaycana qarşı bu hərbi yürüşün qarşısını alaraq rus hərbi qüvvələrini Qafqaz cəbhəsinə geri çəkilməyə məcbur etmişdi. Nəticədə Qarabağ xanlığının xristian məlikləri də 1787-ci ilin sentyabrında Rusiya imperiyası və Kartli-Kaxetiya krallığının birgə qüvvələri ilə Azərbaycan ərazilərini tərk etdilər.[11] Beləliklə, XVIII əsrin II yarısında Rusiya imperiyasının erməni missionerlərinin və Qarabağın xristian məliklərinin köməyi ilə Azərbaycan xanlıqlarını, o cümlədən Qarabağ xanlığını ələ keçirərək bu ərazidə “erməni dövləti” yaratmaq siyasəti baş tutmamışdır.
[1] Армяно-русские отношения в XVIII веке. 1760–1800 гг. [Сб. док.]. – т. 4, ч. 2. – Ереван. – 1990. – док. № 113а. – с. 183–184. Həmçinin bax: a.k.ə. Иоаннисян, А.Р. Россия и армянское освобедителное движение в 80-х г. XVIII веке. – c. 199–206.
[2] a.k.ə. Иоаннисян, А.Р. Россия и армянское освобедителное движение в 80-х г. XVIII веке. – c. 47–48.
[3] a.k.ə. Армяно-русские отношения в XVIII веке. 1760–1800 гг. док. № 146. Həmçinin bax: a.k.ə. Иоаннисян, А.Р. Россия и армянское освобедителное движение в 80-х г. XVIII веке. – c. 68. Həmçinin bax: Маркова, O.P. Россия, Закавказъе и международные отношения в XVIII веке. – Москва. – 1966. – с. 185.
[4] a.k.ə. Маркова, O.P. Россия, Закавказъе и международные отношения в XVIII веке. – с. 185. Həmçinin bax: Эзов, Г.А., Эзов, Г.А. Сношениие Петра Великого с армянским народам. – СПб. – 1898. – c. LXXXVII-LXXXXXIX.
[5] a.k.ə. Иоаннисян, А.Р. Россия и армянское освобедителное движение в 80-х г. XVIII веке. – c. 71–72.
[6] a.k.ə. Армяно-русские отношения в XVIII веке. 1760–1800 гг. док. № 148. – с. 241. Həmçinin bax: a.k.ə. Иоаннисян, А.Р. Россия и армянское освобедителное движение в 80-х г. XVIII веке. – c. 74. Həmçinin bax: Бутков, Г.P. Материалы для новой истории Кавказа 1722 по 1803 г. – СПб. – т. 2. – 1869. – с. 142.
[7] a.k.ə. Иоаннисян, А.Р. Россия и армянское освобедителное движение в 80-х г. XVIII веке. – c. 84–85.
[8] Yenə orada, s. 165.
[9] a.k.ə. Армяно-русские отношения в XVIII веке. 1760–1800 гг. док. № 159. – c. 254–255.
[10] a.k.ə. Маркова, O.P. Россия, Закавказъе и международные отношения в XVIII веке. – с. 175.
[11] a.k.ə. Бутков, Г.P. Материалы для новой истории Кавказа 1722 по 1803 г. – с. 188.