1736-cı il fevral ayının 26-da özünü şah elan edən Nadir şah Əfşar, onun hakimiyyətinə qarşı çıxan Qarabağın Cavanşir, Otuziki və Kəbirli tayfalarını Xorasana sürgün etdirdi, tayfa başçılarını isə, yanında girov saxladı.[1] Mirzə Adıgözəl bəyin verdiyi məlumata görə qarabağlı İbrahimxəlil Ağanın böyük oğlu Fəzləli bəy də bu şəkildə Xorasana sürgün edildi. Lakin Fəzləli bəy Qarabağ əhalisinin zorla köçürülməsi siyasətinə qəzəblənərək Nadir şahın sürgün planına qarşı çıxdı. Nəticədə Nadir şah Fəzləli bəyin edam edilməsini əmr edərək onun yerinə qardaşı Pənahəli bəyi təyin etdi.[2] Şah sarayında xidmət göstərən Pənahəli bəy, Nadir şahın hörmətini qazana bilmişdi, lakin saray xidmətçilərinin onun haqqında yaydığı iftiralar nəticəsində qardaşı kimi Nadir şah tərəfindən edam edilməsindən çəkinirdi. Pənahəli bəy, şahın səfərdə olmasından istifadə edərək Xorasanda sürgündə olan ailəsini görmək bəhanəsiylə saraydan çıxaraq Qarabağa qaça bildi.[3] Şaha onun qaçması haqqında xəbər verilincə, Nadir şah onun qaçmasının qarşısını almaq üçün arxasınca çaparlar göndərdi. Nadir şah Pənahəli bəyin yaxalanması üçün Gəncə, Tiflis və Şirvan hakimlərinə fərmanlar göndərsə də, onun bütün cəhdləri uğursuzluğa düçar oldu. Pənahəli bəy, bəzən Qarabağ dağlarında, bəzən də Şəki qalası ətrafında gizlənərək canını Şahın qəzəbindən qurtara bildi.[4]
1747-ci il iyunun 20-də Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi və hakimiyyət uğrunda mübarizənin başlanması, onun yaratdığı dövlətin dağılmasına səbəb oldu.[5] Nadir şahın qətli ilə İranda meydana gələn hakimiyyət uğrunda mübarizə və daxili qarışıqlıqlar Azərbaycan üçün də bir dönüş dövrü oldu. Vahid Azərbaycan dövləti yaratmağa şərait yaransa da, feodal pərakəndəliyinin mövcudluğu, iqtisadi əlaqələrin zəifliyi, natural təsərrüfatın üstünlüyü ölkədə mərkəzləşmiş dövlətin yaradılmasına imkan vermədi. Nəticədə Azərbaycan müstəqil və yarımmüstəqil xanlıqlara və sultanlıqlara parçalandı. Nadir şah imperiyasının dağılması ilə yanaşı, XVIII əsrin ortalarında Rusiya və Osmanlı dövlətlərinin daxilində baş verən münaqişələr bu güclərin Azərbaycanda baş verən hadisələrə müdaxilə etməsinə imkan vermədiyi üçün müstəqil və yarımmüstəqil xanlıq və sultanlıqların yaranması təmin edildi. Bu dövrdə Azərbaycan ərazisində Qarabağ xanlığı da daxil olmaqla, 20 xanlıq və 6 sultanlıq yarandı.
Nadir şahın ölümündən sonra Pənahəli bəy Qarabağa qayıdaraq siyasi fəaliyyətə başladı və nəticədə yuxarıda adı çəkilən Qarabağ xanlığı yaradıldı. Pənahəli bəy özünü bu xanlığın xanı elan etdi. Xanlıq yarananda Pənahəli xanın əsas məqsədi onun möhkəmləndirilməsi idi. Beləliklə, onun ilk tədbiri Nadir şahın Xorasana sürgün etdiyi tayfaların geri qaytarılması oldu. Köçürülən tayfa və ailələrin geri qayıtması, öz doğma yurdlarına köçürülməsi Qarabağ xanlığını gücləndirdi.[6] Pənahəli xan başqa yerli tayfaların dəstəyini alandan sonra Qarabağın tək lideri kimi davranmağa başladı. Beləliklə, 1747-ci ildə Pənahəli xan yalnız Cavanşir tayfasının deyil, eyni zamanda Səfəvilərin keçmiş Gəncə-Qarabağ bəylərbəyiliyinin Qarabağ bölgəsində yaşayan tayfalarını birləşdirərək Qarabağ xanlığının əsasını qoydu.[7]
Qarabağ xanlığının tanınmış tarixçiləri Mirzə Adıgözəl bəy, Əhməd bəy Cavanşir və Mir Mehdi Xəzani Qarabağ xanlığının 1747-ci ildə yaradıldığını qeyd edirlər.[8] Bundan əlavə, Pənahəli xanın soyu haqqında bütün mənbələr onun Türküstandan gəlib Azərbaycanın Qarabağ bölgəsində məskunlaşdığını və Cavanşir tayfasının Sarıcalı qolundan olduğunu iddia edirlər.[9] Pənahəli xan dövründə Bayat,[10] Şahbulaq[11] qalaları tikilmiş, Şuşa (Pənahabad) qala-şəhərinin əsası qoyulmuşdur (1751–1756).[12] 1759-cu ildə Urmiya xanı Fətəli xan Əfşar öz elçilərini Pənahəli xana göndərərək tabe olmasını istədi. Lakin Pənahəli xan onun əmrini rədd etdi. Fətəli xan rədd cavabı aldıqdan sonra böyük qoşunlla Qarabağ xanlığına doğru hərəkət edərək Şuşanı mühasirəyə aldı. Altı aylıq mühasirədən sonra Pənahəli xan Fətəli xanın tabelik şərtlərini qəbul edərək oğlu İbrahimxəlil Ağanı girov verdi.[13]
Bu dövrdə Kərim xan Zənd, Urmiyalı Fətəli xanı məğlub etmək üçün onun rəqiblərindən, o cümlədən Pənahəli xandan dəstək istədi. Bu dəvəti girovda olan oğlu İbrahimxəlil bəyi xilas etmək və eyni zamanda Fətəli xandan qisas almaq üçün fürsət bilən Qarabağ xanı, kiçik oğlu Mehrəli bəyi Qarabağda müvəqqəti hakim qoyaraq Kərim xan Zəndə yardıma getmişdir. 1763-cü ildə doqquz aylıq uzun mühasirədən sonra Fətəli xan məğlub oldu. İbrahimxəlil ağa həbsdən çıxıb Qarabağa qayıtdı. Lakin Kərim xan Pənahəli xanın Qarabağa qayıtmasına icazə vermədi. O, Pənahəli xan da daxil olmaqla Azərbaycanın bütün xanlarını özü ilə Şiraza apardı və Pənah Əli xan ömrünün sonuna qədər (1763) orada qaldı. Onun cəsədi Qarabağa gətirilərək Ağdamda dəfn edildi.[14]
Pənahəli xan 1763-cü ildə vəfat etdikdən sonra onun oğlu İbrahimxəlil ağa Qarabağ xanlığının xanı oldu (1763–1806). İbrahimxəlil xanın dövründə xanlıq ən güclü dövrünü yaşamışdır. Qubalı Fətəli xanın 3 dəfə və Ağa Məhəmməd şah Qacarın iki dəfə Qarabağa hücum etməsinə baxmayaraq, İbrahimxəlil xanın hakimiyyəti dövründə Qarabağ xanlığı müstəqilliyini qoruyub saxlaya bilmişdir. İbrahimxəlil xan Osmanlı dövləti ilə sıx əlaqələr qura bilmişdi.[15] 1805-ci ildə İbrahimxəlil xanın Kürəkçay müqaviləsini imzalaması ilə Qarabağ xanlığı rəsmən Rusiya imperiyasının tərkibinə qatıldı.[16] İbrahimxəlil xan Rusiyanın hakimiyyətini qəbul etsə də, tezliklə peşman oldu. 1806-cı ildə baş verən siyasi təlatümlər zamanı ruslar İbrahimxəlil xanı 19 ailə üzvü və silahdaşları iləbirgə Xankəndində öldürdülər[17] və onun oğlu Mehdiqulu Qarabağ xanlığının xanı oldu. Rus zabitlərinin hərəkətlərinin qeyri-qanuni olduğunu anlayan çar Rusiyasının rəsmi orqanları əhalini sakitləşdirmək üçün Mehdiqulu xana general-mayor rütbəsi vermişdir. Lakin Mehdiqulu xanın Qacarlar dövlətinə qaçmasından sonra, 1822-ci ildə çarın fərmanı ilə Qarabağ xanlığı rəsmən ləğv edilmişdir.[18]
[1] Cavanşir, Ə.B. Qarabağ xanlığının 1747–1805-ci illərdə siyasi fəaliyyətlərinə dair // Qarabağnamələr / tərt. ed. A.Fərzəliyev. – Bakı: Yazıçı. – 1989. – s. 157.
[2] a.k.ə. Adıgözəl bəy, M. Qarabağnamə. – s. 31–32. Həmçinin bax: a.k.ə. Qarabaği, M.C.C. Qarabağ tarixi. – s. 110.
[3] Xəzani, M.M. Kitabi-tarixi-Qarabağ // Qarabağnamələr (2-ci kitab) / tərt. ed. N.Axundov. – Bakı: Yazıçı. – 1991. – s. 106. Həmçinin bax: Axundov, N. Qarabağ salnamələri. – Bakı: Yazıçı. – 1989. – s. 32.
[4] a.k.ə. Xəzani, M.M. Kitabi-tarixi-Qarabağ. – s. 107.
[5] Bakıxanov, A.A. Gülüstani-İrəm. – Bakı. – 1951. – s. 158–159. Həmçinin bax: a.k.ə. Xəzani, M.M. Kitabi-tarixi-Qarabağ. – s. 104. Həmçinin bax: a.k.ə. Azərbaycan tarixi. – c. 3. – 2007. – s. 387.
[6] a.k.ə. Adıgözəl bəy, M. Qarabağnamə. – s. 33.
[7] a.k.ə. Cavanşir, Ə.B. Qarabağ xanlığının 1747–1805-ci illərdə siyasi fəaliyyətlərinə dair. – s. 158.
[8] a.k.ə. Xəzani, M.M. Kitabi-tarixi-Qarabağ. – s. 114.
[9] a.k.ə. Adıgözəl bəy, M. Qarabağnamə. – s. 31. Həmçinin bax: a.k.ə. Qarabaği, M.C.C. Qarabağ tarixi. – s. 110. Həmçinin bax: a.k.ə. Qarabaği, M.Y. Tarixi-Safi. – s. 12–14.
[10] a.k.ə. Qarabaği, M.Y. Tarixi-Safi. – s. 15.
[11] a.k.ə. Adıgözəl bəy, M. Qarabağnamə. – s. 35.
[12] Necefli, T., Özdal, A. Karabağ tarihinin genel hatları: ortaçağ’dan rus işgaline kadar Karabağ // Kadim Vatan Karabağ: Karabağ savaşı şehit ve gazileri’ne. – Ankara: Divan Kitap. – 2022. – s. 354.
[13] a.k.ə. Bakıxanov, A.A. Gülüstani-İrəm. – s. 158.
[14] a.k.ə. Qarabaği, M.C.C. Qarabağ tarixi. – s. 119. Həmçinin bax: Mirzə Camaloğlu, R.B. Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri // Qarabağnamələr (2-ci kitab) / tərt. ed. N.Axundov. – Bakı: Yazıçı. – 1991. – s. 217. Həmçinin bax: Fəna, M.R. Tarixi-Cədidi-Qarabağ // Qarabağnamələr (2-ci kitab) / tərt. ed. N.Axundov. – Bakı: Yazıçı. – 1991. – s. 256. Həmçinin bax: Əlizadə, H.İ. Şuşa şəhərinin tarixi // Qarabağnamələr (2-ci kitab) / tərt. ed. N.Axundov. – Bakı: Yazıçı. – 1991. – s. 325.
[15] Dedeyev, B. Karabağ Hanlığı (1747–1822) // Türk Dünyası Araştırmaları (Ocak-Şubat 2002). № 136. – s. 39–44.
[16] Rusiya və Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi // Mahmudov, Y.M., Şükürov, K.K. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi (1639–1828): [4 cilddə]. – Bakı. – c. 1. – 2009. – s. 365–376.
[17] Mustafazade, T. Karabağ Hanlığı ve Baş Kenti Şuşa // Kadim Vatan Karabağ: Karabağ savaşı şehit ve gazileri’ne. – Ankara: Divan Kitap. – 2022. – s. 396.
[18] Mustafazadə, T. Qarabağ xanlığı. – Bakı: Sabah. – 2010. – s. 209–210.