Qarabağ xanlığında əhalinin etnik tərkibi necə idi?

1727-ci ildə Osmanlı dövləti tərəfindən qeydiyyata alınmış “GəncəQarabağ əyalətinin müfəssəl dəftəri” adlı tarixi sənəddə Qarabağ əhalisinin etnik tərkibi haqqında ətraflı məlumat verilmişdir. Müfəssəl dəftərdə adı çəkilən 1.178 kənddən yalnız 25-i erməni kəndi kimi qeydə alınmışdır. Bu dəftərdəki ümumi məlumatlardan məlum olur ki, Səfəvi-Osmanlı müharibəsi zamanı müsəlman türk kəndlərinin 40%-ə qədərinin boşalması, vergidən azad olduqları üçün vergi siyahısında adı olmayan din adamları, ordu mənsubları və döyüşlərdə 20% qədər əsgərin öldürülməsini nəzərə alsaq bu dövrdə Qarabağda yaşayan ermənilər də daxil olmaqla qeyri müsəlmanların sayı 20%-i keçməmişdir.[1]

Qeyd edək ki, Qarabağ xanlığı dövründə bu ərazidə yaşayan ermənilərin sayı o qədər də çox deyildi. Rusiya-İran və Rusiya-Osmanlı müharibələri və eyni zamanda Rusiyanın hakimiyyəti altına keçən Qarabağda çarizmin yeritdiyi müstəmləkə siyasəti nəticəsində müsəlman əhalinin istəkli və ya məcburən köçürülməsi sayəsində XVIII əsrin sonu və XIX əsrin ilk illərində bölgədə ermənilərin sayı artmağa başlamışdır.

Rusların köçürmə siyasəti nəticəsində çoxsaylı erməni ailəsi osmanlı razisindən gətirilərək Qarabağda yerləşdirilmişdir. Hələ 1805-ci ildə Kürəkçay müqaviləsi ilə Çar Rusiyasının tərkibinə keçəndən sonra 390 erməni ailəsinin Şuşaya yerləşdirilməsi məlumdur.[2]

Çarizmin köçürmə siyasəti nəticəsində qeyri müsəlmanların və eləcədə ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi prosesi daha da fəallaşdı. Rusların 1810-cü ildə Qarabağda apardıqları siyahıyalmaya görə burada 12000 ailə və ya təqribən 60000 insan yaşamışdır. Bu siyahıya görə, Qarabağ əhalisinin 9500 (79%) ailəsi azərbaycanlı, 2500 (21%) ailəsi isə erməni və rus əhali göstərilmişdir. Rusların 1823-cü ildə apardıqları siyahıyaalma dəftərində Qarabağın toplam 642 kəndinin 155-i ermənilərə, 487-si isə azərbaycanlılara aid olduğu göstərilirdi. Bu kəndlərdə ümumi olaraq 18.563 ailənin, 14618 (78%) ailəsi azərbaycanlılardan, 3945 (21,2%) ailəsi isə ermenilərdən ibarət olduğu halda, Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8,4 % -ni isə ermənilər təşkil etmişdir. [3]

Göründüyü kimi, xanlığın son dövrlərində ermənilərin sayının artmasına baxmayaraq, onlar Qarabağ əhalisinin təqribən onda bir hissəsini təşkil etmişdir.[4] Qarabağ xanlığının yaradılması və idarə edilməsi azərbaycanlılara məxsus olduğu kimi, buradakı əhalinin əksəriyyətini də azərbaycanlılar təşkil etmişdir.


[1] a.k.ə. Gəncə-Qarabağ əyalətinin müfassəl dəftəri (2000), ss. 3-22.

[2] Əsədov, Firudin və Kərimova, Sevil, Çarizmi Azərbaycana getirənlər (Bakı, Gənclik, 1993), s. 70

[3] Кавказский календарь Российской империи 1897, Л-13-Елизаветская губерния (С-Петербург, 1904), с. 3. Həmçinin bax; a.k.ə. Qeybullayev, Qiyasəddin (1990), s. 151. Həmçinin bax; Aydın, Mustafa, “Karabağ”, Türkiye Diyanet İşleri Vakfı Ansiklopedisi (TDİA), C. 24 (İstanbul, 2001), s. 368. Həmçinin bax; Mahmudov, Ceyhun, “Karabağ’ın Etnik Yapısının Oluşumuna Tarihsel ve Demografik Bakış”, Yılmaz, Reha, red., Qarabağ bildiklərimiz və bilmədiklərimiz (Qafqaz Universiteti, 2010), s. 559.

[4] a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 12.