Şuşa qalasının inşa tarixi ilə bağlı “Qarabağnamə” müəllifləri fərqli illər göstərmişlər. Onların qeyd etdikləri tarixlər o dövrün tarixi hadisələri ilə də uyğun gəlmir.[1] Məsələn, Mirzə Adıgözəl bəy, Pənahəli xanın böyük bir qala və içində də evlər tikdirdiyini, xanlığın mərkəzini 1756/57-ci illərdə oraya köçürdüyünü və bir il sonra Məhəmməd Həsən xan Qacarın Qarabağa hücum etdiyini yazır.[2] Ancaq nəzərə almaq lazımdır ki, Məhəmməd Həsən xan Qacarın Qarabağa hücumu 1757-ci ildə deyil, 1751-ci ilin axırlarında olmuşdur.[3] Qalanın tikilmə tarixi ilə bağlı doğru məlumatı Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi” adlı əsərindən öyrənmək mümkündür. Onun qənaətinə görə, Şuşa qalası 1750-1751 illərdə inşa edilməyə başlanmışdır.[4] Onun bu fikrinin doğru olduğunu digər tədqiqatçılar da qəbul etməkdədir.[5] O ki, qaldı Qarabağ xanlığı ilə bağlı mənbələrin məlumatlarına, böyük ehtimalla onların qeyd etdikləri tarix əhalinin qalaya köçməsi ilə bağlıdır. Buna görə də bəzi tarixçilər 1750-ci ildə qalanın inşaasına başlanıldığını, onun başa çatdırılması tarixi kimi 1756-cı ili qeyd edirlər.
İçərisində çox sayda məscid, hamam, bazar və yaşayış evləri tikilən bu yeni mərkəzə Pənahəli xanın şərəfinə “Pənahabad” adı verilmiş,[6] qalanın Şuşa adlandırılması isə, İbrahimxəlil xanın dövründən başlanmışdır. Mənbələr Pənahabad qala-şəhərinin Pənahəli xan tərəfindən salındığını qeyd edərkən, sıldırım qayalar üstündə yerləşən ərazinin daha əvvəllər buraya altı kilometr uzaqlıqda yerləşən və xalq arasında Şüşəkənd adlanan yaşayış yerinə aid otlaq və örüş yaylaqları olduğunu bildirirlər.[7] Ona görə də, qalanın tikilməsindən sonra da xalq arasında Şüşə (Şişə) kəndinin ərazisi deyə adlandırılan Pənahabad, əsasən İbrahimxəlil xan zamanında əvvəlcə Şüşə, daha sonra isə, xüsüsən ruslar dövründə rus ləhcəsinə uyğunlaşdırılaraq Şuşa şəklində tələffüs edilməyə başlanmışdır.[8] Şüşə sözünün Şuşa şəklinə dönməsini Qarabağ qaynaqlarından başqa Osmanlı arxiv sənədlərində də açıqca görmək mümkündür. Əgər ilk əvvəl yazılan sənədlərdə buranın adı Şüşə[9] şəklində qeyd edilirdisə, sonralar Şuşa[10] kimi qeyd edilmişdir.
Müdafiə məqsədilə tikilən Şuşa qala divarlarının uzunluğu təqribən 8 km, hündürlüyü 5, eni isə 2 metrdən çox idi. Qalanın divarları top atəşlərinə davam gətirsin deyə, qalın daşlar və əhənglə hörülmüşdü. Əvvəllər qalanın 4 qapısı mövcud olmuşdur. Sonralar bunlardan biri bəlli olmayan səbəbdən bağlanmışdır. Qalanın əsas qapısı, yəni arabaların istifadə edəbiləcəyi yeganə yol “ana qapı” kimi tanınan giriş darvazası olmuşdur. Digər iki qapı isə, döyüşlər zamanı və ya çətin vəziyyətlərdə gizli olaraq giriş-çıxış məqsədilə istifadə edilmişdir. Bu qapılar şimal və qərb istiqamətinə açıldığı üçün Rəvan və Gəncə-Çiləbörd qapıları adlandırılmışdır.[11]
Qarabağ arxitekturasında Şuşa qala-şəhərinin çox böyük önəmi vardır. Dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən şəhərin yuxarı məhəlləsi ilə aşağı məhəlləsi arasında təqribən 300 metr yüksəklik fərqi vardı. Şuşa arxitekturası haqqında araşdırma aparmış Həsən İxfa Əlizadənin təsbitlərinə görə, xanlıq dövründəki abidələrin bir çoxu zaman keçdikcə aşınaraq sıradan çıxmışdır. Son dövrə qədər sadəcə bir məscid, divanxana və böyük karvansaray qalmışdı. Halbuki, əvvəllər Şuşanın hər məhəlləsinin öz məscidi olmuşdur.[12] Eyni zamanda Baharlının “Əhvalati-Qarabağ” adlı əsərində xanlığın son dövrlərinə qədər Şuşada 18 hamam və 8 karvansarayın da fəaliyyət göstərdiyi qeyd olunmuşdur.[13]
Şuşa memarlığında istifadə olunan əsas materiallar daş və kərpic olmuşdur. Qala divarları, məscid, hamam, bazarların inşasında daş, evlərdə isə daha çox kərpicdən istifadə olunmuşdur. Şuşa qala şəhərinin inşası qədim Azərbaycan arxitekturasına uyğun olaraq həyata keçirilmişdir. Belə ki, Pənahəli xan Şuşa şəhərini inşa etdirərkən Təbriz, Ərdəbil və digər Azərbaycan şəhərlərindən xüsusi ustalar dəvət etmişdir.[14] Buna görə də, buradakı abidələrdə türk-islam mədəniyyəti çərçivəsində özünə məxsus yeri olan Azərbaycan memarlığının ön planda tutulduğunu görmək mümkündür.
XVIII əsrin sonlarında Şuşa şəhəri Aşağı və İbrahimxəlil xanın dövründə Yuxarı məhəllə şəklində salınmış 17 məhəllə və ya küçədən ibarət idi. Bu küçə məhəllələr Aşağı məhəllə üçün Qurdlar, Seyidli, Culfalar, Toyluq (Quyuluq), Çuxur, Dördlər qurdu, Hacı Yusifi, Dörd çinar və Çöl qala; Yuxarı məhəllədə isə Mir-xanlıq, Saatlı, Köçərli, Mamayı, xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı və Təzə məhəllədir.[15] İlk mənbələrdən əldə edilmiş araşdırmalar göstərir ki, XVIII əsrin sonlarında Şuşadakı bu məhəllələrdə yaşayan əhalinin sayı 2000 ailədən ibarət təqribən 10000 nəfər olmuşdur. Rusiyanın Qarabağ xanlığını işğal etdiyi 1805-ci ildən sonra Şuşanın daha dağlıq ərazilərində üçüncü məhəllə olan “Qazançalı” məhəlləsi salınmaya başlanmış və XIX əsr boyunca böyüyən bu məhəllə 12 küçədən ibarət olmuşdur.[16] Qarabağ səlnaməçisi Baharlının yazdığına görə, Şuşanın əsas müsəlman əhalisi Aşağı və Yuxarı məhəllələrdə yaşamışdır.[17] Buradan anlaşılır ki, rusların saldırdığı yeni məhəllə olan Qazançalıda isə, daha çox Şuşaya rus işğalından sonra axın edən qeyri müsəlmanlar, yəni rus və ermənilər yerləşmişlər. XIX əsrin sonlarında isə şəhərin əhalisi təxminən 2-3 min nəfər azalmışdı. Bunun əsas səbəbi isə, Şuşa əhalisinin bir qismi Ağa Məhəmməd şah Qacarla müharibə zamanı (1797) qaçıb dağılması, digər qismi isə Rusiya işğalından sonra İrana köçməsi idi. Belə olduğu halda müstəmləkə siyasətinin nəticəsi olaraq boş qalan yerlər qeyri azərbaycanlılar tərəfindən doldurulurdu.[18] Beləliklə, XIX əsrdə Qarabağın qeyri-müsəlman əhalisinin sayı artmış, Azərbaycan əhalisinin faizi isə azalmışdır.
[1] a.k.ə. Xəzani, Mir Mehdi (1991), ss. 116-117. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 18. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir (1989), s. 145.
[2] a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), ss. 40-41
[3] a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), ss. 160-161.
[4] a.k.ə. Əlizadə, Həsən İxfa (1991), s. 316.
[5] a.k.ə. Axundov, Nazim (1989), s. 36.
[6] a.k.ə. Qaradaği, Həsənəli (1991), s. 357.
[7] a.k.ə. Xəzani, Mir Mehdi (1991), s. 117
[8] a.k.ə. Əlizadə, Həsən İxfa (1991), s. 315. Həmçinin bax; “Şuşa”, Azərbaycan Sovet Ensiklopediyası, C. X (Bakı, 1987), s. 578
[9] Başbakanlık Osmanlı Arşivi, Hattı Hümayun (BOA. HH.) Nr. 6666;1760-A; 8488; 110; BOA, Cevdeti Hariciye, Nr. 9076.
[10] BOA, HH. Nr. 203-A.
[11] a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 18.
[12] a.k.ə. Əlizadə, Həsən İxfa (1991), ss. 316-346.
[13] Baharlı, “Əhvalati-Qarabağ”, Axundov, Nazim, red., Qarabağnamələr, C. II (Bakı, Yazıçı, 1991), ss. 227-278.
[14] a.k.ə. Əlizadə, Həsən İxfa (1991), s. 342.
[15] a.k.ə. Baharlı (1991), s. 228. Qeyd; Mirzə Yusif Qarabaği isə bu məhəllələrin adını belə yazır: Mehrili, Qazançılı, Əylisli, Çiləbörd dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur məhəllə, Hacı Yusifli, Mərdinli, Cuhudlar, Saatlı, Mamayı, xoca Mərcanlı, Çölqala və Hamamarası. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 19.
[16] Mahmudov, Yaqub və Mustafayev, Camal, Şuşa-Pənahabad (Bakı, Təhsil, 2012), ss. 39-59.
[17] a.k.ə. Baharlı (1991), s. 278.
[18] a.k.ə. Mahmudov, Yaqub və Mustafayev, Camal (2012), s. 62.