Şimali Azərbaycanın, yəni müasir Azərbaycan Respublikası ərazisinin sistemli şəkildə elmi-arxeoloji tədqiqatı sovet hakimiyyətinin ilk illərində başlanılmışdır. 1923-cü ildə yaradılmış tarixi-arxeoloji struktur olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Azərbaycanın qədim abidələrinin tədqiqinə fəal surətdə qoşulmuş və qısa müddət ərzində ölkənin elmi tarixşünaslığını müxtəlif tarixi dövrlərə aid qiymətli tarixi əsərlərlə zənginləşdirmişdir. Həmin dövrdə başlayan fəal arxeoloji ekspedisiyalar Azərbaycan ərazisinin dünyanın qədim sivilizasiyalarının beşiklərindən biri olduğunu əyani şəkildə sübut etmişdir. Sözügedən arxeoloji ekspedisiyaların rəhbəri akademik İvan Meşşaninov Azərbaycanı digər tarixi əsər və sərvətlərlə yanaşı, Qarabağın tarixi-coğrafi ərazisində yerləşən Azıx mağarası, Tağlar mağarası, Qaraköpəktəpə, Kərkicahan, Dolanlar, Qarqarçay, həmçinin Xocalı-Gədəbəy arxeoloji mədəniyyətini özündə birləşdirən “yeraltı muzey” [1] adlandırmışdır.
1960-cı ildə görkəmli Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov Azərbaycanın Füzuli rayonunda Quruçay çayının sahilində qədim insan məskəni olan Azıx mağarasını aşkar etmişdir. Azıx mağarası zəngin tapıntılarına görə arxeologiya tarixində görkəmli elmi kəşf hesab olunmuşdur. 1960–1980-ci illər arasında Azərbaycan alimləri və arxeoloqları tərəfindən 8000 kvadratmetrdən az ərazidə mədəni təbəqələrin tədqiqi üçün mağarada böyük arxeoloji tədqiqatlar aparılmışdır. Arxeoloqlar mağarada hündürlüyü 20 metr olan günbəzləri və 2 metr uzunluğunda stalaktitləri olan səkkiz böyük mağara ilə ayrılmış dəhlizi bərpa etmişdirlər. Mağaranın hündürlüyü min metrdir.[2]
1968-ci ildə Hüseynov mağaranın beşinci təbəqəsində Azərbaycan arxeoloji tarixşünaslığı üçün mühüm elmi tapıntı hesab edilən üzərində iki diş olan çənə sümüyü tapdı. Müasir metodologiya və texniki vasitələrlə aparılan araşdırmalar bu çənə sümüyünün 350-400 min il əvvəl (Aşağı Paleolit dövrünün Orta Aşel mərhələsində) yaşamış 18-22[3] yaş arası qadına məxsus olduğunu sübut etmişdir.[4]
Bu, keçmiş Sovet İttifaqı ərazisində aşkar edilmiş ən qədim insan çənə sümüyü idi və ona “azıxantrop” (Azıx adamı) adı verilmişdir.[5] Fransız paleontoloqu Lumlinin fikrincə, azıxantrop dünyada dördüncü ən qədim insan qalığıdır. Onlardan birincisi Tanzaniyanın Olduvay dərəsində Riçard Liki tərəfindən, ikincisi Keniyada, üçüncüsü isə Fransada aşkar edilmişdir. Azıxantrop keçmiş Sovet İttifaqında ən qədim tapıntı idi.[6]
Azıx mağarası daş dövrü tarixinin hər bir mərhələsini təmsil etdiyi üçün xüsusilə əlamətdardır. Mağarada ümumi tutumu 10-14 metr olan on mədəni təbəqə mövcuddur. Mağaranın yeddinci və onuncu təbəqəsində erkən daş dövrünə aid tarixi əsərlər var. Bundan əlavə, mağaranın üçüncü, beşinci və doqquzuncu təbəqələrində Aşağı Paleolit dövrünə aid qədim insanların istifadə etdiyi 15000-dən çox daş alət və artefakt aşkar edilmişdir. Beşinci və onuncu təbəqələr isə ən qədim hesab olunur və Aşeldən əvvəlki dövrə aiddir.[7]
Arxeoloqlar mağaranın dördüncü təbəqəsindəki tapıntıların odun əldə edilməsi tarixinə aid olduğunu iddia edirlər. Belə ki, ovçuluğun təsiri ilə o dövrdə yaşayan insanlar süni ocaqlar hazırlamaq üçün torpaqda çuxur qazırdılar. Bu ocaqları hörgü və ya yarımdairəvi barmaqlıqlarla əhatə edirdilər. Görünür, odun yandırıldığı yer təkcə yemək bişirmək üçün deyil, həm də ocağı qorumaq üçün istifadə olunub. 1970-ci illərin əvvəllərində mağaranın müxtəlif təbəqələrində beş oxşar ocaq tapılmışdır. “Birinin ətrafı 30 santimetr qalınlığında ayparayabənzər daş divar bünövrəsi ilə əhatə olunmuşdu… Bu, bəşəriyyət tarixində məlum olan ilk tikinti və ilk məlum ocaq yeridir. Çox güman ki, 700-500 min il əvvəlki dövrə aiddir”.[8]
Alimlərin fikrincə, azıxantrop həm də süni yaşayış yerləri yaratmaq üçün tikinti ilə məşğul olmuşdur. “Azıx mağarasında tapılan ayı kəllə sümüyünün üzərində oyulmuş səkkiz maili xətt bizə azıxantropun əsrarəngiz mənəvi həyatı haqqında daha çox məlumat verir. Bu xətlər istənilən düşüncənin, rəqəmin, ritualın, şəklin və s. əksi ola bilər. Bu yanaşmanın başqa heyvanlara deyil, məhz ayının kəllə sümüyünə qarşı göstərilməsi erkən totemizmdən xəbər verir”.[9]
Azıx mağarasının kəşfi bütün dünyada geniş elmi auditoriyanın diqqətini çəkmişdir. Alimlər bu kəşfi bəşəriyyətin ən qədim tarixinin daha yaxşı başa düşmülməsi yolunda edilmiş mühüm addım olaraq qiymətləndirilər. Beləliklə, mağaranın kəşfi 1981-ci il dekabrın 8-də Parisdə açılmış “Avropanın ən qədim sakinləri” adlı sərgidə nümayiş etdirilmişdir.[10] Bundan başqa, bu tapıntıya görə Azərbaycan “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmiş və Azıx mağarası dünyanın ən qədim insan məskənlərindən biri olaraq tanınmışdır.
Keçmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalından sonra ermənilər həmin rayonlardakı tarixi abidələri məhv etməyə və Azərbaycanın tarixini saxtalaşdırmağa başladılar. S. Mkrtçyan “Dağlıq Qarabağın tarixi və memarlıq abidələri” adlı kitabında yazır ki, “Azıx mağarasında Aşel mədəniyyətinə aid qadın “heykəli” tapılıb və heykəlin geyimi müasir erməni qadınlarının geyiminə çox bənzəyir”.[11] Digər erməni alimi, arxeologiya haqqında məlumatı olmayan ədəbiyyatşünas S. Xanzadyan 1986-cı ildə “Avanqard” jurnalında Mkrtçyanın kitabına yazdığı resenziyada Mkrtçyanın əsassız fikrini dəstəkləmişdir. Əslində isə bu, minilliklər ərzində damcının düşməsi nəticəsində formalaşmış buzla örtülmüş 2 metrlik stalaqnat sütun idi.[12]
Azərbaycan arxeoloqlarının Qarabağda apardıqları digər mühüm tarixi kəşf Quruçayın sol sahilində yerləşən Tağlar mağarasıdır. Tağlar mağarası Azıx mağarasının yaxınlığında yerləşir. Bu qədim insan məskənləri arasındakı məsafə 3 km-dir. Mağaranın adı yaxınlıqdakı Tağlar kəndindən götürülmüşdür. Mağaranı kəşf edən azərbaycanlı arxeoloq Məmmədəli Hüseynov onu Qafqazın ən mühüm arxeoloji və tarixi əsərlərindən biri hesab etmişdir. O, birinci və ikinci təbəqələrdəki tapıntıların orta və son Mustye (Musterian) dövrlərinə aid olduğunu iddia edirdi. Mağaranın son təbəqəsinin Yuxarı Paleolit dövrünün əvvəllərində formalaşdığı təxmin edilmişdir.[13]
Qazıntı zamanı Tağlar mağarasının aşağı təbəqəsində onurğalı heyvanların qalıqları və çoxlu daş alətlər aşkar edilmişdir. Bir çox daş artefakt və məmulatlar xüsusi ustalıqla hazırlanmışdır. Azərbaycan tarixçisi İqrar Əliyev bildirib ki, bu kəşflər mağara sakinlərinin ovçuluq və yığıcılıq alətləri hazırlamağın sadə üsulları haqqında bilgiləri, eləcə də ətraf mühit haqqında təbii və mənəvi anlayışa malik olduqları təəssüratını yaradır.[14]
Bu iki mağaradan əlavə Qarabağ ərazisində digər mağaralar da kəşf edilmişdir. Bu mağaralar Azıx və Tağlar mağaraları qədər qədim olmasa da, çoxlu qiymətli tarixi əsərlər və materiallara malik idilər. Hələ 1940-cı illərdə Azərbaycan arxeoloqu İ.M.Cəfərov yerli əhalinin qədim etiqadlarının və inanclarının öyrənilməsində bu mağaraların əhəmiyyətini qeyd etmişdir. Cəfərovun sözlərinə görə, Qubadlı rayonunda çoxlu mağaralar var. Süni mağaralardan fərqli olaraq yerli əhali onları “kaha” adlandırır, məsələn, Əliquluuşağı kəndinin yaxınlarında yerləşən “Ağ kaha”, “Qara kaha” kimi. Yerli sakinlər bu mağaraların ibadət yeri olduğuna inanırdılar.[15]
Füzuli rayonu ərazisində yerləşən Qarabağın unikal arxeoloji abidəsi olan Qaraköpəktəpədə tapıntılar aşkar edilənə kimi Qarabağda Mezolit dövrünün öyrənilməsində ciddi boşluqlar mövcud idi. Ona görə də qədim Qarabağın arxeologiyasını tədqiq edən alimlər Mezolit dövrünü atlayaraq, Tağlar mağarasından birbaşa Eneolit dövrünə keçid edirdilər. Lakin 1960-cı illərdə Qaraköpəktəpədə başlanılmış stasionar qazıntılar müəyyən dərəcədə bu boşluğu doldurmağa imkan verdi, həmçinin Azərbaycan arxeologiyasını əhəmiyyətli şəkildə zənginləşdirdi.[16]
Tunc və dəmir dövrü Qarabağ bölgəsiniin arxeologiyası üçün müstəsna əhəmiyyətə malikdir. Qaraköpəktəpə ilə yanaşı başqa çoxsaylı qəbirlər, habelə bölgənin müxtəlif yerlərində aşkar edilmiş müxtəlif növ tapıntılar bu faktı təkzibolunmaz surətdə təsdiqləyir. 1930-cu illərdə Qarabağa göndərilən arxeoloji ekspedisiyalar tərəfindən edilən bu kəşflər Azərbaycanın arxeoloji kolleksiyasını da zənginləşdirmişdir. 1938-ci ildə Kərkicahan kəndi yaxınlığında Yakov Hümmel tərəfindən aşkar edilən Kərkicahan Sovet İttifaqının arxeoloji tədqiqatlarında mühüm tapıntılardan biri hesab olunurdu.[17] Qarabağın dəmir dövrü arxeologiyası üçün daha bir mühüm hadisə isə 1948-ci ildə kəşf edilən Dolanlar kəndi yaxınlığındakı qədim qəbiristanlıqdır.[18]
Ümumiyyətlə, Qarabağda Azıx mağarası, Tağlar mağarası, Qaraköpəktəpə, Kərkicahan, Dolanlar, Qarqarçay kimi qədim tapıntıların və tarixi abidələrin, eləcə də Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin aşkar edilməsi Azərbaycanın bütün tarixi dövrlərinin araşdırılmasına zəmin yaratmış, beynəlxalq ictimaiyyətin Azərbaycana və Qafqaza baxışının dəyişdirilməsində mühüm rol oynamış, beləliklə də Azərbaycana qədim insan məskəni kimi baxılmağa başlanmışdır.
[1] Гаджиев, Г., Аббасов, В. Историко-археологические исследования Гаргарчайского бассейна Карабахской зоны Азербайджана // Наследие, – 2007. № 4–5. – с. 43
[2] Султанов, Р.Г. Геологическое строение палеолитовых карстовых пещер Азыха и Таглара в Нагорном Карабахе Азербайджана // Материальная культура Азербайджана. – Баку: – т. 7. – 1973. – c. 32.
[3] Cəfərov, Ə. Quruçay dərəsində. – Bakı. – 1990. – s. 31–34.
[4] Алиев, И.Г. Нагорный Карабах: история, факты, события. – Баку: Элм, – 1989. – с. 7.
[5] Zardabli, I.B. The History of Azerbaijan: From Ancient Times to the Present Day. – Rossendale Books, – 2014. – s. 14.
[6] Mustafayev, A. Jawbones and Dragon Legends: Azerbaijan’s Prehistoric Azikh Cave // Azerbaijan International, – vol. 4, № 2. – 1996. URL: http://www.azer.com/aiweb/categories/magazine/42_folder/42_articles/42_azikhcave.html (İstifadə tarixi: 1 dekabr 2024)
[7] Султанов, Р.Д. Геологическое строение Азыхской пещеры в долине р. Куручай // Материалы сессии, посвященной итогам археологических и этнографических исследований 1964 г. в СССР. Тезисы докладов. – Баку: – 1965. (Həmçinin bax: Ширинов, Н.Ш. О геоморфологической датировке возраста Азыхской пещерной стоянки палеолитического человека // Материалы сессии, посвященной итогам археологических и этнографических исследований 1964 г. в СССР. – Баку: – 1965; Həmçinin bax: Гусейнов, М.M. Древний палеолит Азербайджана. – Баку: ТекНур, – 2010. – s. 12–62.)
[8] Mustafayev, A. Jawbones and Dragon Legends: Azerbaijan’s Prehistoric Azikh Cave.
[9] Yenə orada.
[10] Shukurov, K.K. A History of Azerbaijan: From the Furthest Past to the Present Day / Vision of Azerbaijan. – March-April, 2010. URL: http://www.visions.az/en/news/35/fdf8b4b9/ (İstifadə tarixi: 1 dekabr 2024)
[11] Armenian excavations in Azikh or how history is falsified // IRS-Heritage, – vol. 4, № 23. – 2015. – s. 12 (Həmçinin bax: Karabağ: Sorular ve Gerçekler. – İstanbul: Erkam, – 2011. – s. 16.)
[12] Yenə orada, s. 16.
[13] Гусейнов М.М. О палеолитической стоянке в пещере Таглар // Материальная культура Азербайджана. – Баку: 1973. – т. 7. – с. 11–19.
[14] a.k.ə. Алиев, И.Г. Нагорный Карабах: история, факты, события. – с. 7–8.
[15] Джафаров, И.М. Следы древней культуры человека на территории Азербайджана // – Баку: Сборник статей по истории Азербайджана. Выпуск I, – 1949. с. 20.
[16] Исмаилзаде, Г. Гаракепектепе – сокровищница истории // Наследие, – 2006. № 6 (24). второе издание (2007). – с. 46–47.
[17] Гуммель, Я.И. Раскопки в Нагорно-Карабахской Автономной Области в 1938 году // Известия АзФАН СССР, – 1939. № 4. – с. 77–80.
[18] Минкевич, Н.В. Разложения родового общества в древнем Азербайджане // – Баку: Сборник статей по истории Азербайджана. Выпуск I, – 1949. – c. 53–54.