Bu gün Qarabağ torpağının yerləşdiyi Kür və Araz çayları arasında qalan ərazilər qədim Azərbaycanın bir parçası olaraq müxtəlif tayfaların müstəqil və sərbəst şəkildə yaşadığı bir bölgə olmuşdur. E. ə. IV əsrin sonlarında bu ərazidəki vilayətlər arasında iqtisadi və mədəni əlaqələrin inkişafı Azərbaycan Albaniya dövlətinin yaranmasına gətirib çıxardı. Azərbaycan Albaniya dövləti kimi tanınan bu dövlətə 705-ci ildə Ərəb xilafəti son qoydu. Ölkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və ətrafı ilə birlikdə) daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda – Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırlı və Qanıx çaylarının yuxarılarından başlayaraq şərqə doğru – Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Azərbaycan Albaniya dövlətinin ərazisi inzibati cəhətdən əyalətlərə, onlarda öz növbəsində vilayətlərə bölünürdü. Albaniyada bu dövrlərdə əsasən 10 əyalət olmuşdur. Onların 6-sı Kür çayının sol sahilində, 4-ü isə Kür çayının sağ sahilində tarixi Qarabağın coğrafi ərazisində yerləşmişdir. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhəri olmuşdur.[1]
VIII əsrin əvvəllərindən etibarən Azərbaycan ərazisi inzibati cəhətdən Ərəb xilafətinin əl-Cəzirə əmirliyinə qatıldı. Ərəblər bundan sonra qədim Albaniya ölkəsini Arran adlandırmağa başladılar. Erkən orta əsrlər dövründə, Azərbaycanın Araz çayından şimaldakı əraziləri Arran vilayətinə daxil idi. İndiki Qarabağın ərazisinin yerləşdiyi Arranın ümumi sərhədləri şimali-şərqdə Dərbənd və Xəzər dənizindən tutmuş qərbdə Tiflisə və cənubi-qərbdə Araz çayına qədər əraziləri əhatə edirdi. Son orta əsrlər dövründə isə Arran vilayəti Kür və Araz çayları arasındakı torpaqları əhatə etmişdir.[2]
Ərəb xilafəti dövründə Qarabağ Albaniya zamanında olduğu kimi nəinki Azərbaycanın həm də bütün bölgənin siyasi mərkəzi olaraq qalmaqda idi. Belə ki, Qarabağın inzibati mərkəzi olan Bərdə şəhəri ərəb canişinlərinin iqamətgahı olmaqla yanaşı, həm də çiçəklənən ticarət mərkəzi rolunu oynayırdı.[3] İnkişaf səviyyəsinə görə ərəb müəllifləri Bərdəni bölgənin “Bağdadı” adlandırmaqdan belə çəkinməmişlər. Həmin dövrdə Bərdədən çıxan bir sıra görkəmli alimlər Azərbaycanın şöhrətini bütün xilafətə yaymışdılar ki, onlardan da Sədallah əl-Bərdəini, Səid ibn Əmr əl-Əzdi əl-Bərdəini, Əbu Bəkr əl-Bərdəini və digərlərini qeyd etmək olar[4].
Qarabağın tarixən bir-biri ilə sıx, iqtisadi və mədəni əlaqədə olan dağlıq və düzən əraziləri coğrafi baxımdan Arranın tərkib hissəsi və onun mərkəzi hesab olunurdu.[5] Mirzə Camal Cavanşir “Qarabağ tarixi” əsərində Qarabağın sərhədləri barədə yazır:
Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədləri belədir. Cənub tərəfdən xudafərin körpüsündən Sınıq körpüyə qədər –Araz çayıdır. İndi Sınıq körpü Qazax, Şəmşəddil və Dəmirçi Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahı ilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən keçib Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı, Ərikli adlanan uca Qarabağ dağlarıdır.[6]
Səfəvlər dövründə Qarabağ bölgəsi məkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyiliyi kimi Səfəvi dövlətinin (1501-1736) tərkibinə daxil olmuş və on üç inzibati vilayətdən birini təşkil etmişdir. Qarabağ bəylərbəyliyi tarixi Arran vilayətini, daha doğrusu Kür və Araz çayları arasındaki torpaqları əhatə etmiş və hətta XVII əsrin sonlarında onun sərhədləri Tiflisə gədər uzanmışdır.[7] Qarabağ bəylərbəyiliyinin bu ərazisi demək olar ki, Osmanlı hakimiyyəti dövründə (1588-1606 və 1724-1735-ci illər) də dəyişməmişdir. Belə ki, əyalətin ərazisi, əsasən Kür və Araz çayları arasındakı ərazini, yəni I Şah İsmayıl dövründə yaradılan və sərhədləri Tiflisə qədər uzanan Qarabağ bəylərbəyliyinin sahib olduğu torpaqları əhatə etmişdir.[8]
1747-ci il 20 iyunda Nadir şahın sui qəsd nəticəsində öldürülməsindən sonra Azərbaycanda yarımmüstəqil və müstəqil xanlıqlar sistemi yaranmağa başlandı. Keçmiş Qarabağ bəylərbəyliyinin ərazisində iki xanlıq: Gəncə (1747-1804) və Qarabağ xanlıqları (1747-1822) yaranmışdır. Ərazisi indiki Qarabağ ərazisini əhatə edən Qarabağ xanlığının XVIII əsrdəki sərhədləri cənubda Araz çayı üzərindəki xudafərin körpüsündən başlayaraq Cavad, Zərdab və Əlvənd kəndləri, şərqdə Kür çayı, şimalda Gəncə xanlığı ilə Qarabağ arasındakı Goran çayı, qərbdə isə Qarabağ dağları və Naxçıvan xanlığı ilə əhatə olunmuşdur.[9] Qarabağ xanlığının sahəsi təqribən 18000 km2 olub,[10] şimaldan cənuba 182, şərqdən qərbə qədər isə 273 km olduğu bildirilir.[11]
[1] a.k.ə. Mahmudov Y.M., və Şükürov K.K. (2009), s. 14. Həmçinin bax; Azərbaycan tarixi (yeddi cilddə), C. II (Bakı, Elm, 2007), ss.14-22. Həmçinin bax; a.k.ə. Məmmədov, Tofiq, ss. 44-51
[2] a.k.ə. Azərbaycan tarixi (2007), ss. 181-185. Həmçinin bax; Bünyadov, Ziya, Azərbaycan VII-Ix əsrlərdə (Bakı, Pedaqogika, 2004), ss. 92-95.
[3] Минорский, В.Ф., История Ширвана и Дербенда x-xI веков (Москва, 1963), с. 38.
[4] Каджар, Ч., Старая Шуша (Баку, 2007), с. 34.
[5] a.k.ə. əl-Əhəri, Əbu Bəkr əl-Qütbü, s. 57. Həmçinin bax; a.k.ə. T.H., Nəcəfli, (2010), s. 65.
[6] Qarabağnamələr, C. I (Bakı, 1989), ss. 107-108. Həmçinin bax; a.k.ə. Piriyev V.Z., (2003) s. 100. Həmçinin bax; a.k.ə. Mahmudov Y.M., Şükürov K.K. . (2009), s. 11. Həmçinin bax; a.k.ə. T.H., Nəcəfli, (2010), ss. 65-66.
[7] Эфендиев, Октай, Карабах в составе государств Каракойунлу, Аккойунлу и Сефевидов (xVxVII вв.), Карабах-Очерк истории и культуры (Баку, 2004), сc. 68-69.
[8] Məmmədov, Hüsaməddin, Gəncə-Qarabağ əyalətinin müfassəl dəftəri (Bakı, Şuşa nəşriyyatı, 2000), ss. 5-6
[9] Qarabaği, Mirzə Camal Cavanşir, “Qarabağ tarixi”, Fərzəliyev, Akif, red., Qarabağnamələr (Bakı, Yazıçı, 1989), ss. 107-109. Həmçinin bax; Qaradaği, Həsənəli, “Qarabağ vilayətinin qədim vəcədid keyfiyyəti və övzaları”, Axundov, Nazim, red., Qarabağnamələr (Bakı, Yazıçı, 1991), s. 352.
[10] a.k.ə. Sami, Şemsettin, s. 3621.
[11] Mirzə Camaloğlu, Rzaqulu bəy, “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”, Axundov, Nazim, red., Qarabağnamələr (Bakı, Yazıçı, 1991), s. 206.