Səfəvilər dövründə Qarabağın statusu necə idi?

Qarabağ hələ Azərbaycan Səfəvilər dövlətinin yaradılmasına kimi Azərbaycan dövlətçiliyi tarixində mühüm rol oynayan bölgələrdən biri olmuşdur. Qarabağ bölgəsi, ardıcıl olaraq IX–X əsrlərdə Sacilər (879–941) və Salarilər (941–981), X–XI əsrlərdə Şəddadilər (971–1088) və Böyük Səlcuqlar, XII–XIII əsrlərdə Eldənizlər (1136–1225), XIII əsrin ikinci yarısından başlayaraq XIV əsrin ortalarına qədər Elxanilər (1256–1357), XIV əsrin ikinci yarısında Cəlairilər (1359–1410), XV əsrdə isə Qaraqoyunlu (1410–1468) və Ağqoyunlu (1468–1501) Azərbaycan dövlətlərinin tərkibinə daxil olmuşdur.[1] Qarabağ Arranın əsas tərkib hissəsi kimi orta əsrlərdə Azərbaycanda baş vermiş ictimai-iqtisadi və siyasi hadisələrin mərkəzlərindən birinə çevrilmişdir. Belə ki, Səlcuq hökmdarı Sultan Alp Aslan (1063–1072) gürcülərə qarşı çıxdığı səfərdən dönərkən bir müddət Qarabağda qalıb qışı burada keçirmişdir (1064).[2]

Şəmsəddin Eldəniz (1136–1175) Atabəylər dövlətinin təməlini bu bölgədə – Bərdədə qoymuşdur.[3] Elxani hökmdarlarından üçü – Qazan xan (1295–1304), Arpa xan (1335–1336) və Ənuşirəvan (1344–1355) səltənət taxtına Qarabağda çıxmış, ikisi isəArqun xan (1284–1291) və Əbu Səid (1316–1335) Qarabağda vəfat etmişdirlər. Cəlairi Şeyx Üveys (1359–1374) və Sultan Əhmədin (1382–1410, fasilələrlə) hakimiyyəti dövründə Qarabağ Cəlairi əmirləri tərəfindən idarə olunmuş, Əmir Teymur (1370–1405) isə Qarabağ əra­zisindən özünün qərbdəki düşmənlərinə qarşı mübarizədə başlıca istinadgah kimi istifadə etmişdir. Eləcə də Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin həlledici döyüş­lə­rindən bəziləri Qarabağda baş vermişdir. Bu baxımdan Qarabağdan olan tayfa və tayfa başçıları müxtəlif mühüm proses və məsələlərdə çox aktual rol oynamışdırlar.[4]

1501-ci ildə Azərbaycan Səfəvi dövlətinin əsası qoyulduqda Qa­ra­bağ ərazisi onun tərkibinə mərkəzi Gəncə olan Qarabağ bəylərbəyiliyi kimi daxil olmuşdur. Anonim azərbaycanlı müəllif tərəfindən qələmə alınmış “Tarix-i aləmara-yi Şah İsmayıl” adlı əsərdə 1508-ci il hadisələrindən bəhs edilərkən qeyd edilir ki, Şah İsmayıl (1501–1524) aparılan mübarizədə fədakarlıq göstərmiş qızılbaş əmirlərini yüksək qiymətləndirmiş və onların övladlarını müxtəlif yüksək vəzifələrə təyin etmişdir. Bununla bağlı müəllif Qara Piri bəyin oğlu Rüstəm bəy Qacarın Qarabağ bəylərbəyi təyin olunduğunu qeyd etmişdir.[5] Bu məlumatdan aydın olur ki, Şah İsmayıl dövründə yaradılmış olan Qarabağ bəylərbəyiliyi ilk vaxtlar Qara Piri bəyin oğlu Rüstəm bəy Qacar tərəfindən idarə edilmişdir. Osmanlı müəllifi Heydər Çələbi öz “Rüznamə”sində Çaldıran döyüşündə öldürülən Səfəvi əmirləri arasında Gəncə və Bərdə valisi olan Sərdar bəy Qacarın adını çəkmişdir.[6]

Güman etməyə əsas vardır ki, Sərdar bəy Qacar da yuxarıda qeyd edilən nəslin nümayəndəsi olmuşdur. Qacar nəslinin davamçısı olaraq Ziyadoğlu nəslinə Şah Təhmasib (1524–1576) tərəfindən Qarabağ bəylərbəyliyinin hakimi titulu verilmişdir. Azərbaycan tarixşünaslığında Qarabağ bəylərbəyliyinin Şah İsmayıl dövründə yaranmadığı da iddia edilir. Bəylərbəyliyin Şah İsmayılın oğlu Şah Təhmasibin dövründə yarandığı və onun ilk hökmdarının Qacar ​​nəslinin Ziyadoğlu qolundan Şahverdi xanın olduğu ehtimal edilir. Şah İsmayıl dövründə Qarabağ hakiminin kim olduğu məlum olmasa da, Əfəndiyev iddia edir ki, bu dövrdə Qarabağı Qacar tayfa əmirləri idarə etmişdirlər. Görünür, məhz bu dövrdə Qarabağda hakimiyyət Qaramanlılardan (başqa türk tayfası) Ziyadoğlu nəslinə keçmişdir.[7] Qeyd etmək lazımdır ki, Səfəvilər dövründə Qacarların Qarabağda hakim vəzifələri tutması təsadüfi deyildir. Qacarların Azərbaycana, eləcə də Gəncə və Bərdə bölgəsinə yerləşməsi Oğuz xanın İran səfərləri dövründə baş vermişdi. Qacarlar Şeyx Heydər hərəkatı və dövlətin qurulmasında Səfəvilərə dəstək verən və bu mübarizədə fəal iştirak edən tayfalardan biri olmuşdur. Qacar ​​nəsli Azərbaycan ərazisində xanlıqlar qurulana qədər təxminən 250 il (qısa fasilələrlə) Qarabağ bəylərbəyliyini idarə etmişdirlər.[8]

Qarabağ bəylərbəyiliyi Səfəvi dövlətinin 13 inzibati vilayətindən biri olmuşdur. Qarabağ bəylərbəyiliyinin sərhədlərini dəqiq söyləmək çətin olsa da, təxmini olaraq tarixi Arran vilayətini, daha doğrusu, Kür və Araz çayları arasındaki torpaqların əsas hissəsini əhatə etdiyini söyləmək mümkündür. XVI-XVII əsrlərdə mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyinin sərhədləri Tiflisə qədər uzanırdı. Onun ərazisi inzibati cəhət­dən Axstabad (Ağstafa), Cavanşir, Bərgüşad, Qazax və Şəmsəddil mahallarına ayrılırdı.[9] Tarixi sənədlərə görə, bu mahalların sayı zaman-zaman dəyişib. Belə ki, 1606-cı ildə I Şah Abbas (1587–1629) dövründə Osmanlı dövlətindən geri alınmış Loru və Pəmbək əraziləri Qarabağ bəylərbəyiliyinə tabe edilmişdir.[10] XVII əsrin sonlarına aid olan və Səfəvi imperiyasının dövlət quruluşuna həsr edilmiş “Təzkirətül-müluk” əsərində Qarabağ bəylərbəyiliyinə tabe olan Zəyəm, Bərdə, Axstabad (Ağstafa), Cavanşir, Bərgüşad, Qaraağac (Gürcüstanın Kaxeti bölggəisndə yerləşir), Loru, Pəmbək, Arazbar, Bəyazidli, Simavi və Tərkür mahallarının adları sadalnmışdır. Kitabda bəylərbəyliyin illik ümumi gəlirinin 24780 tümən 9435 dinar, daimi ordunun sayı isə 6084 nəfər göstərilmişdir.[11] Səfəvilər imperiyası dövründə Qarabağın demoqrafik vəziyyətinə və etnik tərkibinə istinad edən əsas etibarlı mənbələr Osmanlı dövləti tərəfindən tərtib edilmiş 1593-cü il tarixli “Gəncə-Qarabağ əyalətinin icmal dəftəri”, eləcə də 1727-ci il tarixli “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” və “Təzkirətül-müluk” əsəridir. Bu mənbələrdə yer alan tarixi məlumatlara görə, Qarabağ bəylərbəyiliyində yaşayan əhalinin əsas hissəsi Azərbaycan türklərindən ibarət olmuşdur. Burada yaşayan tayfa və oymaqların, yaşayış məntəqələrinin, yaylaq və qışlaq adlarının daha çox türk mənşəli olması həmin ərazilərin türk boylarına aid olması barədə yuxarıda qeyd olunan fikri bir daha təsdiq edir.[12] Qeyd olunan mənbələrdə Gəncə-Qarabağ əyalətində qeyri-müsəlman xristian əhalinin yaşadığı bildirilsə də, Qarabağ ərazisində hər hansı bir inzibati vahid kimi xristian məliklikliyin mövcud olduğu qeyd edilməmişdir.


[1] Azerbaycan // Türk Ansiklopedisi. – İstanbul. – c. 4. – 1989. – s. 410–420.

[2] Osmanlı Devleti ile Azerbaycan Türk Hanlıkları Arasındaki Münasebetlere Dair Arşiv Belgeleri. – Ankara: Türkiye Cumhuriyyeti Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü. – c. 1. – 1992. – s. 19.

[3] Bünyadov, Z. Azərbaycan Atabəyləri dövləti (1136–1225-ci illər). – Bakı: Şərq-Qərb. – 2007. – s. 38–39.

[4] a.k.ə. Nəcəfli, T. XV–XVII yüzilliklərdə Qarabağın ictimai-siyasi həyatı. – s. 66–71.

[5] Anonim, Aləmara-ye Şah Esmail. – Tehran: Bünyad-i tərcümə və nəşr-i kitab. – 1349. – s. 170; Həmçinin bax: Nəcəfli, T. XV–XVII yüzilliklərdə Qarabağın ictimai-siyasi həyatı. – 2010. – s. 72.

[6] Sümer, Faruk, Safevi Devleti’nin Kuruluşu ve Gelişmesinde Anadolu Türkleri’nin Rolü. – Ankara: Türk Tarih Kurumu Basımevi. – 1992. – s. 37.

[7] a.k.ə. Эфендиев, О.А. Карабах в составе государств Каракоюнлу, Аккоюнлу и Сефевидов. – с. 64.

[8] a.k.ə. Nəcəfli, T. XV–XVII yüzilliklərdə Qarabağın ictimai-siyasi həyatı. – s. 72–73.

[9] a.k.ə. Эфендиев, О.А. Карабах в составе государств Каракоюнлу, Аккоюнлу и Сефевидов. – с. 68–69.

[10] Эфендиев, О. Территория и границы Азербайджанских государств в XV–XVI вв. // Историческая география Азербайджана. – Баку. – 1987. – с. 114.

[11] Musalı, N. Səfəvilər zamanında Qarabağ bəylərbəyiliyinin yaradılması və onun inzibati quruluşu // “Qarabağ dünən, bu gün və sabah” V elmi-əməli konfransın materialları. – Bakı. – 2006. – s. 167–168.

[12] a.k.ə. Nəcəfli, T. XV–XVII yüzilliklərdə Qarabağın ictimai-siyasi həyatı. – s. 81–84.