Sovet dövründə Dağlıq Qarabağ əhalisinin etnik tərkibi necə idi?

Sovet dövründə DQMV-ində etnik tərkibin necə olduğu barədə daha aydın təsəvvür əldə etmək üçün 1923-cü il iyulun 7-də DQMV-nin yaradılmasına kimi buradakı etnik və siyasi vəziyyəti öyrənmək lazımdır. Belə ki, 1916-cı ildə Çar Rusiyasının həyata keçirdi siyahıyaalmalara görə Şuşa qəzasında əhalinin ümumi sayı 171.954 nəfər idi ki, onların 77.189 nəfərini azərbaycanlılar, 94.785 nəfərini isə ermənilər təşkil etmişdir.[1] Lakin sonrakı illərdə bölgədə yerli müsəlman əhaliyə qarşı erməni terrorizmi nəticəsində etnik azərbaycanlıların sayı azalmışdır. 1917-ci ilin oktyabrında baş verən bolşevik çevirilişindən sonra hakimiyyəti ələ keçirən bolşeviklər Leninin rəhbərliyi altında birtərəfli qaydada Birinci Dünya müharibəsindən çıxdığı üçün rus ordusundan tərxis edilən erməni quldur dəstələri ilə birlikdə Azərbaycana, eləcə də Qarabağa soxularaq Qarabağın azərbaycanlı əhalisini məhv edirdilər və buranı yeni yaradılmış Ararat Respublikasına birləşdirmək istəyirdilər. Bu məqsədlə 1918–1919-cu illərdə Qarabağ bölgəsində 150-dən çox azərbaycanlı kəndinin əhalisi məhv edilmişdi.[2]

Həmin çətin vaxtlarda Osmanlı imperiyasının verdiyi hərbi dəstək Azərbaycanın bəzi bölgələrində erməni vəhşiliklərinin qarşısını almağa imkan verdi. Osmanlı imperiyası və Azərbaycanın birgə hərbi birləşmələrindən ibarət Qafqaz İslam Ordusu Gəncədən Bakıya doğru yürüş edərkən Azərbaycanın bütün ərazilərini azad etdi. Sentyabrın 15-də Bakı daşnak-bolşevik birləşmələrindən azad edildi. Oktyabr ayına qədər Şuşa və bütün Qarabağ bütünlüklə Qafqaz İslam Ordusunun nəzarətində idi. [3] Bu ordu bölgəyə nəzarəti ələ keçirə bilsə də, o zaman Qarabağda yaşayan çox sayda etnik azərbaycanlı ya deportasiya edilmiş, ya da ermənilər tərəfindən öldürülmüşdü.

1920-ci ilin aprelində Qırmızı Ordu Azərbaycanı işğal etdikdən sonra erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları yeni forma aldı. 1921–1925-ci illərdə Azərbaycan K(b)P MK-nın birinci katibi Sergey Mironoviç Kirovun ermənipərəst siyasəti erməniləri ruhlandırdı və bölgədəki inzibati-siyasi vəziyyəti dəyişdirdi. Qarabağ tarixində ilk dəfə olaraq Yuxarı (Dağ/Dağlıq) Qarabağ və Aşağı Qarabağ anlayışlarından istifadə edildi. Beləliklə, Qafqaz Bürosu MK RK(b)P Azərbaycan SSR tərkibində Dağlıq Qarabağa muxtariyyət statusu verilməsi haqqında qərar qəbul etdi. Nəticədə 1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi DQMV-nin Azərbaycan SSR-in tərkib hissəsi kimi yaradılmasını rəsmiləşdirən dekret qəbul etdi. DQMV-nin yaradılması daha çox ermənilərin bölgədə məskunlaşmasına yol açmış oldu. Nəticədə bölgədə ermənilərin sayı artmaqda idi. Artan məskunlaşmalar bölgədəki demoqrafik vəziyyəti ermənilərin xeyrinə dəyişirdi. 1926-cı ildə sovet hökumətinin həyata keçirdiyi siyahıyaalmaya görə DQMV-də yaşayan 125.300 nəfər əhalinin 111.700-ü (89%) erməni, 12.600-ü (11%) isə azərbaycanlı idi.[4] Keçən dövr ərzində Qarabağ əhalisinin etnik tərkibi ciddi bir şəkildə dəyişdirildiyi kimi, DQMV-də milli-mədəni dəyərləri də assimilyasiyaya məruz qalmışdı, burada Azərbaycan türklərinə məxsus tarixi yer adları, yaşayış məntəqələrinin adları dəyişdirilərək erməni adları ilə əvəz edilmiş, vilayətin mərkəz Şuşadan Xankəndiyə köçürülmüş və Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılmışdı.

Sovet hakimiyyətinin ilk 20 illik dövründə Dağlıq Qarabağda əhalinin etnik tərkibi məsələsinə gəlincə, xüsusilə 1930-cu illərdə Sovet Azərbaycanında məsul vəzifələrin çoxuna ermənilərin təyin edilməsi və onların anti-Azərbaycan fəaliyyəti nəticəsində Dağlıq Qarabağda ermənilərin sayı 1939-cu ilə kimi 2.6% artdı. Belə ki, 1930-cu illərin sonlarında Türkiyə ilə Sovet İttifaqı arasında münasibətlər kəskinləşdiyi üçün sovet rəhbərliyi azərbaycanlı əhaliyə Türkiyə ilə qardaşlıq münasibətinə görə etimad göstərmədiyindən 1937–1938-ci illərdə yüzlərlə azərbaycanlı ailəsi Dağlıq Qarabağdan didərgin salınmış, Ermənistan SSR-dən olan erməni ailələri isə bölgəyə yerləşdirilmişdir.[5]

İkinci Dünya müharibəsi illərində müharibənin dağıdıcı xarakter daşıması səbəbindən Dağlıq Qarabağın Azərbaycan və erməni əhalisinin sayı azalmışdı. 1959-cu il əhalinin siyahıyaalınmasına əsasən Dağlıq Qarabağın erməni əhalisi 86%-ə (121 min nəfər) qədər azalmış, azərbaycanlıların sayı isə 14%-ə qədər artmışdı. Regionda demoqrafik vəziy­yətin dəyişməsi sonrakı iki onillikdə də etnik azərbaycanlıların xeyrinə davam etdi. 1979-cu il siyahıyaalmasına görə Dağlıq Qarabağ əhalisinin təqribən 75%-ni ermənilər, 23%-ni azərbaycanlılar, 2%-ni isə digər xalqların nümayəndələri təşkil edirdi.[6] Bu statistik məlumatlardan da göründüyü kimi, 1939–1979-cu illərdə aparılan əhalinin siyahı­yaalınması nəticəsində Dağlıq Qarabağın azərbaycanlı əhalisi müəyyən qədər artmışdı. Sovet İttifaqının sonlarına doğru etnik ermənilərin sayı yenidən artmağa davam etmişdi. Belə ki 1989-cu il sovet əhali siyahıyaalmasının yekunlarına görə Dağlıq Qarabağ Muxtar Vilayətinin 187,8 min nəfərlik əhalisinin 76,9%-i (145,500) etnik ermənilər, 21,5%-i (40,688) etnik azərbaycanlılar və 1%-i (1,99 min) isə digər etnik qruplar olmuşdur.[7]


[1] a.k.ə. Mahmudov, C. Karabağ’ın Etnik Yapısının Oluşumuna Tarihsel ve Demografik Bakış. – s. 566.

[2] a.k.ə. Uçarol, R. Siyasi Tarih (1789–1994). – s. 485–491. Həmçinin bax: a.k.ə. Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri. XIX–XX əsrlər: müxtəsər xronoloji ensiklopediya. – s. 42–100.

[3] a.k.ə. Osmanlı Belgelerinde Karabağ. – s. 240–241. Həmçinin bax: a.k.ə. Karabağ // Meydan Larousse: Büyük Lugat ve Ansiklopedi. – İstanbul. – c. 6. – 1971. – s. 917. Həmçinin bax: Süleymanov, M. Qafqaz İslam Ordusu və Azərbaycan. – Bakı. – 1999. – s. 72–83–139. Həmçinin bax: a.k.ə. Ağayev, Y., Əhmədov, S. İstiqlal yürüşü – 1918. – s. 109–167.

[4] Бахышов, Ч.А. Изменение этнического состава населения Азербайджанской ССР (по данным переписей 1897–1979 гг.) // Советская этнография. – 1982. № 5. – c. 66–67.

[5] a.k.ə. Qasımlı, M. Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və Dağlıq Qarabağa əsassız iddiaları. – s. 7.

[6] a.k.ə. Бахышов, Ч.А. Изменение этнического состава населения Азербайджанской ССР. – c. 68–71.

[7] Baguirov, A. Nagorno-Karabakh: Basis and Reality of Soviet-era Legal and Economic Claims used to Justify the Armenia-Azerbaijan War. – p. 13–14.