DQMV-nin statusu 1936-cı və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit olunmuşdur.[1] Bu konstitusiyalara əsasən DQMV SSRİ Ali Sovetinin Millətlər Sovetində 5, Azərbaycan SSR Ali Sovetində isə 12 deputat ilə təmsil olunmaq hüququna malik idi.[2] Bundan başqa, muxtar vilayətin statusu 16 iyun 1981-ci il Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Qanun”la da tənzimlənirdi.[3] Muxtar vilayətin hüdudları daxilində erməni dili bütün hökumət, inzibati və məhkəmə orqanları, eləcə də prokurorluğun əməli dili kimi qəbul olunmuşdu.[4]
Həmçinin erməni dilində nəşrlərə, yerli televiziya, radio yayımlarına və qəzetlərə də icazə verilirdi. Ermənistan tərəfi Azərbaycan hökuməti tərəfindən 1960–1980-ci illərdə regiona əhəmiyyətli investisiya ayrılmadığı halda Azərbaycanın digər bölgələrinə investisiya qoyuluşunun ikiqat artırdığını iddia edirdi. Lakin statistikaya əsasən 1971–1985-ci illər ərzində DQMV-nin inkişafına təqribən 483 milyon rubl kapital qoyulmuşdu ki, bu da ötən 15 il ərzindəkindən 2,8 dəfə çox idi.
Bundan əlavə, Azərbaycanın digər regionlarına nisbətən DQMV-də mənzil tikintisi daha yüksək olmuşdur. Azərbaycanda 3,64 kv/m olmasına baxmayaraq, DQMV-də bu rəqəm 4.76 kv/m-ə bərabər idi.[5] Statistikaya görə 1970–1986-cı illər arasında respublikada sənaye istehsalı 3 dəfə, DQMV-də isə 3,3 dəfə artmışdı. Əslində, DQMV Azərbaycandan daha sürətlə inkişaf edirdi.
1988–1989-cu tədris ilində Dağlıq Qarabağda erməni dilindən tədris dili kimi istifadə edən 136 orta məktəb (16.120 şagird) və 13 qarışıq tipli məktəb (7.045 şagird) var idi. Elə həmin tədris ilinin eyni dövründə Azərbaycanda ümumilikdə 181 erməni məktəbi (20.712 şagird) və 29 qarışıq tipli məktəb (12.766 şagird) var idi. Bundan başqa 1988–1989-cu tədris ilində Azərbaycanda DQMV-nin paytaxt şəhəri Xankəndi (Stepanakert) Pedaqoji İnstitutunun azərbaycan, erməni və rus bölmələrində əsasən ermənilər olmaqla 2130 tələbə də təhsil alırdı. Həmçinin müxtəlif ixtisaslaşdırılmış orta məktəb və peşə təhsili müəssisələri öz proqramlarını rus və erməni dillərində tərtib edirdilər. Təqdim olunan I Cədvəl DQMV-nin sosial-iqtisadi vəziyyətini, xüsusilə münaqişənin başlandığı 1988-ci ildəki vəziyyətini göstərir. Bu göstəricilər 1988-ci ilin mart ayında regionda sosial iqtisadi vəziyyətin müzakirəsi ilə bağlı dövlət iclası zamanı təqdim olunmuşdur.
Cədvəl 1: 1988-ci ildə sosial inkişafın müqayisəli göstəriciləri.[6]
| Sadalananlar: | Azərbaycan SSR | DQMV | SSRİ | Ermənistan SSR |
| 1.Hər 10.000 nəfərə düşən xəstəxana çarpayılarının sayı | 97,7 | 101,7 | 130,1 | 86,2 |
| 2. Hər 10.000 nəfərə düşən bütün ixtisaslar üzrə həkimlərin sayı | 38,4 | 29,1 | 42,7 | 38,6 |
| 3. Hər 10.000 nəfərə düşən orta tibb işçilərinin sayı | 93,5 | 122,7 | 114,7 | 93,5 |
| 4. Hər 10.000 nəfərə düşən ictimai kitabxanaların sayı | 6 | 13 | 4,8 | 4,1 |
| 5. Hər 10.000 nəfərə düşən klubların sayı | 5 | 15 | 4,8 | 3,8 |
| 6. Hər 10.000 nəfərə düşən film proyektorlarının [kinoteatr] sayı | 3 | 11,2 | 5,4 | 2,9 |
| 7. Məktəbəqədər təhsil müəssisələrində uşaqların sayı (müvafiq yaşda olan əhalinin sayına görə faiz) | 20 | 35 | 57 | 39 |
| 8. I növbədə oxuyan şagirdlərin sayı (şagirdlərin ümumi sayına görə faiz) | 74,3 | 92,5 | 78,2 | 87,8 |
| 9. Adambaşına düşən mənzil fondu (kv/m) | 10,9 | 14,6 | 14,9 | 13,7 |
| O cümlədən: | ||||
| Şəhər yerlərində | 12,2 | 14,6 | 14,3 | 13,1 |
| Kənd yerlərində | 9,2 | 14,6 | 16,1 | 15,0 |
[1] Maddə 24 // SSRİ Konstitusiyası, 1936. Maddə 78 // SSRİ Konstitusiyası, 1977.
[2] Yenə orada.
[3] Gazıyev, Y. Karabakh in 1920–1980.
[4] Maddə 78 // Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.
[5] Gazıyev, Y. Karabakh in 1920–1980.
[6] Baguirov, A. Nagorno-Karabakh: Basis and Reality of Soviet-era Legal and Economic Claims used to Justify the Armenia-Azerbaijan War. – p. 9.