Yeni “aşkarlıq” siyasətinin etnik qruplar arasında gərginliyin artırılmasına gətirib çıxara biləcəyi güman edilmədiyi üçün münaqişənin başlanması sovet hökuməti üçün gözlənilməz hadisə idi. Sovet İttifaqı dövründə bütün etnik və milli münaqişələrin mövcudluğu rədd edilir və ya məharətlə gizlədilirdi.[1] Buna görə də Siyasi Büronun məsləhətçisi Vyaçeslav Mixaylov münaqişəyə aydınlıq gətirərkən bunun onlar üçün tamamilə yeni bir məsələ olduğunu etiraf etmişdi. Faktiki olaraq münaqişə başladığı gündən sovet hökuməti problemə etinasız qalmadı və dərhal prosesə müdaxilə etdi. Lakin sovetlərin keçirdiyi islahatlar fonunda kütləvi nümayişləri dayandırmaq üçün istifadə edilən ənənəvi metodlar köhnəlmiş hesab olunurdu. Beləliklə, Siyasi Büro Azərbaycanın partiya rəhbərinə güc tətbiq etməkdənsə, onları dilə tutmaq metodunu tövsiyə etdi.[2]
Nəzərə almaq lazımdır ki, Azərbaycan ərazisinə erməni iddiaları birbaşa sovet hökumətinin maraqlarına toxunurdu. Mixail Qorbaçov Dağlıq Qarabağla bağlı çıxışında Sovet İttifaqında on doqquz potensial ərazi münaqişəsinin olduğunu və onların heç birinə güzəştə getməklə presedent yaratmaq istəmədiyini bildirdi. Dağlıq Qarabağın domino effekti kimi Sovet İttifaqının digər bölgələrinə də çatacağını başa düşən Sovet liderləri sonda bunun dövlət üçün çox acı nəticələr verəcəyini bilirdilər. Bu baxımdan, rəsmi Moskvanın ilk təşəbbüsü Bakı və Xankəndi (Stepanakert) arasında dialoq qurmaq oldu. Buna görə də vilayətə iki böyük nümayəndə heyəti göndərildi.[3]
Lakin onların Xankəndiyə səfəri erməni etirazlarının gərginləşməsinin qarşısını ala bilmədi. Hətta bu gərginliyin nəticəsi olaraq ermənilər azərbaycanlılara qarşı ilk zorakılıq törətdilər.[4] Daha sonra, etiraz dalğası Dağlıq Qarabağ ərazisindən kənara çıxanda təqribən bir milyon insan İrəvanda gedən nümayişlərə qatıldı. Qorbaçov məsələni müzakirə etmək üçün Ermənistandan olan nümayəndələri qəbul etdi. Lakin o, Ermənistanın DQMV ilə birləşdirilməsinə dair tələblərini qəbul etmədi. 1988-ci il martın 23-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti DQMV Xalq Deputatları Sovetinin Ermənistanla birləşmək tələblərini rədd etdi. İyulun 18-də Rəyasət Heyəti yenə eyni cavabı verdi və DQMV Xalq Deputatları Sovetinin Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi haqqında qərarını ləğv edərək Azərbaycanın ərazi bütövlüyünü təsdiq etdi.[5] Bundan əlavə, Moskva Azərbaycan və Ermənistanda hadisələrin inkişafına nəzarət etmək üçün rəsmi şəkildə xüsusi komissiya yaratdı.[6] Lakin 1989-cu il yanvarın 12-də münaqişənin şiddətlənməsini dayandırmaq məqsədilə rəsmi Moskva Azərbaycan tərəfi ilə məsləhətləşmədən DQMV-ni Azərbaycan SSR-in nəzarətindən çıxararaq Moskvaya tabe olan “xüsusi idərəçilik üsulu” tətbiq etdi.[7]
Dağlıq Qarabağ erməniləri bu qərarı Ermənistanla birləşmək üçün mühim bir addım kimi qəbul etdilər.[8] Sonralar rəsmi Moskvanın icmalar arasında münaqişəni həll etməkdə aciz olduğu aydınlaşdı. Buna görə də vilayətdə xüsusi idarə üsulu ləğv edilərək Azərbaycanın nəzarətinə qaytarıldı.[9] Münaqişənin gərginləşərək silahlı müstəviyə keçməsindən sonra, xüsusilə 1991-ci ilin yazında və yayında ermənilər tərəfindən azərbaycanlıların yaşadığı məntəqələrə hücum törədildiyi zaman Moskva, sovet və Azərbaycan hərbi və milis qüvvələrinin birgə əməliyyatı ilə bu prosesə cavab verdi.[10] Lakin 1991-ci ilin yayında Moskvada baş verən siyasi proseslər Sovet İttifaqının dağılması ərəfəsində sovet qoşunlarının münaqişənin həll olunmadan bölgədən çıxarılmasına səbəb oldu.[11]
Ümumiyyətlə, sovet hökuməti Dağlıq Qarabağ münaqişəsini həll etməkdə acizdi və hətta bu müddət ərzində həyata keçirilən siyasətin özü münaqişənin gərginləşməsinin əsas səbəblərindən biri idi. Bundan əlavə, Sovet İttifaqının yüksək vəzifəli şəxslərinin münaqişəyə qeyri-adekvat reaksiyası icmalar arasında gərginliyin artmasına səbəb oldu və bu gərginlik silahlı münaqişəyə gətirib çıxardı.
[1] a.k.ə. Horowitz, S. Identities Unbound Escalating Ethnic Conflicts in Post-Soviet Azerbaijan, Georgia, Moldova, and Tajikistan. – s. 54.
[2] a.k.ə. De Waal, T. Black Garden. – p. 11–13.
[3] Yenə orada, s. 13.
[4] a.k.ə. Dragadze, T. The Armenian: Azerbaijani Conflict: Structure and Sentiment. – p. 56.
[5] a.k.ə. Cornell, S.E. The Nagorno-Karabakh Conflict. – p. 20.
[6] a.k.ə. Altstadt, A. The Azerbaijani Turks: Power and Identity under the Russian Rule. – s. 198
[7] Başer, B. Third Party Mediation in Nagorno Karabakh: Part of the Cure or Part of the Disease? // Journal of Central Asian & Caucasian Studies. – vol. 3, № 5. – 2008. – s. 90.
[8] a.k.ə. Cornell, S.E. The Nagorno-Karabakh Conflict. – p. 21.
[9] a.k.ə. Başer, B. Third Party Mediation in Nagorno Karabakh. – p. 90.
[10] a.k.ə. Cornell, S.E. The Nagorno-Karabakh Conflict. – p. 21.
[11] a.k.ə. Başer, B. Third Party Mediation in Nagorno Karabakh. – p. 90.