Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana dəyən ümumi itki və ziyan nə qədərdir?

Dağlıq Qarabağ müharibəsi dövründə Azərbaycana dəyən zərərin məbləği əhəmiyyətli dərəcədə böyük idi. 1988-ci ildən 1994-cü ilə kimi Ermənistan silahlı qüvvələri Azərbaycanın təxminən 900 kəndini qarət və məhv etmiş, ərazisinin 20% -ni işğal etmiş, 20 mindən çox vətəndaşını qətlə yetirmişdir. 50 mindən çox Azərbaycanlı yaralanmışdır ki, onlar da sonralar ömürlük əmək qabiliyyətini itirmiş və əlil olmuşlar. Minlərlə azərbaycanlı hələ də itkindir. Bu illər ərzində, müharibə əsirlərinin və mülki vətəndaşların döyülməsi, işgəncə və zorakılığa, qeyri-insani rəftara məruz qalması, azərbaycanlıların Ermənistanda və işğal edilmiş ərazilərdə ən ağır işlərdə işlədilməsi adi hal idi.[1]

Ermənistanın Azərbaycana təcavüzü sosial-iqtisadi həyata da ciddi ziyan vurmuşdur. Azərbaycan xarici İşlər Nazirliyinin məlumatına görə, müharibənin sosial-iqtisadi ziyanı aşağıdakı kimidir:

  • işğal olunmuş ərazilərdə 6 şəhər, 12 şəhər tipli qəsəbə, 830 əyalət, 700 xəstəxana və tibb müəssisəsi erməni silahlı qüvvələri tərəfindən məhv edilib;
  • 9,1 kvadrat mil ərazini əhatə edən 150 mindən çox yaşayış evi və mənzil qarət və məhv edilib;
  • 4366 ictimai və tibbi xidmət binası, habelə 693 orta məktəb, 855 məktəbəqədər təhsil müəssisəsi, 4 səhiyyə mərkəzi və bir sıra digər səhiyyə müəssisəsi məhv edilib;
  • 927 kitabxana talan edilib, 4.6 milyon kitab nüsxəsi və misilsiz əlyazmalar mənimsənilib;
  • 6 dövlət teatrı, 368 klub və 85 musiqi məktəbi məhv edilib;
  • 6000 sənaye, kənd təsərrüfatı və s. müəssisə talan edilib;
  • 1200 km suvarma sistemi məhv edilib;
  • 244 min qoyun və 69 min iri buynuzlu mal-qara işğal olunmuş ərazilərdən aparılıb;
  • Azərbaycanın yay otlaqlarının 70%-i işğal olunmuş ərazidə yerləşir;
  • 35,000 abonentlik telefon stansiyası, 2500 transformator yarım-stansiyası və 15.000 km elektrik xətti talan edilib;
  • Təkcə 1993-cü ildə 206.6 min kubmetr qiymətli ağac növü Ermənistana daşınmışdır.[2] Qeyd etmək lazımdır ki, Ermənistanın taxta istehsalı ermənilər tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan meşələrinin qırılması və məhv edilməsi sayəsində inkişaf edir.[3]

Azərbaycanın maddi-mədəniyyət sahəsinə dəyən ziyanın da miqyası böyükdür. İşğal dövründə ermənilər zəbt olunmuş ərazilərdə Azərbaycanın maddi-mədəni obyektlərini məhv etmiş və bir çox tarixi, mədəni, humanitar və dini abidələrini və şah əsərlərini talan etmişdir ki, bunlar da sonradan müxtəlif ölkələrdə hərrac və mağazalarda satılmışdır. Erməni təcavüzkarları regionda müxtəlif tarixi muzeyləri talan və məhv edib: məsələn, antik sikkələr və muzey avadanlıqlarının, nadir və qiymətli daşların, xalçalar, müxtəlif əl işlərinin unikal kolleksiyasının yerləşdiyi Kəlbəcər rayonu Tarix-diyarşünaslıq muzeyi, Şuşa şəhəri Tarix-diyarşünaslıq Muzeyi, Ağdam şəhəri Çörək Muzeyi və daş abidələr Muzeyi və s. Muzeylərdən başqa, 500-dən çox tarixi və memarlıq abidəsi, 100 arxeoloji abidə, 40.000 eksponatdan ibarət 22 muzey, 9 saray, 44 məbəd, 10 məscid, 4 rəsm qalereyası və yüzlərlə məqbərə və qala erməni hücumları zamanı zədələnmiş və ya məhv edilmişdir. XVIII əsrdə inşa edilmiş Şuşanın məşhur Gövhər Ağa Məscidi və Ermənistanın nəzarəti altında olan rayonlardakı digər məscidlər məhv edilmiş, yandırılmış, anbar və depo kimi istifadə edilmişdir. Erməni silahlı qüvvələri və separatçıları 50 hektar ərazini əhatə edən Xocalı kurqan sahəsində yerləşən Tunc dövrünə aid 10dan çox kurqandan ibarət unikal abidələri talan etmişlər. Təcavüzkarlar həmçinin Azərbaycanın işğal olunmuş Füzuli rayonunda yerləşən bəşəriyyətin ən qədim tarixi ocağı olan Azıx mağarasını depo kimi istifadə etmişlər.[4]

Ekologiyaya vurulan ziyanın dəyəri daha böyük idi. Ermənistanın işğalı nəticəsində, regionun və qonşu ərazilərin suvarma və su təchizatı sistemi dağıdılmışdır. Erməni silahlı qüvvələri Azərbaycanın meşə sahəsinin 25%-ni təşkil edən 280 min hektar meşə sahəsini, 2 milli parkı və 4 milli qoruğu ələ keçiriblər. Bundan əlavə, 200 təbii mədən, fauna və geoloji abidə erməni silahlı qüvvələrinin nəzarəti altındadır. 800 km dəmir yolu xətti və yol, 15 kilometr elektrik və qaz xətti məhv edilmişdir. Ermənilər 1,203 kilometrlik suvarma və su təchizatı sistemini, habelə ümumi gücü 674 milyon kubmetr olan beş su anbarını, 7.296 hidravlik qurğunu, 36 nasos stansiyasını və 26 ədəd suvarma sistemini də məhv etmişlər. Onlar həmçinin ümumi uzunluğu 3.834 metr olan 160 ədəd körpünü partlatmışdır. Ümumi uzunluğu 800 km olan yol, 2300 km-lik su xətti, 2000 kmlik rabitə xətti məhv edilmişdir.[5]

Ermənistan Azərbaycanın su anbarlarına da ziyan vurmuşdur. Beləliklə, “hər gün təqribən 2,1 milyon kubmetr çirklənmiş su təmizlənmədən Araz çayına və ən əsası onun Ermənistan və Azərbaycanın işğal edilmiş torpaqlarından keçən qollarına axıdılır”.[6]

Azərbaycanın işğal olunmuş ərazilərində 2 qızıl, 4 civə, 2 xromit, 1 qurğuşun-sink, 1 mis və 1 sürmə kimi mineral ehtiyatlardan ibarət müxtəlif zəngin yataqlar var. Ermənistanın qeyri-qanuni olaraq bu sahələri istismar etməsi beynəlxalq norma və prinsiplərin aşkar şəkildə pozulmasıdır. İşğal olunmuş Azərbaycan torpaqlarında Ermənistanın qanunsuz hərəkətlərindən biri də Kəlbəcər rayonunun Söyüdlü qızıl yatağının birgə istismarı üçün Kanada şirkəti “First Dynasty Mines” ilə müqavilə imzalamasıdır. İkinci Qarabağ müharibəsi nəticəsində işğal olunmuş ərazilər azad olunana qədər Ermənistan bu yataqdan hər il 13 tona yaxın qızıl alırdı.[7]

Belə ki, Birləşmiş Millətlər İnkişaf Proqramının (UNDP) hesablamasına əsasən Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəyən ümumi maddi və iqtisadi ziyan 53.5 milyard dollar dəyərində təxmin edilir.[8] Bu iqtisadi itki nəticəsində Azərbaycanın işğal olunmuş regionunda Azərbaycan iqtisadiyyatının 24% taxıl, 41% likör istehsalını, 46% kartof əkini, 18% ət və 34 % süd istehsalını əhatə edən təxminən 7000 müəssisə bağlanmışdır.[9]


[1] Mustafayeva, Aytan & Garayev, Rauf, “Legal Aspects of Reparation for Damage Caused to Azerbaijan as a Result of Armenian Aggression”, IRS Heritage, No. 14, 2013, p. 54.

[2] “Aggression against Azerbaijanis the Appeal to the World Community”, IRS Наследие (IRS Heritage), No. 2 (10), 2004, p. 8.

[3] a.k.ə. Mustafayeva, Aytan, & Garayev, Rauf, (2013), p. 56.

[4] a.k.ə. “Aggression against Azerbaijanis the Appeal to the World Community”, pp. 9-10.

[5] a.k.ə. Mustafayeva, Aytan, & Garayev, Rauf, (2013), pp. 58-59.

[6] a.k.ə. “Aggression against Azerbaijanis the Appeal to the World Community”, p. 9.

[7] a.k.ə. Mustafayeva, Aytan, & Garayev, Rauf, (2013), pp. 57-58.

[8] a.k.ə. “Azerbaijan Human Development Report 2000”, p. 52. Həmçinin bax; “Letter dated 25 October 1996 from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the Secretary-General”.

[9] Abilov and Isayev, “The Consequences of the Nagorno-Karabakh War for Azerbaijan,” p. 295.