1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasında müharibəyə səbəb nə idi?

Ermənilərlə azərbaycanlılar arasında fikir ayrılıqları hələ 1917-ci il noyabrın 11-də Rusiyada Oktyabr İnqilabından sonra Cənubi Qafqazda üç xalq arasında birliyi gücləndirmək məqsədilə Tiflisdə Müsavat, Daşnak, Menşevik və Sosial İnqilab partiyaları tərəfindən yaradılmış Zaqafqaziya Komissarlığı dövründə də mövcud idi. Cənubi Qafqazda müstəqil Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları yaranmazdan əvvəl Zaqafqaziya Komissarlığının çoxmillətli hökumətinin üzvləri arasında müəyyən siyasi və sosial məsələlərlə bağlı ciddi qarşıdurmalar və anlaşılmazlıqlar mövcud idi. Davam edən siyasi proseslər və mübahisələr səbəbindən 1918-ci ilin mayında Zaqafqaziya Komissarlığı ləğv edildi və Azərbaycan, Ermənistan və Gürcüstan müstəqilliklərini elan etdilər.[1]

Yeni qurulmuş Azərbaycan höküməti gələcəkdə vahid Qafqaz Konfederasiyasına daxil olmaq istəyi və Qarabağ məsələsinə görə 1918-ci il mayın 29-da İrəvan şəhərini Ermənistan Respublikasının paytaxtı kimi tanıdı. Hətta, 1918-ci ilin iyun ayında regiondakı mübahisəli sərhəd məsələlərini sülh yolu ilə həll etmək istədiyini Ermənistana təklif etdi. Lakin, bu xeyirxah addımlar iki dövlət arasındakı münasibətlərin kəskinləşib hərbi münaqişəyə çevrilməsinin qarşısını ala bilmədi.[2]

Ortaya çıxan beynəlxalq siyasi vəziyyətdən istifadə edən ermənilər, “Böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək, Naxçıvan, Qarabağ və Zəngəzur rayonlarında etnik təmizləmə siyasəti həyata keçirməyə başladılar. Belə ki, Ermənistanın hiyləgər və məkirli siyasi təbliğatı və güclü hərbi yardımlarıyla Qarabağın dağlıq hissəsində kök salmış ermənilər 1918-ci ilin iyul və sentyabr aylarında keçirdikləri qurultayda burada öz müstəqilliklərini elan etdilər. Bundan sonra, 1918-ci ilin payızında Zəngəzurun bir hissəsini ələ keçirən quldur Andronik, paytaxtı Şuşa olacaq “Kiçik Ermənistan” dövləti qurması üçün fəaliyyətə keçdi. Bu özbaşınalıqların qarşısı qismən də olsa Osmanlı və Azərbaycan əsgərlərinin qurduğu Qafqaz İslam Ordusu vasitəsilə Bakının azad edilməsindən sonra alınsa da, Mudros (30 oktyabr 1918-ci il) müqaviləsinin 11-ci maddəsinə əsasən Osmanlı qoşun hissələrinin Azərbaycandan, eləcə də Naxçıvan, Qarabağ və Zəngəzurdan çıxarılması, Azərbaycanın ərazi bütövlüyünü təhlükə qarşısında qoydu.[3] Çünki, yeni qurulmuş Azərbaycan dövləti torpaqlarını qorumaq üçün, hələlik nizami hərbi qüvvəyə malik deyildi. Buna görə də istər Azərbaycan höküməti, istərsə də Naxçıvan, Qarabağ və Zəngəzur bölgələrindəki milli-vətənpərvər siyasi qüvvələrin yaranmış şəraitə uyğun olaraq müdafiə istiqamətində apardıqları fəaliyyətlər təqdirə layiq olmuşdur. Bu baxımdan Naxçıvanda qurulan Araz-Türk Respublikası mühüm əhəmiyyət kəsb etmişdir. Ermənistanın təcavüzünə uğrayan bu tarixi Azərbaycan torpaqlarının siyasi gələcəyinin qorunması baxımından bu respublikanın qurulması dövrün şərtlərinə görə yerində atılan addım olmuşdur.1918-ci ilin noyabrında yaranıb, təxminən 1919-cu ilin martınadək fəaliyyət gösərən Araz-Türk Respublikasının ərazisi Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və s. bölgələri əhatə etmişdir.[4]

Yuxarıda qeyd olunan faktdan göründüyü kimi Birinci Dünya Müharibəsinin sonuna qədər Qərbi Azərbaycanda vəziyyət AXC hökuməti üçün olduqca mürəkkəb və çətin idi. I Dünya müharibəsi başa çatdıqdan sonra Qafqazda möhkəmlənmək istəyən ingilislər də ermənilərdən istifadə etməyə başladılar. 1919-cu ilin yanvarında Naxçıvana az sayda da olsa ingilis hərbi qüvvələri gətirildi. İngilis lordu Kerzonun “…əlahəzrət hökümətinin başlıca məqsədi ermənilərin azad edilməsidir”[5] sözlərindən ruhlanan Ermənistan qoşun hissələri Zəngəzur, Naxçıvan və Qarabağ bölgələrinə qarşı təcavüzü daha da genişləndirdilər.

Ermənistan isə əksinə, Britaniya İmperiyasının dost münasibətindən istifadə edərək, qonşu xalqlara, əsasən də Azərbaycanın Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə qarşı ərazi iddialarına əsaslanan “Böyük Ermənistan” ideyasını yaymağa başladı. Erməni silahlı qüvvələrinin işğalçı addımlarının qarşısını almaq məqsədilə AXC Nazirlər Şurası 15 yanvar 1919-cu il tarixli iclasında Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları üzrə müvəqqəti general-qubernatorluğun yaradılmasına qərar verdi, fövqəladə hallar səlahiyyəti ilə Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə təyin edildi. Bakıdakı ingilis komandiri general Tomson da sonradan 1919-cu il aprelin 3-də Azərbaycanın bu ərazilər üzərində suverenliyini təsdiqlədi. Təqribən 6 aylıq müddətdə sürən siyasi, maliyyə və hərbi hazırlıq işlərindən sonra 1919-cu il iyulun 19-25-də aparılan uğurlu döyüşlər nəticəsində erməni-daşnak “ağalığına” son qoyuldu və siyasi həyat normallaşınca erməni icmaları yığıncaqlar keçirərək rəsmi bir şəkildə Azərbaycan hökümətini tanıdılar. Xüsusilə, 1919-cu il avqustun 19-da Qarabağ erməniləri toplandıqları VII qurultaylarında Azərbaycan höküməti ilə bağladıqları 26 maddədən ibarət razılaşma şərtlərini qəbul etdilər. Bu müqavilənin şərtlərinə görə, Qarabağ erməniləri Dağlıq Qarabağı AXC-nin tərkib hissəsi kimi tanıdılar.[6]

Erməni-Azərbaycan münasibətlərinin belə axarında getməsinə baxmayaraq, 1919-cu ilin ikinci yarısında ingilislərin Şimali Qafqazda zəifləmiş mövqeyindən istifadə edərək Qafqazda möhkəmlənmək istəyən ABŞ höküməti ermənipərəst çıxışlarla məsələyə müdaxilə etmiş oldu. Amerikalılar Zəngəzur və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etsələr də, Naxçıvan və Şərur-Dərələyəz qəzalarını xüsusi bitərəf zona elan edərək oraya ermənilərlə birlikdə yiyələnmək istəyirdilər. Azərbaycan hökümətinin hərtərəfli ciddi səyləri nəticəsində ABŞ-ın bu siyasəti baş tutmasa da, Ermənistanın sülh razılaşmalarını pozaraq Zəngəzurda növbəti döyüş əməliyyatlarını başlatmış oldu. O dövr üçün Zəngəzurdan qaçqın düşən azərbaycanlıların sayı 60 minə çatmışdı. Azərbaycan höküməti isə, Qarabağ general-qubernatorunun sərəncamında olan I alay diviziyasını 1919-cu il oktyabrın sonlarında oraya göndərmək məcburiyyətində qaldı. Buna görə də AXC hökuməti 1919-cu il oktyabrın sonlarında general Cavad bəy Şıxlinskinin komandanlığı ilə Zəngəzura bir dəstə göndərməyə məcbur oldu. Kampaniya iki aya yaxın davam etdi. Məlum oldu ki, erməni əhalisi yaxşı silahlanmış, təlim keçmiş və döyüşə hazır idi. Şuşadan əlavə qüvvələr general Şıxlinskinin dəstəsinə göndərildi. Ermənistan panikaya düşdü və böyük dövlətləri AXC qoşunlarının yürüşünü dayandırmağa çağırdı və AXC ilə görüş təklif etdi. ABŞ-ın vasitəçiliyi ilə 1919-cu il noyabrın 23-də Tiflisdə Gürcüstanın Xarici İşlər Naziri və ABŞ polkovniki Rheanın şahidliyi ilə Ermənistanın baş naziri (Xatisiyan) və Azərbaycanın baş naziri (Usubekov) arasında saziş imzalandı. Bu razılaşmaya görə

  1. Azərbaycan və Ermənistan davam edən qarşıdurmanı müvəqqəti olaraq dayandırırdı.
  2. Ermənistan və Azərbaycan hökumətləri Zəngəzura gedən yolların təmiri və yenidən açılması, dinc hərəkət üçün səmərəli tədbirlər görməyə razılaşırdılar.
  3.  Ermənistan və Azərbaycan hökumətləri aşağıdakı bənddə çağırılan konfransın qərarlarına qədər bütün mübahisələri, o cümlədən sərhədləri dinc razılaşmalar yolu ilə həll etməyə söz verirdilər. Bu mümkün olmadıqda, qərarlarına hər iki hökumətin əməl etməyə razılaşdığı neytral tərəfi arbitr kimi seçməli idilər və hazırkı danışıqlarda neytral tərəf ABŞ ordusunun polkovniki Ceyms C. Rhea idi.
  4. Ermənistan və Azərbaycan hökumətləri noyabrın 26-da Bakıda keçiriləcək konfransda görüşmək üçün dərhal bərabər sayda nümayəndə təyin etməyi və konfransın iclaslarında bütün məsələlərin müzakirə olunacağı dekabrın 4-də Tiflisə səfər etməyi öhdəsinə götürürdülər.
  5. Bu saziş imzalandığı gündən qüvvəyə minir və iki ölkənin hökumətlərinin parlamentləri tərəfindən ratifikasiya edildikdən sonra daimi olur və Ermənistan və Azərbaycanın baş nazirləri bununla öz hökumətlərini yuxarıda qeyd olunanların bütün məsələləri sədaqətlə dəstəkləməyə və həyata keçirməyə borcludurlar.[7]

İki tərəf arasında toqquşmalar dayandırılmalı olsa da, mübahisəli məsələlər, o cümlədən sərhəd məsələləri danışıqlar yolu ilə sülh yolu ilə həll edilməli və yuxarıda qeyd olunan razılaşmaya əsasən Azərbaycan dəstəsi dislokasiya yerinə qayıtmalı idi. Buna baxmayaraq, Ermənistan müqaviləni kobud şəkildə pozaraq Azərbaycan ərazilərinə qoşun yeritdi və 1920-ci ilin yanvarında azərbaycanlılara qarşı dəhşətli qətliam təşkil etdi. [8] AXC Parlamentinin üzvü Cəlil Sultanov 1920-ci il yanvarın 23-də hərbi əməliyyat yerindən Parlamentə göndərdiyi 3-cü teleqramında bu barədə yazırdı:

Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan xalqına müraciət edir. Aldığımız məlumata görə sabah Zəngəzur tərəfindən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də Naxçıvan məsəsləsini birdəfəlik həll etməkdir. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain ermənilərin iç üzünü açıb dünyaya çatdırmaq vaxtı gəlib çatmışdır.[9]

Qarabağ və ətraf bölgələrdə ermənilərin təcavüzkarlığı artınca, Azərbaycan ordusunun bütün potensialı o bölgələrə yönləndirildi. Baş Qərargah rəisi general-mayor H.Səlimovun rəhbərliyi altında başqa bir xüsusi qərargah da yaradıldı və martın 26-da Ağdamda yerləşdirildi. Bunlardan başqa Ağdaş və Zaqatala alaylarından da bəzi hərbi qüvvələr Qarabağa gətirildi. Nəticədə, uğurlu yürüşə başlayan Azərbaycan Ordusu aprel ayının 5-də Şuşaya daxil ola bildi. Aprel ayının 12-dək demək olar ki, Şuşa ətrafındakı erməni hərbi qüvvələrinin ən möhkəm bazaları məhv edilmişdi. Sadəcə, xırda erməni silahlı dəstələri sakitləşmək bilmirdi. Bolşevik qoşunları Azərbaycanın şimal sərhədlərinə yaxınlaşdıqca, bu xırda erməni silahlı dəstələrinin fəallığı daha da artırdı.[10]

Ümumiyyətlə isə, 1920-ci il aprel ayının sonunadək Azərbaycan Ordusu Qarabağ bölgəsində 1919-cu il noyabrın 23-nə olan ölkə ərazisinin bütovlüyünü bərpa edərək, öz vəzifəsini şərəflə yerinə yetirə bilmişdi. Lakin, Azərbaycan silahlı qüvvələrinin Qarabağdakı əməliyyatlarda iştirak etməsindən istifadə edən Rusiyanın XI Qızıl Ordusunun ölkəni istila etməsi və kommunistlərin hakimiyyəti ələ keçirməsi ölkənin ərazi bütövlüyünün tam təmin edilməsini başa çatdırmağa imkan vermədi. Aprelin 28-də Azərbaycan höküməti bütün idarəetməni hakimiyyətə gəlmiş Sovet orqanlarına təhvil verməyə məcbur oldu.[11]


[1] AXC Ensiklopediyası, Vol. 1, (2004), pp. 28-29.

[2] a.k.ə. Məmmədova, Həvva (2006), ss. 23-24.

[3] Süleymanaov, Mehman, “Qafqaz İslam Ordusunun diğər fəaliyyətləri və missiyasının sona çatması”, a.k.ə. Süleymanaov, Mehman və Rıhtım, Mehmet (2008), ss. 357-392.

[4] Ağayev, Mehman, Kurtuluş Savaşı Yıllarında Türkiye-Azerbaycan İlişkileri (İstanbul, IQ Kültür Sanat Yayıncılık, 2008), ss. 104-114.

[5] Maqsudov, F., və Əliyev, İ., red., Azərbaycan Cumhuriyyəti (1918-1920) (“Elm” nəşriyyatı, 1998), s. 190.

[6] Hasanli, Jamil, Foreign Policy of the Republic of Azerbaijan: The Difficult Road to Western Integration, 1918-1920 (Routledge, 2014), pp. 178-180.

[7] Hille, Charlotte, State Building and Conflict Resolution in the Caucasus (BRILL, 2010), pp. 168-169.

[8]AXC Ensiklopediyası, C. I (2004), ss. 56-57. Həmçinin bax; a.k.ə. Azərbaycan tarixi, C. V (2008), ss. 447-457. Həmçinin bax; a.k.ə. Ağayev, Mehman (2004), ss. 115-132. Həmçinin bax; a.k.ə. Məmmədova, Həvva (2006), ss. 49-51.

[9] a.k.ə. İsgəndərov, Anar (2008), ss. 88-89.

[10] a.k.ə. Məmmədova, Həvva (2006), ss. 58-63.

[11] AXC Ensiklopediyası, C. I (2004), ss. 46-48.