1936-cı il Sovet Konstitusiyasında Dağlıq Qarabağın statusu necə idi?

SSRİ-nin 1936-cı ildə qəbul olunmuş yeni konstitusiyası (Stalin Konstitusiyası) Sovet İttifaqında sosializmin qələbə çaldığını bəyan edərək, dövlət və sovet cəmiyyətinin strukturunu yenidən formalaşdırdı. Konstitusiya ittifaqın və ittifaq respublikalarının səlahiyyətlərini müəyyənləşdirərək federalizmi, bərabər müttəfiq respublikaların könüllü birləşmək prinsipini təsbit etdi və müttəfiq respublikaların İttifaqdan ayrı sərbəst mövcud olma hüququnu təsdiq etdi.[1]

Bundan əlavə, Konstitusiya İttifaqın və muxtar respublikaların dövlət hakimiyyətinin ali təmsiledici orqanlarının formalaşması, təşkili və fəaliyyəti məsələlərini həll etdi və hökumət sistemini, məhkəmə və prokurorluq orqanlarının səlahiyyətlərini müəyyənləşdirdi. İttifaq respublikalarının suverenliyi maddə 15-də qeyd olunduğu kimi, “yalnız Konstitusiyanın 14-cü maddəsində göstərilən müəyyən müddəalar çərçivəsində məhdudlaşırdı, bu müddəalar istisna olmaqla, hər bir İttifaq respublikası dövlət səlahiyyətlərini müstəqil həyata keçirə bilərdi”.[2]

Konstitusiya müttəfiq respublikaların öz ərazilərində onların suverenlik hüququnu təsdiq edən 18-ci maddədə vurğulanırdı ki, “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz.”[3]

Konstitusiyaya görə, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası və Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Sovet Sosialist Respublikası ərazisinin ayrılmaz tərkib hissəsidir.[4] Onların statusu 1936-cı il Sovet Konstitusiyası ilə müəyyən edilsə də, bütün digər hüquqi qaydalar Azərbaycan Sovet Sosialist Respublikasının bir il sonra, 1937-ci ildə qəbul edilmiş yeni Konstitusiyasına daxil edilmişdir.[5]

Azərbaycan Sovet Sosialist Respublikasının yeni konstitusiyası Dağlıq Qarabağın statusunu Muxtar Vilayət olaraq təsdiq etdi; dövlət orqanları və idarələrini, seçki üsullarını, nümayəndəlik qaydalarını, onların səlahiyyətləri və fəaliyyət qaydalarını, hökumət strukturunu və onların digər dövlət orqanları ilə əlaqələrini müəyyənləşdirdi. Bundan əlavə, Konstitusiya müəyyənləşdirdi ki, dövlət orqanları aktları Muxtar Vilayətdə yaşayan əhalinin dilində – ermənicə və azərbaycanca dərc edilməlidir.[6]

Həmçinin, Azərbaycan SSR Konstitusiyasına görə, Ali Sovetin Rəyasət Heyətinin sədr müavinlərindən birini Dağlıq Qarabağ Muxtar Vilayəti özü seçməli idi.[7] DQMV-nin öz konstitusiyası yox idi, lakin o əraziləri üzərində xüsusi hüquqlara malik idi. Bu hüquqlar ona rayon və ərazi bölgülərinin sərhədlərini yaratmağa imkan verirdi ki, bu da Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən təsdiq edilməli idi.[8] SSRİ və Azərbaycan SSR Konstitusiyalarında təsdiq və təsbit olunmuşdur ki, Azərbaycanın muxtar respublika və vilayəti müttəfiq Respublikanın ayrılmaz tərkib hissəsidir və onun iradəsi olmadan dəyişdirilə bilməz.


[1] Конституция СССР 1936 года, Ленинградская областная универсальная научная библиотека – ЛОУНБ; (http://reglib.ru/konst/1936). Accessed on December 27, 2013

[2] “Maddə 15”, SSRİ Kostitusiyası, 1936.

[3] “Maddə 18”, SSRİ Kostitusiyası, 1936.

[4] “Maddə 24”, SSRİ Kostitusiyası, 1936

[5] “Chapters: V,VI,VII”, The Constitution of Azerbaijan Soviet Socialist Republic, 1937.

[6] “Maddə 78”, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.

[7] “Maddə 31”, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.

[8] “Maddə 19 (q)”, Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1937.