II Dünya müharibəsinin gedişində, 1941-1945-ci illər Almaniya ilə SSRİ arasında müharibənin ilk illərində Sоvet rəhbərliyinin Azərbaycanla bağlı dəhşətli planı vardı. Bu plana görə Azərbaycan əhalisi Оrta Asiya və Qazaxıstana кöçürülməliydi. Buna səbəb dövlətin azərbaycanlılara etibar etməməsi hesab olunurdu. Lakin, azərbaycanlıların müharibənin ilk günlərindən başlayaraq göstərdikləri şücaətlər, Bakı neftinin Sovet İttifaqı üçün oynadığı önəmli rol, Qızıl ordunun Stalinqrad və Qafqaz cəbhəsindəki çətin döyüşləri, habelə M.C.Bağırоvun möhkəm iradəsi və tutarlı arqumentləri İ.V.Stalini bu yоldan çəкindirmiş oldu.[1]
Bununla belə, Rusiyanın “parçala və hökmranlıq et” siyasətindən SSRİ zamanında da Sovet İttifaqı respublikalarının xalqları üzərində nəzarətini idarə etmək üçün istifadə olunurdu. Bu məqsədlə respublikalar arasında ziddiyyətli ərazilər yaradıldı. Bu qaynar nöqtələrdən biri də Çar imperiyasının bölgədəki ekspansionist siyasəti nəticəsində ermənilərin məskunlaşdığı tarixən Azərbaycana məxsus olan Dağlıq Qarabağ bölgəsi idi. Lakin Ermənistan bu bölgənin RK(b)P MK-nin 5 iyul 1921-ci il tarixli “Kavbüro” qərarına əsasən Azərbaycana verildiyini iddia edirdi. Hələ 40-cı illərin əvvəllərində Moskvada erməni lobbisinin başçısı A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi” yaradıldı. Ermənilərin bu kimi fəaliyyətləri SSRİ rəhbərliyinə hər vasitə ilə təsir etməyə çalışırdı. 1945-ci ilin payızında bu komitə növbəti dəfə, heç bir elmi, tarixi əsası olmadan Dağlıq Qarabağı onlara verməyi Sovet hökuməti başçıları qarşısında qaldırdı. 1945-ci il noyabrın 28-də Moskvadan Azərbaycan K(b)P MK-nin birinci katibi M.C.Bağırova göndərilən məktubda bu məsələylə bağlı məlumat verilərək, onun rəyi istənildi. M.C.Bağırov, bu iddiaların heç bir elmi və tarixi əsasının olmadığını qəti şəkildə bildirdikdən sonra, əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Şuşa rayonundan başqa, Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinə bu şərtlə razılığını bildirdi ki, müxtəlif dövrlərdə Ermənistana və digər qonşu respublikalara verilmiş tarixi Azərbaycan torpaqları Azərbaycana qaytarılsın. Şübhəsiz ki, nə Sovet rəhbərliyi, nə də ermənilər buna razı olmadılar.[2]
Bu illərdə Qarabağ məsələsindən başqa “Böyük Ermənistan” dövləti yaratmaq xülyasında olan ermənilər II Dünya müharibəsinin davam etdiyi əlverişli şəraitdən istifadə edərək qonşu ölkələrdə yaşayan ermənilərin yenidən Ermənistana köçürülməsini gündəmə gətirdilər. Bununla bağlı hələ 1943-cü il 28 noyabr-1 dekabr tarixlərində SSRİ, ABŞ və İngiltərənin iştirakı ilə keçirilən Tehran konfransında Sovet-İran münasibətləri müzakirə edilərkən İ.V.Stalinə məsələ ilə bağlı məlumat verilmiş və danışıqlar zamanı razılıq da alınmışdı.[3]
Bütün bunlardan sonra, Moskva Azərbaycan əleyhinə növbəti “əks tədbirlər” üçün hazırlıq görməyə başladı. 1941-1945-ci illər müharibəsi başa çatdıqdan sonra Sovet rəhbərliyi, 1946-cı ilin oktyabrında xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi haqqında qərar qəbul etdi. Bunun ardınca SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etdi. 1948-ci il 10 mart tarixli daha bir qərarla bu işin həyata keçirmək üçün tədbirlər planı müəyyən olundu. Deportasiya zamanı Ermənistan azərbaycanlıların xüsusilə iqtisadi, sosial və mədəni əhəmiyyətli yaşayış məntəqələrindən deportasiyas edilməsinə çalışırdı. Beləliklə, azərbaycanlıların deportasiyasının ilk dalğası İrəvan ətrafından və rayon mərkəzlərindən, yaxınlıqdakı kəndlərdən və digər yaşayış məntəqələrindən baş verdi. Bu hərəkət Ermənistan və Sovet İttifaqı rəhbərliyi arasında sıx əlaqələrin mövcudluğundan xəbər verirdi və Sovet rəhbərliyi Ermənistanın o zaman Dağlıq Qarabağla bağlı iddialarını nəzərdən keçirmək niyətində idi. 1948-1956-cı illərdə 150 mindən artıq azərbaycanlı öz ata-baba torpaqlarından zorla köçürüldülər. Tarixi Qərbi Azərbaycan torpaqlarından zorla köçürülənlər əsrlər boyu yaşayıb uyğunlaşdıqları təbii coğrafi şəraitlərindən, Azərbaycanın daha çox düzən coğrafi bölgələri olan Kür-Araz və Mil-Muğan iqtisadi coğrafi zonalarına yerləşdirilmiş oldular. Bu yerlər əsasən Azərbaycan SSR-in Saatlı, Göyçay, Mirbəşir (indiki Tərtər), İmişli, Əli Bayramlı (indiki Şirvan), Zərdab, Salyan, Kürdəmir, Sabirabad, Jdanov (indiki Beylaqan), Yevlax, Ucar, Gədəbəy və Bərdə rayonları idi.[4]
[1] İsmayılov, İsrafil, Azərbaycanlıların II Dünya müharibəsində iştirakı (Bakı, Qızıl Şərq mətbəəsi, 2000), ss. 28-51
[2] Niftaliyev, Ilgar, “Armenian’s Territorial Claims on Azerbaijan (The Late 1940s-1960s),” Visions of Azerbaijan, 2010, p. 54.
[3] a.k.ə. Azərbaycan tarixi, C. VII (2008), ss. 134-135.
[4] Arzumanlı, Vaqif və Mustafa, Nazim, Tarixin qara səhifələriDeportasiya. Soyqırım. Qaçqınlıq (Bakı, 1998), ss. 89-97