1999-cu ildə Heydər Əliyev və Robert Koçaryan arasındakı keçirilmiş görüşlərin nəticəsi necə oldu?

1997-1998-ci illərdə münaqişə tərəflərinin ATƏT-in Minsk qrupunun sülh təkliflərindən imtina etməsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarında pessimizmin yayılmasına səbəb oldu və bu məsələ 1999-cu ildə prezidentlər səviyyəsinə qaldırıldı. Aprel ayından hər iki dövlətin prezidenti Heydər Əliyev və Robert Koçaryan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı görüşlər keçirdilər. Aprelin 2-də Moskvada keçirilən MDB Sammitində ölkə rəhbərləri münaqişənin həll edilməsi ilə bağlı bir sıra görüşlər keçirməyə razılıq verdilər. Bununla əlaqədar prezident Heydər Əliyev və Robert Koçaryan aprelin 24-də Vaşinqtonda, avqustun 16 və 22-də Cenevrədə, sentyabrın 10-da isə Ukraynanın Yalta şəhərində görüşdülər. Görüşlər zamanı, ölkə başçıları atəşkəs rejiminin saxlanması, tərəflər arasında etimadın qurulması və sərhəd hadisələrinin qarşısının alınması barədə həmfikir olduqlarını bildirərək ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların bərpa edilməsində də razılığa gəldilər.[1]

Heydər Əliyev və Robert Koçaryan arasında son görüş 1999-cu il oktyabrın 11-də Naxçıvan Muxtar Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə, Azərbaycanın Sədərək şəhərində baş tutdu. Görüşün mövzusunun məxfi saxlanılmasına baxmayaraq, ehtimal edilir ki, tərəflər münaqişənin həlli ilə bağlı qarşılıqlı kompromislərə gələ bilmişdilər. Belə ki, tərəflər “torpaqların dəyişdirilməsi” adlı təklif hazırlamışdılar. Təklifə əsasən, Jerard Libaridyan yazır ki, “R.Koçaryanın Dağlıq-Qarabağın Ermənistana birləşdirilməsi tələbinə cavab olaraq Heydər Əliyev Ermənistanın cənubunda yerləşən və Naxçıvanla Azərbaycanı ayıran Mehri rayonu üzərində nəzarəti ələ almaq tələbini qoydu”.[2] Digər tərəfdən, “torpaqların dəyişdirilməsi” təklifi ilə əlaqədar Azərbaycanın keçmiş xarici İşlər Naziri Tofiq Zülfüqarov 2005-ci ildə yazırdı: “Bu təklifin əhatə etdiyi parametrlər gizli saxlanılırdı. Hətta bu gün təklifə nələrin daxil olduğunu və kim tərəfindən irəli sürüldüyünü dəqiqliklə demək çox çətindir”.[3] Bununla belə, danışıqların parametrlərindən aydın olub, olmamasından asılı olmayaraq, güman edilirdi ki, bu iki ölkə liderləri arasında keçirilmiş məxfi görüş nəticəsində 1999-cu ildə ATƏT-in İstanbul zirvə görüşündə Dağlıq Qarabağ məsələsi üzrə razılığa gəlinəcəkdir. Dəqiq məlumatın olmamasına baxmayaraq, görüşdən üç gün sonra Heydər Əliyevin Türkiyənin Samanyolu TV kanalına verdiyi müsahibədən İstanbul Sammitinin münaqişənin sülh yolu ilə həlli üçün son dərəcə mühüm olduğu aydın olurdu.[4]

Qeyd edilməlidir ki, regionda sülh və sabitlik yaradılmasına kömək etməklə Cənubi Qafqazda öz mövqeyini təmin etmək üçün ABŞ birmənalı olaraq tərəflər arasında mediatorluq edirdi. Bu baxımdan, ABŞ dövlət katibi Madlen Olbrayt 26-27 oktyabr tarixində Heydər Əliyev və Robert Koçaryanla görüşmüş, dövlət katibinin müavini Strobe Talbott münaqişə tərəflərinin paytaxt şəhərlərinə səfər edərək onları danışıqların yekun mərhələsinə təşviq etmişdi.[5] Bununla belə, ABŞ hökuməti, Azərbaycan və Ermənistan prezidentlərinin bütün sülh səyləri və İstanbul Sammitinə olan ümidlər siyasi fiasko ilə üzləşdi. ABŞ dövlət katibinin müavini Strobe Talbottun bölgəyə səfəri zamanı Ermənistan parlamentində dəhşətli bir hadisə baş verdi. Silahlı şəxslərdən ibarət kiçik bir qrup Parlamentə girərək Ermənistanın Baş Naziri Vazgen Sarqsyan, Parlamentin spikeri Karen Dəmirçyan və keçmiş Kommunist Partiyasının lideri də daxil olmaqla səkkiz görkəmli siyasətçini öldürdü.[6]

Ermənistan parlamentində baş vermiş hadisə ilə əlaqədar müxtəlif fikirlər irəli sürülsədə, ümumiyyətlə Rusiyanın bu terror hücumunda bu və ya digər vasitə ilə əli olduğu güman edilirdi. Bununla bağlı Böyük Britaniyada siyasi mühacir kimi yaşayan Rusiya Federasiyasının Təhlükəsizlik xidmətinin keçmiş polkovniki Aleksandr Litvinenko 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentindəki terror hadisəsinin Rusiyanın xüsusi xidmət orqanı tərəfindən təşkil olunduğunu bildirmişdi. Onun sözlərinə görə, “Bu təxribat Rusiyanın siyasi elitasına Qarabağ sazişinin imzalanmasına mane olmaq imkanı verdi… Sülh prosesi Rusiyanın nəzarətindən kənarda inkişaf edirdi və bu Rusiyanın xüsusi xidmət orqanlarına Ermənistan parlamentində xüsusi missiyasını həyata keçirmək imkanı yaratdı”.[7]

Lakin Ermənistan rəsmiləri polkovnik Aleksandr Litvinenkonun dediklərini təkzib etdilər. Ermənistan Milli Təhlükəsizlik xidmətinin mətbuat katibi Artsvin Bağramyanın sözlərinə görə, “məhkəmə araşdırması zamanı A.Litvinenkonun fərziyyəsinə dair heç bir fakt və ya işarə ortaya çıxmadı.” R.Koçaryanın milli təhlükəsizlik üzrə məsləhətçisi Qarnik İsaqulyan A.Litvinenkonu “xəstə adam” adlandıraraq bildirmişdi: “Biz kiminsə xəstə təxəyyülünün məhsullarını təkzib və ya təsdiq etmək məcburiyyətində deyilik… Erməni məhkəməsi bu məsələ ilə əlaqədar qərarını rəsmi olaraq elan edərək məsələni bağlayıb”.[8] Bu hadisədə Rusiyanın əlinin olub olmamasından asılı olmayaraq, bu hadisə ölkə başçılarının qarşıdan gələn İstanbul zirvə görüşündə imzalanması nəzərdə tutulmuş yekun danışıqlar prosesini dayandırmaları üçün əsas səbəb oldu. Nəticədə, sammitdə iştirak edən dövlətlərin yekun bəyanatı belə oldu ki, onlar “Azərbaycan və Ermənistan prezidentləri arasında fəallaşan dialoqu alqışlayır və ümid edirlər ki, danışıqları ATƏT-in Minsk qrupu çərçivəsində bərpa etmək mümkün olacaqdır”.[9]


[1] “Abilov, “OSCE Minsk Group,” pp. 150-151.

[2] Libaridian, Gerard J., “The Elusive ‘Right Formula’ at the ‘Right Time’: A Historical analysis of the Official Peace Process”, Accord: An International Review of Peace Initiative, Issue 17, 2005, p. 37.

[3] Zulfuqarov, Tofik, “Obstacles to Resolution: An Azerbaijani Perspective”, Accord: An International Review of Peace Initiative, Issue 17, 2005, p. 41.

[4] Aslanlı, Araz, Qarabağ Problemi: Tarixi, Mahiyyəti, Həll Prosesi (Bakı, 2009), s. 53.

[5] a.k.ə. Cornell, Svante E. (2011) p. 144.

[6] King, Charles, The Ghost of Freedom: A History of the Caucasus (Oxford University Press, 2008), p. 223.

[7] “Shooting of the Armenian Parliament was Organized by Russian Special Services”, AZG DAILY #79, 3 May 2005; (http://www.azg.am/EN/2005050307). Accessed on December 15, 2013.

[8] Stepanian, Ruzanna, “Armenian Officials Deny Russian Role In 1999 Parliament Carnage”, Azatutyun, 4 May 2005; (http://www.azatutyun.am/content/article/1576814.html). Accessed on December 15, 2013

[9] Ismailzade, Fariz, & Pellmar, Jason, “Making Time”, Transition Online, 14 January 2000; (http:// www.tol.org/client/article/4914-marking-time.html?print). Accessed on December 15, 2013