2008-ci il 2 noyabr tarixli Moskva Bəyannaməsi nədir?

Moskva Bəyannaməsi (Dağlıq Qarabağ haqqında Azərbaycan, Ermənistan və Rusiya tərəfindən rəsmi Bəyannamə) 2008-ci il noyabrın 2-də Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə onun Moskvadan kənarda yerləşən Meyendorf qalasındakı iqamətgahında Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri arasında imzalanmışdır. Bu bəyannamə ilə prezidentlər bölgədə təhlükəsiz və sabit mühit yaratmaq niyyətində olduqlarını ifadə etmiş və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunların prinsip və normalarına, bu çərçivədə qəbul edilmiş qərarlar və sənədlərinə əsaslanacaq şəkildə siyasi həllini tapmaqda səylərini artırmağa razılıq vermişlər.

Bəyannamə münaqişə tərəflərinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransanın vasitəçilik səyləri nəticəsində başlanmış 2007-ci il noyabr tarixli Madrid prinsipləri əsasında danışıqlara davam etmək öhdəliklərini təsdiq edirdi. Bu o deməkdir ki, Azərbaycan və Ermənistan arasında danışıqların əsasını Dağlıq Qarabağın xaricində yerləşən Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin mərhələli çıxarılmasını, məcburi köçkünlərin öz yurdlarına qaytarılmasını və sonradan referendum yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsini göstərən Madrid Prinsipləri təşkil edirdi.

Bəyannamədə münaqişənin həllində silahlı qüvvələrdən istifadə edilməməsi qeyd edilir və “danışıqlar prosesinin bütün qanuni aspektləri və mərhələlərində beynəlxalq zəmanətlə müşayiət edilməli olduğu” vurğulanırdı.[1]


[1] “Declaration by Azerbaijan, Armenia and Russia on Nagorno Karabakh”, 2 November 2008.