Bolqarıstanın Parlament üzvü cənab Yevgeniy Kirilovun hesabatına əsasən hazırlanmış Avropa Parlamentinin “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına olan ehtiyac” adlı qətnaməsi 20 may 2010-cu ildə qəbul edilmişdir. Qətnamədə Cənubi Qafqazda mövcud münaqişələr bölgədə Şərq tərəfdaşlığının tam həyata keçirilməsinə mane olan və regionun iqtisadi və sosial inkişafı üçün əsas maneə olaraq vurğulanır. O regionda sabitlik təmin edilməsi üçün münaqişələrin sülh yolu ilə həllini əsas gətirir. Buna görə də, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı üzrə Avropa Birliyinin təşəbbüsünü alqışlayan Avropa Parlamenti bu qətnamə ilə regionda davamlı sülh, sabitlik, inkişafı təmin etmək məqsədilə Cənubi Qafqazda mövcud münaqişəni həll etmək, digər hərbi toqquşmaların qarşısını almaq və Cənubi Qafqaz respublikalarının Avropa siyasətinə inteqrasiyasını təmin etmək üçün Avropa Birliyini bu sahədə rolunu artırmağa çağırır.[1]
Avropa İttifaqı tərəfindən Cənubi Qafqaz dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə istinad edən qətnamə Şərq Tərəfdaşlığının əsas niyyətlərindən birinin Şərq Tərəfdaşlığı ölkələrinin dövlətçilik və ərazi bütövlüyünün möhkəmlənməsinə dəstək olmaq və onların suverenliyini və ərazi bütövlüyünü təhlükə altına atan qəbuledilməz vəziyyətləri həll etmək olduğunu xatırladır. Bu baxımdan, o ATƏTin Minsk Qrupunun vasitəçilik səylərinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırlanmış Madrid Sənədində yer alan Əsas Prinsiplərə, L’Aquila G8 sammiti çərçivəsində 10 iyul 2009-cu il tarixdə verilmiş Minsk qrupunun həmsədr ölkələrinin bəyanatına tam dəstək verir. Bundan başqa, qətnamə Azərbaycanın işğal olunmuş ərazilərindən bütün erməni silahlı qüvvələrinin çıxarılmasını, BMT-nin Nizamnaməsinə uyğun olaraq təşkil ediləcək beynəlxalq qüvvələrin bu ərazidə yerləşdirilməsini tələb edir. Qətnamə həmçinin 1988-1994-cü illər arasında Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda müharibə zamanı atababa yurdlarını tərk etmiş, hazırda evsiz qalmış, geri qayıtmaq, əmlak və şəxsi təhlükəsizlik hüququ daxil olmaqla bütün hüquqlarını itirmiş yüz minlərlə məcburi köçkün və qaçqınların aqibətinə dair ciddi narahatlığını ifadə edir. Buna görə də, qətnamə münaqişə tərəflərini “gələcək aylarda münaqişənin həll edilməsi məqsədilə sülh danışığı səylərini gücləndirməyə, daha konstruktiv münasibətlər göstərməyə, zor gücü ilə və beynəlxalq legitimlik olmadan yaradılmış status-kvonun saxlanmasının üstünlüyündən imtina etməyə” çağırır.[2]
[1] “European Parliament resolution of 20 May 2010 on the need for an EU strategy for the South Caucasus (2009/2216(INI))”, Official Journal of the European Union, 31 May 2011, pp. 138-139.
[2] a.k.ə. “European Parliament resolution of 20 May 2010”, p. 139.