2016-cı ilin aprel müharibəsinin mahiyyəti nə idi?

Dördgünlük müharibə kimi də tanınan aprel müharibəsi 2 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası silahlı qüvvələri arasında təmas xətti boyunca başlayan və 5 aprel tarixinədək davam edən qısamüddətli müharibədir. Müharibə Ermənistan Respublikasının silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində başlamışdı. Belə ki, 2016-cı il martın ortalarından aprelin əvvəllərinə qədər Ermənistan Respublikası Silahlı Qüvvələri atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam edirdi. Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı hücuma keçərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və mülki yaşayış məntəqələrini hədəfə alaraq təmas xəttində silahlı təxribatlar törətməyə başladı.

Aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə hər iki tərəfin hərbi əməliyyatları dayandırması ilə müharibə başa çatdı. Münaqişə zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Talış kəndi ətrafındakı Goranboy rayonu və Naftalan şəhəri üçün təhlükə yarada biləcək yüksəklikləri və Füzuli rayonu istiqamətində yerləşən Lələ Təpəni nəzarətə götürərək Seysulan qəsəbəsini azad etdi və Ağdərə-Madagiz istiqamətində yollara nəzarəti təmin etdi.[1]

Hərbi əməliyyatları kimin başlatmasından asılı olmayaraq, qeyd etmək lazımdır ki, 2011-ci ildən bəri münaqişə tərəfləri arasında əsaslı və konstruktiv danışıqlar aparılmamışdır. Bununla belə, cəbhə xəttində atəşkəsin daim pozulması və hər iki tərəfin silahlanması mütəmadi olaraq davam edirdi.[2] Tərəflər arasındakı mövcud şərait və danışıqlar prosesində ATƏT-in Minsk Qrupunun adekvat və konstruktiv mövqeyinin olmaması hər iki tərəf üçün təhlükəsizlik dilemması yaradırdı və bu aprel müharibəsi kimi qısamüddətli qarşıdurmaları qaçılmaz edirdi.

Rəsmi məlumatlara görə, hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 31 hərbi qulluqçusu həyatını itirib.[3] Bununla belə, digər mənbələr 93 hərbçi və 6 mülki şəxsin həlak olduğunu, bir Mi-24 helikopterinin vurulduğunu, mina partlaması nəticəsində bir tankın məhv edildiyini bildirir.[4] Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan tərəfdən 30 tank, 15-ə qədər artilleriya silahı və gücləndirilmiş mühəndis qurğuları məhv edilmiş, 320 hərbçi həlak olmuş, 500-dən çox hərbçi yaralanmışdır.[5]

Aprel döyüşləri nəticəsində 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra ilk dəfə idi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri 2000 hektardan çox işğal olunmuş ərazilərin azad edilməsinə nail ola bilmişdi.[6] Bu, psixoloji üstünlüyün Azərbaycan tərəfinə keçməsini təmin etdi və Azərbaycan cəmiyyətində Ordunun nüfuzunu və etimadını artırdı.

Aprelin 5-də saat 12 radələrində münaqişə tərəfləri Azərbaycan-Ermənistan sərhədi boyunca hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəldilər. Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan və Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisləri arasında razılıq əldə olundu.


[1] Həsənqarayev, Tural, “4 günlük müharibə (Aprel döyüşləri),” TOPCHUBASHOV Center, Aprel 5, 2022; https://top-center.org/az/analytics/3354/april-war-in-karabakh-2016. Accessed on December 4, 2022.

[2] Broers, Laurence, “The Nagorny Karabakh Conflict Defaulting to War,” Chatham House, July 11, 2016; https://www.chathamhouse.org/2016/07/nagorny-karabakh-conflict-defaulting-war. Accessed on December 4, 2022.

[3] Mammadov, Seymur, “Why did Armenia lose the April War?” The Jerusalem Post, April 2, 2018; https://www.jpost.com/opinion/why-did-armenia-lose-the-april-war-547746. Accessed on December 4, 2022.

[4] “Минобороны Азербайджана назвало потери в боях,” Haqqin.az, April 5, 2016; https://haqqin.az/news/67421. Accessed on December 4, 2022.

[5] Abbasov, Ramil, “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı,” Ministry of Defense of the Republic of Azerbaijan, February 17, 2018; https://mod.gov.az/az/pre/21662.html. Accessed on December 4, 2022.

[6] Broers, “The Nagorny Karabakh Conflict Defaulting to War”.