BMT-nin 1993-cü il 12 noyabr tarixli 884 saylı qətnaməsi nəyi nəzərdə tuturdu?

BMT Təhlükəsizlik Şurası 1993-cü il noyabrın 12-də özünün 3313-cü iclasında Minsk Qrupu Sədrinin Dağlıq Qarabağ, xüsusilə, Azərbaycan respublikasının Zəngilan rayonu və Horadiz şəhərinin işğalı ilə bağlı Təhlükəsizlik Şurasının prezidentinə göndərdiyi məktuba (S/26718) və 9 noyabr 1993-cü il tarixli əlavəsinə əsasən yekdilliklə 884 saylı qətnaməni qəbul etdi. 1993-cü il 30 aprel tarixli 822 saylı, 1993-cü il 29 iyul tarixli 853 saylı və 1993-cü il 14 oktyabr tarixli 874 saylı qətnamələri təsdiq edən Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi də Azərbaycanın Dağlıq Qarabağ regionu üzrə münaqişənin geniş vüsət alması və münaqişə tərəfləri Azərbaycan və Ermənistan arasında regionda sülh və əmin-amanlığı sarsıdacaq gərginliyin artması ilə əlaqədar öz ciddi narahatlıqlarını bildirirdi. Bundan başqa, Təhlükəsizlik Şurası “Yenilənmiş cədvələ” uyğun olaraq beynəlxalq sərhədlərin toxunulmazlığı və silahlı qüvvələrdən istifadə edərək ərazinin alınmasının yolverilməzliyini bildirmiş və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq etmiş, silahlı hərbi əməliyyatların və digər düşmənçilik aktlarının dərhal dayandırılmasını, hərbi qüvvələrin Azərbaycanın bütün işğal olunmuş əraziləri, habelə Zəngilan rayonu və Horadiz şəhərindən çıxarılması tələb etmişdi. Bundan başqa, Təhlükəsizlik Şurası Baş Katibdən, ATƏM-in sədrindən, Minsk qrupunun sədrindən Minsk prosesinin gedişatı və münaqişənin bütün aspektləri barədə Şuraya hesabat vermələrini tələb etmişdi.[1]

Əvvəldə qeyd edildiyi kimi, 884 saylı qətnamə 1993-cü il oktyabrın sonlarında Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələrinin birgə hücumu ilə Azərbaycanın Zəngilan rayonu və Horadiz şəhərinin işğalından sonra qüvvəyə minmişdir. Human Rights Watch-a görə, hücumun əsas məqsədi Zəngilan sakinlərini və Azərbaycan hərbi hissələrini əsas xilas yolundan məhrum etmək üçün Horadizdəki dəmiryol qovşağını ələ keçirmək idi. Bununla erməni silahlı qüvvələri İrana aparan körpü üzərində nəzarəti ələ almış olacaqdılar. Zəngilandakı bir sıra xarici yardım işçiləri və diplomatlarına istinad edərək Human Rights Watch göstərirdi ki, oktyabrın 23-də ermənilər radio vasitəsi ilə yerli camaata ərazini tərk etmələrini əmr etmişdi. Bu barədə məlumat almış sakinlər Horadiz körpüsü ilə İrana qaça bildi. Lakin, sonra körpü dağıdıldığından Zəngilan qaçqınlarının əksəriyyəti Araz çayını keçmək məcburiyyətində qalmış, bir hissəsi çayda boğulmuş, sağ qalanları isə Azərbaycanın 1 milyonluq qaçqın düşərgəsinin bir parçası olmuşdu.[2]

707 km2 ərazisi və 33890 sakini olan Zəngilan Azərbaycanın son işğal olunmuş rayonu idi.[3] Bu hücumla, Qarabağ və Araz çayı arasında Azərbaycanın yerdə qalan bütün ərazisi erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Zəngilanın işğalı zamanı onlar mülki vətəndaşlardan rayonu boşaltmağı tələb etmiş, əsir götürmüş, camaatı nizamsız açılan atəş ilə öldürmüş, əmlaklarını qarət etmiş və yandırmışdılar.[4] Norveç Qaçqınlar və Qlobal Məcburi Köçkünlər üzrə Məlumat Bazasının məlumatına görə, Zəngilanın 34.797 sakini məcburi köçkünə çevrilmiş və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdır.[5] Hücum zamanı Zəngilan rayonunda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, texniki məktəblər, musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi , 23 klub və 22 kinoqurğusu məhv edilmişdir.[6]

Azərbaycanın son işğal olunmuş rayonlarına qarşı hücumdan sonra ATƏM Şurasının sədri münaqişənin inkişafına dair öz narahatlığını bildirmiş və “ərazinin zorla əldə edilməsinə göz yumulmamalı və işğalın ərazi iddiaları üçün bir əsas kimi qəbul edilməz” olduğunu qeyd etmişdi. Hücuma gəldikdə, 1993-cü il 4 noyabr tarixində Minsk qrupunun doqquz ölkəsi eyni mövqedə dayanaraq “ərazinin zorla işğal edilməsinin qəbul edilməz olduğunu, ərazinin işğal edilməsinin beynəlxalq tanınma əldə etmək və ya hüququ statusu dəyişdirmək üçün istifadə edilməməli olduğunu” bildirərək bu qətnaməni qəbul etmişdir. Bununla yanaşı, üç gün sonra 9 noyabr tarixində Avropa Birliyi öz hesabatında “ATƏM-in prinsiplərinə uyğun olaraq, o Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə əhəmiyyət verdiyini” təkrarən qeyd etmişdir.[7] Minsk qrupu, həmçinin “təxirəsalınmaz tədbirlər” üçün yeni bir cədvəl hazırlamışdı. Təhlükəsizlik Şurasının 1993-cü il noyabr 12-də qəbul etdiyi 884 saylı qətnamədə Zəngilan üzərinə hücum pislənilir və münaqişə tərəflərini münaqişənin həlli üçün Minsk Qrupu tərəfindən təqdim edilmiş “təxirəsalınmaz tədbirlər”i dərhal tətbiq etməyə çağırırdı.[8] Lakin, qətnamənin erməni işğalçı silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasında heç bir müsbət təsiri olmadı. Bu vaxt ərzində, ermənilər artıq işğal ərazilərini maksimum genişləndirmiş və Azərbaycan ərazisinin 20%-ni işğal etmişdi ki, bu ərazilər 2020-ci il İkinci Qarabağ Müharibəsinə qədər erməni qüvvələrinin nəzarəti altında qalmışdır.


[1] United Nation Security Council, “Resolution 884”, s/RES/884, 12 November 1993.

[2] a.k.ə. Human Rights Watch (1994), p. 40.

[3] “16 years pass since occupation of Zengilan region of Azerbaijan by Armenians”, APA, 29 October 2009; (http://en.apa.az/news/110103). Accessed on November 18, 2013.

[4] a.k.ə. Human Rights Watch (1994), p. 39.

[5] a.k.ə. “Profile of International Displacement: Azerbaijan”, p. 29.

[6] a.k.ə.“16 years pass since occupation of Zengilan region of Azerbaijan by Armenians”.

[7] Annex to the letter dated 23 May 2013 from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the Secretary-General, p. 8

[8] a.k.ə. Human Rights Watch (1994), pp. 79-80.