Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ münaqişələri arasında hər hansı bənzərlik varmı?

Sovet İttifaqı dağıldıqdan sonra Cənubi Qafqaza separatçı zəmində yaranmış, ancaq hələ həll olunmamış və dondurulmuş qalan üç silahlı münaqişə miras olaraq qaldı. Bu münaqişələr Gürcüstanın Abxaziya, Cənubi Osetiya, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişələridir. Əslində, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü təhlükə altına alan bu münaqişələr həm də regionun təhlükəsizliyini təhdid edən əsas amillər kimi qəbul edilir.[1]

Bu münaqişələrin üçü də Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycanda Dağlıq Qarabağ ermənilərinin, Gürcüstanda isə osetin və abxazların separatçı tələbləri nəticəsində yaranmışdı. Hər üç halda, münaqişələr silahlı mərhələyə keçdi və münaqişə tərəflərı arasında müharibələrin başlanmasına səbəb oldu ki, bu da xarici amillərin iştirakı ilə davam etdi.[2]

Abxazlar və osetinlərlə müqayisədə ermənilər artıq suveren dövlət ilə Ermənistan Respublikası ilə təmin olunmuşdular. Lakin onların tələbi qonşu İttifaq dövlətinin Azərbaycanın ərazisini qoparmağa və o torpaqları həmin ərazilərdə kompakt şəkildə məskunlaşmış qohum etnik qrupdan istifadə etməklə öz torpaqlarına birləşdirməyə yönəlmişdi. Ermənistanın münaqişədə birbaşa, xüsusilə, silahlı və məsələnin sülh yaratma mərhələsində əsas tərəf kimi iştirakı münaqişənin ərazi və dövlətlərarası münaqişə kimi formalaşmasına səbəb olmuşdur. Lakin, Abxaziya və Cənubi Osetiya münaqişələri etnik və dövlətdaxili münaqişə kimi müəyyən edilməlidir. Çünki bu münaqişələr mərkəzi hökumətlə etnik muxtar vilayət arasında fikir ayrılığı nəticəsində meydana gəlib.[3]

Hər üç halda müharibə Rusiya və Ermənistan kimi xarici amillər tərəfindən dəstəklənən separatçıların şərti qələbəsi ilə, lakin sülh müqaviləsi ilə deyil, atəşkəs haqqında sazişin imzalanması ilə başa çatıb.[4] Atəşkəs müqavilələri imzalandıqdan sonra münaqişələrdə üçüncü tərəflərin vasitəçi kimi rolu artmışdır. Dağlıq Qarabağ və Cənubi Osetiya münaqişəsində ATƏT, Abxaziyada isə BMT sülh danışıqlarında əsas vasitəçilər oldular.[5]

Abxaziya və Cənubi Osetiyada atəşkəs müqavilələrinin tələblərinə uyğun olaraq, sülhməramlı qüvvələr tənzimlənmə prosesinə cəlb edildi. Dağlıq Qarabağ münaqişəsinin birinci mərhələsində sülhməramlıların mənşəyi ilə bağlı tərəflər arasında fikir ayrılığı olduğundan bu istisna edilmişdi[6]. Yalnız İkinci Qarabağ müharibəsindən sonra Rusiya sülhməramlı qüvvələri bölgəyə daxil oldu.

Münaqişələrin oxşar cəhətlərindən biri də hər üç münaqişəyə üçüncü rəsmi tərəf kimi cəlb olunan Rusiyanın roludur. Faktiki olaraq, Rusiya qeyrirəsmi olaraq xarici amil kimi münaqişələrin həlli istiqamətində öz maraqları çərçivəsində fəaliyyət göstərir. Əslində, hər üç halda müharibələr zamanı Rusiya birbaşa və fəal olaraq iştirak etmiş və separatçıların şərti qələbəsində həlledici rol oynamışdır.[7] Müharibədən sonra Rusiya tərəflər arasında sülh danışıqlarının təşəbbüskarlarından biri olsa da onun bütün cəhdləri bir nəticə verməmişdir.[8]

Ehtimal edilə bilər ki, Rusiya münaqişələrin həll olunması üçün kifayət qədər səy göstərməyib, çünki, müharibədən sonra formalaşmış status-kvonun saxlanılmasında onun öz marağı var və məqsədi mübahisəli bölgələrdə nə sülh, nə də müharibə şəraitini qorumaqdır. Əslində, 2008-ci il Rusiya-Gürcüstan müharibəsi bunun əyani sübutdur. Gürcüstan öz ərazi bütövlüyünü bərpa etmək üçün Cənubi Osetiya üzərinə gedən zaman Rusiya Gürcüstanın bu niyyətinin qarşısını almaq üçün ordu göndərməklə reaksiya verdi və yalnız onu dayandırmaqla kifayətlənməyib, müvəqqəti olaraq ərazilərini də işğal etdi. Müharibədən sonra, Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı.[9]

Rusiya onların müstəqilliyini tanıdıqdan sonra, Nikaraqua, Venesuela, Nauru, Vanuatu və Tuvalu kimi bəzi digər dövlətlər də eynilə hərəkət edərək bu “dövlətlərin” müstəqilliyini tanıdılar.[10] Bu Dağlıq Qarabağla Abxaziya və Osetiya münaqişələri arasında fərqləndirici bir amildir. Gürcüstanın separatçı respublikaları bir neçə ölkələr tərəfindən tanınsa da qondarma “Dağlıq Qarabağ Respublikası” hətta Ermənistan tərəfindən də tanınmayıb.


[1] Boonstra, Jos & Melvin, Neil, “Challenging the South Caucasus Security Deficit”, Working Paper, No. 108, pp. 3-4.

[2] Matveeva, Anna, “The South Caucasus: Nationalism, Con ict and Minorities,” Report of Minority Rights Group International, April 2002, pp. 11-14.

[3] Crocker, Hampson, and Aall, “Introduction: Mapping the Nettle Field,” p. 13.

[4] Bartuzi, Wojciech et al. “Abkhazia, South Ossetia, Nagorno-Karabakh: unfrozen conflicts between Russia and the West”, Special Report, Center for Estern Studies, 09 July 2008, pp. 5-7.

[5] Fuller, Elizabeth, “Mediators for Transcaucasia’s Conflicts”, The World Today, Vol. 49, No. 5, May 1993, pp. 89-92.

[6] Nikoghosyan, Hovhannes, “Some Thoughts on Peacekeepers in Nagorno-Karabakh”, Caucasus Edition: Journal of Conflict Transformation, 1 July 2010.

[7] a.k.ə. Bartuzi, Wojciech et al. (2008), p. 7.

[8] Künzl, Jan, “There Has Never Been an Unbiased Russian Mediation in South Caucasian Conflicts”, Interview with Dr. Martin Malek, Caucasian Review of International Affairs, Vol. 3 (1), Winter 2009, pp. 117-119.

[9] a.k.ə. Mahmudlu, Ceyhun, və Əhmədov, Aqil, ss. 46-47.

[10] “Russia recognizes South Ossetia and Abkhazia to save people’s lives”, Pravda, 26 August 2008; (http://english.pravda.ru/russia/kremlin/26-08-2008/106214-russia_ossetia_abkhazia-0/). Accessed on December 5, 2022.