Çar Rusiyası Qafqazın işğalına başlayarkən ermənilərin rolunu nəyə görə artırdı?

XVIII  əsrin əvvəllərində dünyanın güclü dövlətlərindən birinə çevrilməyi planlayan Rusiya, İran və Orta Şərqi işğal edərək isti dənizlərə açılan ticarət yollarını ələ keçirmək istəyirdi.[1] Rusiya, bu planı həyata keçirmək üçün birinci növbədə Qafqazı öz himayəsinə almalı idi. Bu səbəbdən 1722-ci ildə rus ordusu Dərbənddən Gilana qədər olan Azərbaycanın Xəzər sahili vilayətlərini işğal etdi.[2]

I Pyotr (16961725) dağılmaq üzərə olan Səfəvi dövləti ilə girişdiyi bəzi döyüşlərdə ermənilərdən də istifadə etmiş oldu. Tarixdə ilk dəfə rus-erməni işbirliyi bu dövrdə ortaya çıxmışdır. Hətta rus Çarı ermənilərlə olan münasibətlərini daha da inkişaf etdirmək üçün 10 noyabr 1724 tarixli xüsusi manifest çıxararaq, ermənilərin tezliklə Rusiya himayəsinə girmələrinin çox uygun olacağını bildirmişdi.[3] Bunun üçün də I Pyotrla görüşən qabaqcıl erməni ailələrindən bir neçəsi Peterburqa dəvət edildi. Sonralar Peterburqda erməni məhəlləsi də quruldu.[4] Beləcə, gələcəkdə bütün Qafqazı və daha sonra da İran ilə Osmanlı dövlətini işğal etməyi planlayan rus Çarı, bu ölkələrdə yaşayan ermənilərdən siyasi məqsədləri üçün istifadə etmənin təməllərini atmış oldu.

I Pyotrun başlatmış olduğu bu siyasət daha sonralar varisləri tərəfindən davam etdirildi. Bu dövrdə Rusiyaya aparılan erməni ailələrindən biri də rus ordusunda adlarına tez-tez rastladığımız Lazarevlər (Lazaryan) ailəsi idi. Lazarevlərin Rusiyada məskunlaşması gələcəkdə rus-erməni işbirliyinin daha da güclənməsinə şərait yaratmış oldu. Belə ki, XVIII əsrin son rübündə bütün Qafqazı işğal etməyi qəti olaraq qərarlaşdıran Rusiya, 24 iyul 1783-cü ildə gürcülərlə 13 maddədən ibarət Georgiyevski müqaviləsini imzaladıqdan sonra Tiflisə üç min əsgər yerləşdirdi.[5] Rusiyanın Qafqaza gəlməsinin bu dəfəki bəhanəsi, güya xristiyan xalqın mənafeyini müdafiə etmək idi. Beləliklə, Rusiya-Ermənistan münasibətləri həmin dövrdən etibarən mühüm xarakter almışdır. Qafqazı işğal etmək üçün ermənilərdən istifadə etmək üçün Rusiya onlara Qafqazda erməni dövləti yaradacağına söz verdi.[6] Ona görə də Rusiyanın Qafqaza müdaxiləsi zamanı XVIII əsrin sonu-XIX əsrlərdə ümumilikdə Ermənistan, xüsusən də Lazaryevlər ailəsi xüsusi rol oynamışdır.

Rusiyanın XVIII əsrin sonları üçün planladığı bu fəaliyyəti Osmanlı və İran dövlətlərindən də dəstək alan Azərbaycan xanlıqları tərəfindən müvəqqəti də olsa qarşısı alınmış oldu.[7] Buna baxmayaraq Rusiya işğal niyyətindən əl çəkməyərək sanki “səlib yürüşü” edərcəsinə “qızıl ayaq” ləqəbli general Valerian Zubov komandanlığında 30 min əsgərlik rus ordusunu keşişlərin müşaiyyətində dualarla Qafqaza doğru yola saldı. 1796-cı ilin may ayının 10-da Dərbəndə çatan rus ordusunu, erməni keşişi İyosif Stepan Davidov öz dəstəsiylə qarşıladı və onlara bələdçilik etməyə başladı.[8] Ermənilərin də dəstəyi ilə ruslar Quba (6 iyun), Bakı (13 iyun), Salyan və oradan da oktyabr ayında Gəncə daxil olmaqla Azərbaycanın şimal torpaqlarının böyük hissəsini işğal edə bildilər.

Ancaq, Çariça II Yekaterinanın 1796-cı ilin noyabr ayında ölümü Rusiyanın bu işğal planını yarımçıq qoydu.[9] General Zubovun geriyə dönərkən, çox sayda erməni uşağını Rusiyada oxutmaq və gələcəkdəki işğal siyasətində erməni xalqından istifadə etmək üçün özüylə birlikdə apardığı bilinməkdədir. Bundan başqa XIX əsrin əvvəllərindən başlayaraq Rusiyada erməni məktəblərinin açılması və 1816-cı ildə Moskvada qurulan Lazaryan institutunun da erməniləri cəlb etmək üçün mühüm rol oynadığı bilinir.[10] Bu hadisələrdən sonra Cənubi Qafqazda rus-erməni birgə fəaliyyət planı həyata keçirilməyə başlandı. Bir müddət sonra qonşu ölkələrdə yaşayan ermənilər də bu işə cəlb edildi. Artıq, Rusiya-İran və Rusiya-Osmanlı müharibələrində kifayət qədər erməni əsilli zabit var idi. Lazarevlər, Yuannes, Mədətov, İvan Korqanov, Cəmşid Şahnazar və Vasili Bebudov kimi erməni əsilli rus zabitləri bunlara misal olaraq göstərilə bilər.[11]

Ermənilərin Cənubi Qafqazda təsirini gücləndirmək üçün Azərbaycanın işğalından sonra ermənilərin bölgəyə köçürülməsi ilə yanaşı, Çar imperiyası Azərbaycanın Alban kilsəsini və xristian abidələrini də dağıtmaq siyasətini həyata keçirmişdir. Buna görə də, 1836-cı ildə Rus Sinodunun qərarı ilə Alban kilsəsini erməni kilsəsinin tabeliyinə verdikdən sonra ermənilər sistemli şəkildə alban irsinə hücum etməyə, əvvəlki yazıları silməyə, abidələri məhv etməyə və ya erməniləşdirməyə başladılar. Bununla bağlı qeyd edilir ki:

Əgər İslam abidələrinə qarşı terror siyasəti yeridilirsə, Azərbaycan mədəni irsinin digər hissəsi – Qafqaz Albaniyasının xristian abidələri ya dağıdılar, ya da erməniləşdirilir. Alban knyazlarının tikdirdiyi və Qafqaz Albaniyasının tarixi ilə bağlı xristian məbədləri və monastr kompleksləri “ermənilərinki” olur. Erməni tədqiqatçıları bu abidələr üzərində onların erməniləşdirilməsinə yönəldilmiş “bərpa” işləri aparırlar. Bu işlər işğal olunmuş ərazilərdə, başqalarına məxsus abidələr üzərində və Azərbaycan alimlərinin iştirakı olmadan aparıldığı üçün qanunsuzdur. Bu abidələrdən alban mədəniyyətinin izləri silinir. “Bərpa” işləri adı altında saxtalaşdırılma aparılır və alban Qarabağ memarlığının səciyyəvi xüsusiyyətləri məhv edilir.[12]

Nəticə olaraq demək olar ki, XVII əsrdə sadəcə ticarət işləri üzrə qurulmuş olan rus-erməni münasibətləri, XVIII əsrin əvvəllərindən başlayaraq siyasi mahiyyət qazanmışdır. Rusiyanın bu münasibətləri qurmaqda məqsədi isə, Cənubi Qafqazın işğal olunma prosesində ermənilərdən istifadə etmək, işğaldan sonra Rusiyanın mövqeyinin möhkəmləndirilməsi üçün dayaq nöqtəsi yaratmaq, oralarda özlərinə tabe ermənilərin sayını artırmaq və nəinki yerli müsəlmanların sayının azaldılmasını təmin etmək hətta, dağlık bölgələrdə var olan xristian albanların tarixi miraslarını da ermənilərə əmanət etmək olmuşdur.


[1] Mouravief, Boris, Deli Petro’nun Vasiyetnamesi (tərcümə edən Özdek, Refik) (İstanbul, 1966), s. 60. Həmçinin bax; Kocabaş, Süleyman, Tarihte Türk-Rus Mücadelesi (İstanbul, Vatan yayınları,1989), s. 92.

[2] a.k.ə. Azərbaycan tarixi, C. III (1999), ss. 360-362. Həmçinin bax; a.k.ə. Kocabaş, Süleyman (1989), s. 93.

[3] Мехтиев, Рамиз, Нагорный Карабах: история, прочитанная по источникам (Москва, 2014), сc. 90-92. Həmçinin bax; “I Pyotrun erməni xalqına ali fərmanı”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov, Kərim, red., (2009), ss. 141-147. Həmçinin bax; “Rus çarı I Pyotrun erməni xalqına fərmanı. 10 noyabr 1724-cü il”, T.K.Heydərov, T.R.Bağırov, K.K.Şükürov, red., Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə, (Üç cilddə), C. I (Bakı, “Elm” nəşriyyatı, 2010), ss. 51-54.

[4] Qlinka, S.N., Azərbaycan ermənilərinin Rusya hududlarına köçürülməsinin təsviri (Bakı, Azərbaycan nəşriyyatı, 1995), ss. 8-9. Həmçinin bax; Demirel, Muammer, “Ermeni Meselesi ve Rusya”, 8. Askeri Tarih Semineri (24-26 Ekim 2001-İstanbul) (Ankara, 2003), ss. 339-340.

[5] BOA. HH. Nr., 110; 324-G. Həmçinin bax; “Georqiyevsk müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov, Kərim, red., (2009), ss. 269-276.

[6] Yüksel, İbrahim, “Çarlık Rusya’nın Azerbaycan’ı İstilası ve Osmanlı Devleti’nin Tutumu”, Kafkas Araştırmalar, Sayı 1, (1988), s. 51. Həmçinin bax; Nəcəfli, Güntəkin, “xVIII yüzillikdə ermənilərin Qarabağ ərazisində dövlət yaratmaq cəhdləri”, Yılmaz, Reha, red., Qarabağ bildiklərimiz və bilmədiklərimiz (Qafqaz Universiteti, 2010), s. 98-106

[7] BOA, Name-i Hümayun Defteri, Nr. 7, s. 78-82.

[8] Barthold, W., “Derbent”, İslam Ansiklopedisi, C. III (İstanbul, 1988), s. 538. Həmçinin bax; a.k.ə. Yüksel, İbrahim (1988), ss. 58-59. Həmçinin bax; Мамедова, Гехар, О роходе В. Зубова в Азервайджан 1796 г. (Баку, Elm, 2003), ss. 14-18-22.

[9] a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 184. Həmçinin bax; a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), ss. 54-55.

[10] a.k.ə. Demirel, Muammer (2003), s. 340.

[11] Dedeyev, Bilal, “19. Yüzyıl Ermeni Milliyetçiliğinin Yapılanmasında Rusyanın Rolü”, Erciyez Üniversitesi-Nevşehir Üniversitesi II. Uluslar arası Sosyal Araştırmalar Sempozyumu (EUSAS-II), 22-24 Mayıs 2008, (Kayseri, 2009), ss. 335-349.

[12] a.k.ə. Mehdiyev, Ramiz (2010), s. 54. Həmçinin bax; a.k.ə. Мехтиев, Рамиз (2014), с. 72-74.