“Dondurulmuş” termini başladığı gündən uzun müddət keçməsinə baxmayaraq hələ də həll edilməmiş münaqişələr üçün istifadə olunur. Onun həll olunması başqa daha münasib vaxta saxlanır; münaqişə tərəfləri arasında münasibətlər atəşkəs və ya digər müqavilələrlə tənzimlənir amma eyni zamanda sülh cəhdləri də davam etdirilir.[1] Keçmiş sovet respublikalarında, məsələn Gürcüstanda Abxaziya və Cənubi Osetiya münaqişələri, AzərbaycanErmənistan Dağlıq Qarabağ münaqişəsi, Moldovada Dnestryanı münaqişələr həll olunmadığına və aktiv olmadığına görə, lakin istənilən vaxt yenidən başlama təhlükəsi olduğuna görə ümumiyyətlə dondurulmuş münaqişələr kimi qəbul olunur. Dondurulmuş münaqişələrin bir çox mühüm xarakterik xüsusiyyətlərindən biri də budur ki, danışıqlar prosesinin mövcud problemi həll etmək məqsədilə yox, ancaq münaqişənin birinci mərhələsindən sonra yaradılmış status-kvonu saxlamaq üçün davam etdirildiyi görünür. Belə bir vəziyyəti müharibəni başlamamaq üçün sülh danışıqlarının imitasiyası kimi müəyyən etmək mümkündür. Belə vəziyyətdə bir və ya hər iki tərəf, yaxud rəsmən görünməyən üçüncü tərəf onların heç birinə məlum olmayan müvafiq vaxta qədər münaqişəni nə sülh, nə də müharibə vəziyyətində saxlamaqda maraqlıdır.
Alternativ olaraq, həmçinin aşağıdakı terminlərdən də məs: “həll edilməmiş”, “uzunsürən”, “durğun”, “davamlı”, “iflic olmuş” və ya “uzun müddətli” münaqişələr istifadə olunur. Edvard Azar uzunsürən münaqişələr haqqında ardıcıl olaraq nəzəriyyələr işləyib hazırlayan ilk müəlliflərdən biridir və o, “yeni münaqişə növü” kimi müəyyən etdiyi münaqişələr üçün “uzunsürən və ya “uzunmüddətli” terminindən istifadə edir. Azarın sözlərinə görə, uzunsürən münaqişələr icma qrupları arasında baş verir, lakin tezcə də milli sərhədləri aşırlar. Adətən, onlar sezilməyən, anlaşılmaz, dərkedilməz qeyri-maddi ehtiyaclarla bağlı olur və yüksək səviyyədə zorakılıq yaratmağa və ya zorakılığı gücləndirməyə meyl edirlər.[2] Bundan başqa Barton bu “yeni münaqişə növ”ünü “dərin kök salmış münaqişə” kimi müəyyən edərək terminləşdirib.[3]
Alimlər və analitiklər tərəfindən həyata keçirilən son tədqiqatlar sübut etdi ki, “həlli çətin” termini ilə tanınması belə münaqişələrin real xarakterini digərlərinə nisbətən daha yaxşı müəyyən edir. ABŞ-ın Sülh institutunun mütəxəssislərinin rəyinə görə, “həlli çətin” münaqişələrin siyasi həlli tərəflərin və ya üçüncü tərəfin vasitəçiliyi və səyləri ilə uzun zaman birbaşa danışıqlar aparmasını tələb edir”.[4] Qısaca desək, tərəflərdən biri müqavimət göstərdiyi üçün həlli çətin münaqişə həlledilməz olur. Bundan başqa, Coleman çətin münaqişəni dalana dirənmiş, gərgin, çıxılmaz vəziyyət, və həlli çox çətin münaqişə kimi səciyyələndirib.[5]
Bununla əlaqədar olaraq, təcrübədə İkinci Qarabağ Müharibəsindən əvvəl Dağlıq Qarabağ münaqişəsi “dondurulmuş” münaqişə olaraq qiymətləndirilirdi. Bundan başqa, dünya KİV-ləri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar dərc edərkən həmin termindən istifadə ediblər. Bəs, Dağlıq Qarabağ məsələsində hansı termindən istifadə etmək düzgün idi, “dondurulmuş” yoxsa “həlli çətin olan”? Bu iki yanaşmanı təhlil etdikdən sonra görürük ki, “dondurulmuş” əsasən uzadılmağa və həlli üçün daha əlverişli vaxtadək donmuş vəziyyətdə saxlanmasına yönəlmişdir. “Həlli çətin olan” isə həll edilməsinin mümkünsüz olmasını şərh edir və vurğulayır. Dağlıq Qarabağ münaqişəsi təxminən otuz il idi ki, həllini gözləyirdi. Lakin üçüncü tərəflərin danışıqlar prosesinə cəlb olunmasından asılı olmayaraq məslənin həllinə doğru heç bir addım atılmamışdı. “Dondurulmuş” münaqişələrdə üçüncü tərəflərin cəhdlərinin atəşkəsə zəmanət verməsi, zorakılığı dayandırması və siyasi həll istiqamətində danışıqları davam etdirməsi gözlənilir. Lakin Dağlıq Qarabağ münaqişəsi aktiv olaraq qalırdı, vaxtaşırı atəşkəs pozulurdu, danışıqlar prosesi dalana dirənirdi. 1994-cü il atəşkəs razılaşmasından İkinci Qarabağ müharibəsinə qədər ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik fəaliyyətindən asılı olmayaraq hər iki tərəfdən minlərlə hərbçi və mülki şəxs həlak olub, tərəflər arasında zaman-zaman ölümcül toqquşmalar baş verib. Həll prosesində heç bir nailiyyət əldə edilməyib. Ona görə də İkinci Qarabağ Müharibəsinə qədərki Dağlıq Qarabağ münaqişəsini “dondurulmuş” yox, “həlli çətin olan” kimi qələmə vermək daha məqsədəuyğun idi.
[1] Morar, Fillon, “The Myth of Frozen Conflicts: Transcending Illusive Dillemmas”, Concordiam: The Journal of European Security and Defense Issues, Vol. 1, No. 2, 2010, p. 11.
[2] Azar, Edward, “Protracted International Conflicts: Ten Prepositions”, in Azar, Edward & Bruton, John W., ed., International Conflict Resolution Theory and Practice (London Wheatsheaf Books, 1986.
[3] Burton, John W., Resolving deep-rooted conflict: A handbook (University Press of America, 1987).
[4] Crocker, Hampson, and Aall, “Introduction: Mapping the Nettle Field,” 13.
[5] Coleman, Peter T., “Intractable Conflict”, in Deutsch, Morton et all., ed., The Handbook of Conflict Resolution: Theory and Practice (Jossey-Bass, 2000), p. 5.