Lissabon prinsipləri 1996-cı il dekabrın 2-3-də Lissabonda keçirilmiş ATƏT sammitində qəbul edilmişdir. Sammitdə Minsk Qrupunun həmsədrləri tərəfindən verilmiş bəyanat Dağlıq Qarabağa Azərbaycan daxilində yüksək dərəcəli özünüidarəetmə hüququ verir, Dağlıq Qarabağ və onun əhalisinin təhlükəsizliyini təmin edərək Ermənistan və Azərbaycan respublikalarının ərazi bütövlüyünü aydın göstərən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üç prinsipi elan edirdi.[1]
Ermənistan Lissabon prinsiplərinə etiraz edərək onları qəbuledilməz olduğunu bildirmişdir. “Ermənilərə zərbə olsa da, Lissabon prinsipləri ATƏT-in etnik-ərazi mübahisələrinin həllini tələb edən gecikmiş təməl şərtlərini təmin edirdi”.[2]
Lissabon prinsiplərinə veto qoyarkən, Ermənistan Respublikasının Prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağın statusunun sonradan Minsk Konfransında müəyyən olunmalı olduğunu iddia edirdi.[3] Lissabon Zirvə görüşündə Ermənistan nümayəndə heyəti də Lissabon prinsiplərinin qəbulu ilə bağlı öz narazılığını ifadə etmiş və bildirmişdir ki, “problemin həlli beynəlxalq hüquq əsasında və Helsinki Yekun Aktında təsbit edildiyi kimi öz müqəddəratını təyinetmə prinsipi əsasında müəyyən edilməlidir”.[4]
Ermənistan ATƏT-in Minsk Qrupunu qərəzlilikdə və Azərbaycanı müdafiə etməkdə günahlandırırdı. Ümumiyyətlə, bu vasitəçilik prosesində əksər ermənilərin mövqeyi aşağıdakı kimi idi:
SSRİ tərkibində olan Ermənistan NATO və Avropa Şurasının üzvü olan Türkiyə ilə sərhəddə yerləşir. Türkiyənin etno-linqvistik əmiuşaqları Bakının rəhbərləridir, onlar Arsax kəndliləri deyil və buna görə də, Türkiyənin və NATO-nun, çox güman ki, bütün qərbin fikri zülm olunandan daha çox zülmkarın tərəfini saxlamağa meylli ola bilər. Lakin soyuq müharibənin sona çatması ilə, bu fərqlər və möhkəm münasibətlər bir qədər korlanmışdır. Lakin bu diplomatiya tarixin acı faktlarından biridir ki, böyük dövlətlər demək olar ki, həmişə ermənilərin böyük və yaxşı yerləşdirilmiş qonşuları ilə ittifaqlar yaratmağa və ermənilərin narahat olduğu hüquq və ədalət prinsiplərini nəzərdən qaçırmağa meylli olmuşlar.[5]
Lakin Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün Lissabon prinsiplərinə qarşı gördüyü bütün səylərə baxmayaraq, prinsiplər Dağlıq Qarabağın statusu haqqında danışıqlar üzrə əsas kimi, ABŞ daxil olmaqla, bütün 53 iştirakçı dövlətlər tərəfindən təsdiq edilmişdir.
[1] “Statement of the OSCE Chairman-in-Office”, Annex 1 to the Declaration of the OSCE Lisbon Summit, 3 December 1996, p. 15.
[2] Laitin, David D., & Grigor Suny, Ronald (1999), p. 164.
[3] Nishimura, Megumi, “National Self-determination and the International Community in the Transcaucasus: Inconsistency and Domestic Response”, Central Asia and the Caucasus, No. 5 (11), 2001. Retrieved from (http://www.ca-c.org/journal-table-eng.shtml). Accessed on November 25, 2013
[4] “Statement of the Delegation of Armenia”, Annex 2 to the Declaration of the OSCE Lisbon Summit, 3 December 1996, p. 16.
[5] Walker, Christopher J., Armenia and Karabakh: The Struggle for Unity (Minority Rights Publications, 1991), p. 71.