Dağlıq Qarabağ münaqişəsi nəticəsində nə qədər azərbaycanlı öz tarixi torpaqlarından köçürülmüşdür?

Azərbaycan qaçqınların (Ermənistandan köçürülmüş etnik azərbaycanlılar) və məcburi köçkünlərin (Dağlıq Qarabağdan və Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş yeddi rayonundan olan etnik azərbaycanlılar) problemi ilə üzləşən keçmiş Sovet İttifaqının ilk respublikalarından biri idi. Etnik azərbaycanlıların öz tarixi yurdyuvalarından köçkün düşməsi birbaşa olaraq 1988-ci ildən başlamış və 1994-cü il atəşkəs sazişinə kimi davam edən Dağlıq Qarabağ münaqişəsinin nəticəsi idi. İki qonşu Cənubi Qafqaz ölkəsi arasındakı gərginliyi artıran bu vəziyyət təqribən 1 milyon Azərbaycanlının öz yurdlarını zorla tərk etməsinə səbəb olmuşdur.

Münaqişə zamanı köçürülmə iki mərhələdə baş tutdu. Qaçqınların ilk axını 1988-ci il və 1991-ci illərin əvvəlində Ermənistanın Dağlıq Qarabağı Azərbaycan SSR-dən ayıraraq Ermənistan SSR ərazisinə birləşdirmək istəyi nəticəsində etnik gərginliyin artması ilə meydana gəldi.[1] Gərginlik Azərbaycan xalqına qarşı vəhşiliklərlə müşayiət edilirdi. Üç gün ərzində, 1988-ci il noyabrın 27-29-da ermənilər Quqark, Spitak və Stepanavan şəhərlərində 33 azərbaycanlını qətlə yetirdilər. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 1988-1989 illər arasında 216 azərbaycanlı münaqişənin nəticəsindən əziyyət çəkərək həyatlarını itirmişdirlər. Onlardan 49 nəfər donaraq ölmüş, 41 nəfər vəhşicəsinə döyülərək öldürülmüş, 35 nəfər amansız işgəncələrlə həyatlarını itirmiş, 115 nəfər diri-diri yandırılmış, 16 nəfər güllələnmiş, 10 nəfər təhqirlərə dözə bilməyərək infarkt nəticəsində ölmüş, 2 nəfər xəstəxanada erməni həkimləri tərəfindən qətlə yetirilmiş, 3 azərbaycanlı boğularaq qətlə yetirilmiş, 1 nəfər asılmış, 1 nəfər ermənilərin işgəncəli ölümündən yaxa qurtarmaq üçün özünə qəsd etmiş, 1 nəfər elektrik cərəyanı ilə öldürülmüş, 2 nəfərin başı kəsilmiş, 29 nəfər diri-diri basdırılmış, 3 nəfər xəstəxanada tibbi diqqətsizlik ucbatından dünyasını dəyişmiş, 8 nəfər isə itkin düşmüşdü.[2] Nəticədə, etnik qarşıdurmanın ilk dalğasında Ermənistandakı bütün etnik azərbaycanlılar, təxminən 250 min nəfər öz evlərindən zorla qovularaq Azərbaycanın müxtəlif regionlarına köçürülmüşlər.[3]

Köçürülmənin ikinci dalğası 1991-ci ilin sonunda Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi müharibəyə çevrildiyi zaman başladı. 1992-ci ildə Ermənistan Dağlıq Qarabağı bütünlüklə ələ keçirdi və Azərbaycanın Dağlıq Qarabağı Ermənistana birləşdirən Laçın rayonunu da işğal etdi. Növbəti iki il ərzində Azərbaycanın digər rayonları Kəlbəcər, Qubadlı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan da erməni qüvvələri tərəfindən işğal edildi. Nəticədə, bu rayonların əhalisi kütləvi surətdə köçürüldü.[4] Bu münaqişə zamanı təqribən 22/25 min adamın öldürüldüyü və 4500-dən çox adamın hələ də itkin düşdüyü hesablanmışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2010-cu il statistikasına əsasən, məcburi köçkünlərin sayı etnik azərbaycanlılar, regionun kürd, rus və türk əhalisi də daxil olmaqla 586013 nəfər təşkil edir.[5] Bu baxımdan, Qaçqınlar üzrə ABŞ Komitəsi (USCR) də qeyd edir ki, 1993-cü ildə Ermənistanın təcavüzü nəticəsində 568 min nəfərdən çox adam məcburi köçürülmüşdür. Bunlardan 42.072 nəfər Dağlıq Qarabağdan, qalanları isə Azərbaycanın digər işğal edilmiş rayonlarından – Füzulu (133,725 nəfər), Ağdam (128,584 nəfər), Laçın (63,007 nəfər), Kəlbəcər (59,274), Cəbrayıl (58,834 nəfər), Qubadlı (31, 276), Zəngilan (34,797), Tərtər (5,171) və Ağcabədi (3,358) didərgin salınmışdır.[6]

Birləşmiş Millətlərin İnkişaf Proqramının 2000-ci il statistikasına əsasən, məcburi köçkünlər əsasən çadırlarda, düşərgələrdə və ictimai binalarda ekstremal şəraitdə yaşayırlar. Hesablamalara əsasən, onlardan 18.7% düşərgələrdə, 19.1% dəmiryol vaqonlarında, 23.3% məktəblərdə, 16.6% yataqxanalarda, 1.4% isə sanatoriya və uşaq düşərgələrində yaşayır. Məcburi köçkünlərin təxminən 20,9% kirayə evlərdə, dostlarının və qohumlarının evlərində məskunlaşmış və yalnız 2.9% öz evlərini qura bilmişlər. Onların bəziləri Azərbaycanın münaqişə zonasında yerləşən rayonlarında məskunlaşıb. Təxminən 18.000 nəfər Ağcabədidə, 19.000 nəfər Sabirabadda, 20.000 nəfər İmişlidə, 21.000 nəfər Biləsuvarda və 51.000 nəfər Bərdədə məskunlaşmışdır.[7]

Son dövrlərdə Azərbaycan hökuməti məcburi köçkünləri yaşayışla təmin etmək və gəlirlərinin artırılması üçün mühüm tədbirlər görmüşdür. 2004-cü ildə başladılmış milli proqrama əsasən, qaçqın və məcburi köçkünlər üçün 4.4 milyard dollar sərf edilmiş və 140 min nəfər yeni evlərlə təmin olunmuşdur.[8] 2005-ci ilin əvvəlində, Azərbaycan hökuməti çadır düşərgələrində yaşayan köçkünlərin yeni evlərlə təmin edilməsini planlaşdırmışdı. Nəticədə, 2007-ci ildə məcburi köçkünlər üçün yaradılmış bütün çadır düşərgələr ləğv edildi. 2008-ci və 2011-ci illər ərzində 108 min nəfər məcburi köçkün yeni tək ailəli evlər və ya mənzillərlə təmin edilmişdir. Azərbaycan hökuməti 2015-ci ilə kimi hazırda digər şəxslərin ev və ya mənzillərində yaşayan 11500 nəfər məcburi köçkünü evlə təmin edəcəyini vəd edib.[9] Azərbaycan hökuməti İkinci Qarabağ müharibəsi nəticəsində işğal olunmuş ərazilərini azad etdikdən sonra “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində məcburi köçkünləri mərhələli şəkildə ata-baba torpaqlarına geri köçürməyə başlayıb.


[1] a.k.ə. “Profile of International Displacement: Azerbaijan”, p. 10.

[2] “Letter dated 25 October 1996 from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the Secretary-General”;

[3] International Crisis Group, “Tackling Azerbaijan’s IDP Burden”, Crisis Group Europe Briefing, N°67, 27 February 2012, p. 2.

[4] “Azerbaijan Human Development Report 2000”, United Nation Development Program, 2001, p. 53.

[5] “Azerbaijan: After Some 20 years, IDPs Still Face Barriers to Self-Reliance”, Internal Displacement Monitoring Center, 10 December 2010, p. 3.

[6] Abilov and Isayev, “The Consequences of the Nagorno-Karabakh War for Azerbaijan,” p. 294.

[7]a.k.ə. “Azerbaijan Human Development Report 2000”, p. 53.

[8] “Internal Displacement in Europe, the Caucasus and Central Asia”, Internal Displacement Monitoring Center, Global Overview 2012, p. 45.

[9] a.k.ə. International Crisis Group, (2012), p. 4.