Mixail Qorbaçov tərəfindən Sovet İttifaqında “yenidənqurma” və “aşkarlıq” siyasəti həyata keçirildikdən sonra ermənilərin DQMV-nin Ermənistana birləşdirilməsinə dair arzusunu– onların Azərbaycana qarşı ərazi iddialarını açıq ifadə etmək imkanını təmin edən yeni şərait yarandı. 1985-1987-ci illərdə DQMV ilə bağlı ermənilərin etirazlarının artması müşahidə olundu. 1987-ci ilin sonu, 1988-ci ilin əvvəllərində Moskvada DQMV-dən olan nümayəndələrlə yüksək səviyyəli rəsmilər arasında muxtar vilayətin statusu ilə bağlı çoxsaylı görüşlər keçirildi.[1]
1987-ci ilin avqust ayında Ermənistan Elmlər Akademiyası DQMV və Naxçıvan Muxtar Respublikasının Ermənistan SSR-ə birləşdirilməsi üçün minlərlə adamın imzası ilə ərizə hazırladı.[2]
Ermənilərin ilk kütləvi etiraz aksiyaları 1987-ci ilin oktyabr ayında Çardaqlı kəndinin erməni əhalisi azərbaycanlı sovxoz direktorunun namizədliyini qəbul etməkdən imtina zamanı keçirilmişdi.[3] Tezliklə, Çardaqlıdakı etiraz dalğası ətraf mühitlə bağlı – kimya zavodu və Metsamor Atom Elektrik Stansiyasının bağlanması tələbi ilə nümayiş keçirilən İrəvana gedib çatdı. Lakin ertəsi gün dinc ekoloji nümayiş DQMV-nin və Naxçıvanın Ermənistana birləşdirilməsini tələb edən siyasi hərəkata çevrildi.[4]
Bir qədər sonra, 1987-ci ilin noyabr ayında Qorbaçovun komandasına daxil olan, onun iqtisadi məsələlər üzrə müşaviri, erməni akademik Abel Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verdiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümid etdiyini bildirdi.[5]
Çardaqlı hadisəsindən sonra Ermənistandakı azərbaycanlılar ermənilərin hücumlarına məruz qaldılar. Bu da onların ölkədən qovulması ilə nəticələndi. 1988-ci ilin yanvar ayında Ermənistandan olan ilk azərbaycanlı qaçqınlar dalğası Bakıya gəlib çıxdı və onların əksəriyyəti Sumqayıtda yerləşdirildi.[6] Azərbaycanlıların Ermənistandan köçürülməsi fevral ayında da davam etdirildi və bu ay ərzində azərbaycanlı qaçqınların daha iki dalğası Bakıya gəlib çatdı.[7]
Hadisələrin daha aqressiv məcraya yönəldiyi fevral günlərində İrəvanda və Xankəndində (Stepanakert) separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. DQMV-nin birləşməsi ilə bağlı ermənilərin tələbləri artdığından 1988-ci il fevralın 10-da Azərbaycan İnformasiya Agentliyi Azərbaycanın heç bir vaxt ərazisinin birtərəfli qaydada ayrılaraq Ermənistan ilə birləşməsinə razı olmayacağı barədə bəyanat yaydı.[8] Ertəsi gün Azərbaycan hökumətinin DQMV ilə bağlı mədəni, iqtisadi və sosial siyasətinə etiraz əlaməti olaraq Xankəndində (Stepanakert) ilk nümayiş təşkil olundu. Fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR və SSRİ-yə müraciət edərək onun Ermənistan SSR-in nəzarətinə keçirilməsinə dair qərar qəbul etdi.[9]
Dağlıq Qarabağ məsələsi ilə bağlı gərginliyin artması öz hökumətini separatçı erməni iddialarına qarşı lazımi reaksiya göstərməməkdə ittiham edən Azərbaycan əhalisinə də mənfi təsir göstərmişdi. Fevralın 24-də Əsgəranda ermənilərlə polis arasında qarşıdurmalar nəticəsində iki azərbaycanlı öldürüldü, 19 nəfər isə yaralandı.[10] Bu hadisə məsələni münaqişə səviyyəsinə çatdıran mühüm addım oldu.
Çardaqlı hadisəsi, İrəvanda ekoloji nümayişin Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsini tələb edən siyasi hərəkata çevrilməsi, azərbaycanlılarının Ermənistandan qovularaq çıxarılması və Əsgəranda iki azərbaycanlının öldürülməsi münaqişənin başlanmasının başlıca amilləri idi.
[1] Fraser, Niall M., et all., “A Conflict Analysis of the Armenian-Azerbaijani Dispute”, The Journal of Conflict Resolution, Vol. 34, No. 4, December 1990, p. 657-658.
[2] a.k.ə. Cornell, Svante E. (1999), p. 13.
[3] Mouradian, Claire, “The Mountainous Karabakh Question: Inter-Ethnic Conflict or Decolonization Crisis”, Armenian Review, Vol. 43, No. 2-3, 1990, p. 15.
[4] Reports of demonstrations in Yerevan and Clashes in Mountainous Karabagh”, Asbarez, 24 October 1987. Retrieved from; (http://web.archive.org/web/20070914104126/http://www.armeniaforeignministry. com/fr/nk/nk_file/article/49.html). Accessed on November 29, 2013
[5] Babanly, Yusif, “The Debacle: From Kafan To Khojaly,” Azerbaijani Vision, February 17, 2016; https://en.azvision.az/news/30539/the-debacle-from-kafan-to-khojaly.html. Accessed on December 2, 2022.
[6] Dragadze, Tamara, “The Armenian: Azerbaijani Conflict: Structure and Sentiment”, Third World Quarterly, Vol. 11, No. 1, January 1989, p. 59.
[7] a.k.ə. Cornell, Svante E. (1999) p. 14.
[8] a.k.ə. Fraser, Niall M., et all. p. 658
[9] Quinn-Judge, Paul, “Gorbachev treads fine line on Armenian issue. Soviet leader’s conciliatory line may fuel more nationalism, but crackdown would stymie reform”, The Christian Science Monitor, 29 February 1988, p. 10
[10] Babanly, “The Debacle: From Kafan To Khojaly”.