Dağlıq Qarabağ münaqişəsinin həllində İlham Əliyevin mövqeyi necədir?

2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilən zaman Dağlıq Qarabağ münaqişəsi gündəlikdə duran ən vacib məsələlərdən biri idi. 2003-cü ildə andiçmə mərasimi zamanı İlham Əliyev prezidentliyi dövründə münaqişənin həllində Azərbaycanın mövqeyinin dəyişməyəcəyinə və Heydər Əliyevin formalaşdırdığı Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə əsaslanacağına təminat verərək, Azərbaycan prezidenti kimi münaqişənin sülh yolu ilə həllini alqışladığını və bu yolda üçüncü tərəfin bütün konstruktiv təşəbbüslərinə, ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunmuş birgə danışıqlara və digər xarici ölkələrin birtərəfli səylərinə tam dəstək verəcəyini bildirmişdi. Buna görə də, İlham Əliyevin birinci prezidentliyi dövründə Ermənistan prezidenti, ATƏT-in Minsk qrupunun sədrləri, xarici dövlətlərin rəhbərləri ilə bir neçə dəfə görüşü olub.

İkinci Qarabağ müharibəsindən əvvəl İlham Əliyevin mövqeyi belə idi ki, münaqişənin həlli mərhələli prosesə əsaslanmalıdır. Buna görə də o, müxtəlif vaxtlarda bəyan etmişdir ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalı, icmalar arasında etimadın yaradılması üçün rabitə və iqtisadi əlaqələr qurulmalıdır.[1] Bu addımlar atıldıqdan sonra, məsələnin həlli prosesində son mərhələ kimi Dağlıq Qarabağın bütün icmalarının iştirakı ilə Dağlıq Qarabağın statusunu müzakirə etmək olar.[2] Qeyd edək ki, İlham Əliyevin İkinci Qarabağ müharibəsindən əvvəl Dağlıq Qarabağın statusu ilə bağlı nöqteyi-nəzəri yüksək muxtariyyətə söykənirdi ki, bu da Azərbaycanın ərazi bütövlüyünü pozmadığı halda, praktiki baxımdan mümkün idi. Bu kontekstdə o, Azərbaycanın öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyini, Dağlıq Qarabağ məsələsinin həllinin yalnız Azərbaycanın ərazi sərhədləri daxilində mümkün olacağını bəyan etmişdi.[3]

Bununla belə o, münaqişənin yenidən qeyri-müəyyən müddətə uzadılacağı halda Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün güc tətbiq olunacağını da heç vaxt istisna etməmişdi.[4] Belə ki, o, ölkənin hərbi potensialının gücləndirilməsi üçün kifayət qədər zaman və səy sərf edib. Buna görə də, ordunun döyüş qabiliyyətini təkmilləşdirmək və müasir standartlara uyğun silahlarla təmin etmək üçün Azərbaycan hərbi büdcəsini əvvəlki illərlə müqayisədə dəfələrlə artırmışdır.[5] Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi münasibətilə keçirilən təntənəli hərbi paraddakı nitqində, o, xüsusi olaraq vurğulamışdı: “Azərbaycan müharibə vəziyyətindədir. Müharibə hələ sona çatmayıb, hələlik yalnız ilk mərhələsindədir… Bizim mövqeyimiz güclü ordu tərəfindən qorunur. Bu səbəbdən də biz son illərdə ordu quruculuğuna ciddi diqqət yetirmişik”.[6]

Bu baxımdan Prezident İlham Əliyev Ermənistanın yeni rəhbərliyinin 2018-ci ildən başlayaraq gərginliyi artıran və münaqişə tərəflərini 27 sentyabr 2020-ci il tarixində başlayan müharibəyə sövq edən təxribat xarakterli siyasi bəyanatları və əməlləri ilə bağlı müxtəlif məqamlarda Ermənistan tərəfinə və beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmişdi. Belə ki, qeyd olunduğu kimi, Azərbaycan Ordusu Ermənistanın təcavüzünə qarşı 2020-ci il sentyabrın 27-də bütün cəbhə boyu başlatdığı əks-hücum əməliyyatı ilə 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın işğal etdiyi əraziləri azad etməyə başladı. Bununla bağlı Prezident İlham Əliyev noyabrın 10-da xalqa müraciəti zamanı Rusiya Prezidenti və Ermənistanın Baş naziri ilə yuxarıda qeyd olunan Üçtərəfli Bəyanatı imzaladıqdan sonra bildirmişdir ki, “Bu gün ölkəmiz üçün tarixi gündür. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Düşünürəm ki, indicə imzalanmış üçtərəfli bəyanat problemin həllinə nöqtə qoyacaq.”[7]

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında yekun sülhün əldə olunması üçün Avropa İttifaqı və Rusiyanın təşəbbüsü ilə bir neçə dəfə baş nazir Nikol Paşinyanla görüşüb. Dağlıq Qarabağın bir subyekt kimi mövcudluğu ilə bağlı Prezident İlham Əliyev bildirib ki, “Biz bu məsələni həll etmişik. Ermənistan istəsə də, istəməsə də, artıq bütün dünya bunu qəbul edib. Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Dağlıq Qarabağın inzibati ərazisinə gəlincə, Azərbaycanda belə bir ərazi yoxdur. Ona görə də Dağlıq Qarabağ beynəlxalq təşkilatların leksikonunda yoxdur.”[8] Bununla bağlı 2022-ci il oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə Prezident İlham Əliyev bildirmişdir ki, “Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Bu, iki il əvvəl həll olunub, ona görə də bu kontekstdə müzakirə olunacaq praktiki heç nə yoxdur.”[9] Prezident İlham Əliyev görüşdə onu da vurğulamışdır ki, “Yekun sənəddə “Qarabağ” və ya “Dağlıq Qarabağ” ifadəsi işlədilmir, Qarabağla bağlı bircə kəlmə belə qeyd olunmur.”[10]

Prezident İlham Əliyev Soçi görüşündə Azərbaycanın milli maraqlarına xələl gətirməyəcəyini bir daha nümayiş etdirərək bəyan etdi ki, Qarabağ bölgəsinin erməni əhalisi Azərbaycan vətəndaşıdır və Azərbaycan vətəndaşlarının rifahını necə quracağını heç kimlə müzakirə etməyəcək. Bununla bağlı o, bir daha bildirdi ki, “Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal zamanı dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımayıb. Ona görə də biz daxili işlərimizlə bağlı məsələləri heç vaxt nə beynəlxalq təşkilatlarla, nə də başqa bir ölkə ilə müzakirə etmirik.”[11]


[1] “Speech by Ilham Aliyev at the 65th session of the United Nations General Assembly”, 23 September 2010; (http://en.president.az/articles/764). Accessed on December 4, 2022.

[2] a.k.ə. “Speech by Ilham Aliyev…”, (2010).

[3] “President Ilham Aliyev’s Greetings to the Azerbaijani People on World Azerbaijanis’ Solidarity Day and the New Year”, 01 January 2011; (http://en.president.az/articles/1374). Accessed on December 4, 2022.

[4] “President of Azerbaijan: ‘Our patience also has limits’”, Euronews, 02 February 2010; (http://www. euronews.com/2010/02/02/interview-with-ilham-aliyev-president-of-azerbaijan/). Accessed on December 22, 2013.

[5] International Crises Group, “Armenia and Azerbaijan: Preventing War”, Europe Briefing, No. 60, 8 February 2011, pp. 5-6.

[6] Speech by Ilham Aliyev at the official military parade on the occasion of the 95th anniversary of the Armed Forces”; (http://en.president.az/articles/8574). Accessed on December 25, 2013.

[7] “Ilham Aliyev addressed the nation,” President.az, November 10, 2020; https://president.az/en/articles/view/45924. Accessed on December 4, 2022.

[8] “Ilham Aliyev: “If we are defining borders, what NK status is there to talk about?” JAMnews, May 27, 2022; https://jam-news.net/if-we-define-the-borders-then-what-status-of-nk-can-we-talk-about-azerbaijan-stated-that-the-conflict-over-nagorno-karabakh-has-been-resolved/. Accessed on December 4, 2022.

[9] Akbarov, Farid, “Sochi meeting: Armenia was defeated, Azerbaijan’s position is firm,” Apa.az, November 1, 2022; https://apa.az/en/political/sochi-meeting-armenia-was-defeated-azerbaijans-position-is-firm-analysis-388504. Accessed on December 4, 2022.

[10] Akbarov, “Sochi meeting”.

[11] Akbarov, “Sochi meeting”.