Silahlı və ya sosial münaqişələrin həllinə dair elmi ədəbiyyatda, mövcud mübahisələrin daimi həlli yolunu tapmaq üçün atılmalı olan lazımi addımlar var. İlkin və çox mühüm olan addımlardan biri münaqişə tərəflərinin müəyyənləşdirilməsidir. Çünki münaqişə tərəflərinin və ya maraqlı tərəflərin yanlış müəyyənləşdirilməsi prosesin çıxılmaz vəziyyətə gəlib çatmasına və sülhün əldə olunmasının uzanmasına səbəb olacaq. Aydındır ki, münaqişə tərəfləri qavrayışları, emosiyaları və yanaşmaları birbaşa sülh yaratma prosesinə təsir edən əsas iştirakçılardır. Bundan əlavə, münaqişələrin təbiəti, etnik və ya ərazi, dövlətlərarası və ya dövlətdaxili olması, münaqişə tərəflərinin təyin edilməsi ilə müəyyən oluna bilər.[1]
Sovet İttifaqının mövcudluğu dövründə Rusiya və Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk təşəbbüs göstərəndə və sonralar İran vasitəçilik prosesi üçün Tehranda görüş təşkil edəndə də Azərbaycan və Ermənistan münaqişə tərəfləri kimi tanınmışdı. 1992-ci ildə ATƏM/ATƏT-in Minsk qrupu münaqişənin vasitəçi rolunu öz üzərinə götürdü və missiya ilk tapşırıq kimi ABŞ dövlət katibi Ceyms Beykerin adı ilə adlanan “Beyker qaydaları” hazırladı. Münaqişənin bütün tərəfləri tərəfindən qəbul edilən qaydalara əsasən Azərbaycan və Ermənistan mübahisənin “əsas tərəfləri”, iki icma-Dağlıq Qarabağın azərbaycanlı və erməni icması isə “maraqlı tərəflər” kimi tanınmışdı.[2] 1994-cü il atəşkəs sazişindən 2020-ci il İkinci Qarabağ müharibəsi başlayana qədər danışıqlar formatı dəyişməmiş, tərəflər arasında sülh təşəbbüsləri bu qaydalar əsasında həyata keçirilmişdir. İkinci Qarabağ müharibəsinin dayandırılmasına dair Üçtərəfli Bəyanat da münaqişə tərəfləri kimi Azərbaycan və Ermənistan, üstəlik, vasitəçi qismində Rusiya arasında imzalanıb. O vaxtdan bəri bir tərəfdən Rusiya, digər tərəfdən Avropa İttifaqının təşəbbüsləri ilə regionda davamlı sülhə nail olmaq üçün danışıqlar prosesi bu formatda aparılmışdır.
Bundan əlavə, akademik ədəbiyyatda münaqişə tərəflərini əsas, ikinci dərəcəli və üçüncü tərəflərə bölmək mümkündür. Paul Uehrin sözlərinə görə, “əsas” tərəflər, birbirinə qarşı olan, döyüşən və münaqişə nəticəsində birbaşa paya malik olanlardır. İkinci dərəcəli tərəflərin bunda dolayı payı var. Çox vaxt onlar əsas tərəflərlə müttəfiqlik edir və ya onlara rəğbət göstərirlər, lakin birbaşa qarşı tərəf deyil. Üçüncü tərəf isə “məsələnin həllini asanlaşdırmaq üçün müdaxilə edə biləcək vasitəçilər və sülhməramlı qüvvələr kimi iştirakçılardır.”[3]
Dağlıq Qarabağ məsələsində, münaqişənin əsas tərəfləri Azərbaycan və Ermənistandır, ikinci dərəcəli tərəf qondarma “Dağlıq Qarabağ Respublikası” və Dağlıq Qarabağın azərbaycanlı icması, üçüncü tərəf isə məsələnin həlli prosesində vasitəçi rolunu oynayan ATƏTin Minsk qrupudur. Rollarından asılı olaraq, bu halda, yalnız əsas tərəflər – Azərbaycan və Ermənistan mübahisə edən tərəflər kimi qəbul olunur və danışıqlar prosesinə cəlb edilmişdir. Dağlıq Qarabağ yaxud qondarma “Dağlıq Qarabağ Respublikası”nın erməni əhalisi münaqişənin tənzimlənməsi prosesindən təcrid olunub və “əsas” tərəf kimi tanınmayıb. Bu təcriddən narazı qalan qondarma respublika bölgədə yenidən daimi sülhün bərqərar olması üçün vasitəçilik prosesində birbaşa iştirakının vacibliyində israrlı idi. Əksinə, Azərbaycan Dağlıq Qarabağı öz ərazisinin bir hissəsi kimi tanıyıb və münaqişəni dövlətdaxili deyil, daha çox dövlətlərarası hesab edib. Azərbaycan yalnız Ermənistanla danışıqlar aparmağa üstünlük verib və erməni və azərbaycanlı icmalarının danışıqlarda iştirakının sülh yaratma prosesinin mövcud formatını pozacağını bildirib. Bununla belə, güman edilirdi ki, Əsas Prinsiplər (ATƏT-in 2007-ci ilin noyabrında Madrid Zirvə görüşündə tərtib olunmuş prinsiplər) üzrə razılıq əldə edildikdən sonra hərtərəfli sülhə nail olmaq üçün növbəti cəhdlərə Dağlıq Qarabağın hər iki icmasını cəlb etmək mümkün olacaqdı.[4]
Azərbaycandan fərqli olaraq, Ermənistan erməni icmasının danışıqlar prosesində birbaşa cəlb edilməsi ilə bağlı mövqeyini dilə gətirmiş və sülh danışıqlarında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tam iştirakı olmadan sülh prosesində hər hansı irəliləyişlər əldə etməyin mümkün olmadığını rəsmən bəyan etmişdi. Tərəflərin statusu ilə əlaqədar Ermənistanın rəsmi mövqeyindən asılı olmayaraq, münaqişənin həlli prosesinin əvvəlindən bu günə qədər beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistanı münaqişənin “əsas” tərəfləri kimi tanımış və bütün sülh yaratma vasitəçiliyi onların arasında aparılmışdır.
Ünsiyyət strukturunu daha yaxşı qurmaq və danışıqların daha etibarlı olması üçün münaqişə tərəfləri adətən üçüncü tərəfin vasitəsilə danışıqlar aparmağa üstünlük verirlər. Ümumiyyətlə, üçüncü tərəfin fəaliyyəti dedikdə faktların müəyyən edilməsi və vasitəçilik nəzərdə tutulur.[5] Üçüncü tərəfin müdaxiləsindən sonra münaqişənin xarakteri dəyişərək üçtərəfli olur; buna görə də bütün məsuliyyət və danışıqlar prosesinin planlaşdırılmasına və strukturuna nəzarət münaqişənin yeni iştirakçısı tərəfindən həyata keçirilir.[6] Dağlıq Qarabağ münaqişəsində münaqişə edən tərəflər arasında otuz ildən artıq vasitəçilik edən ATƏTin Minsk qrupu münaqişənin üçüncü tərəfi idi. Bu təşkilatın göstərdiyi bütün cəhdlərinə baxmayaraq, təəssüf ki, sülhyaratma prosesində heç bir irəliləyiş olmayıb. Münaqişə tərəfləri, xüsusilə Azərbaycan prosesin müvəffəqiyyətsizliyində ATƏT-in Minsk qrupunu günahlandırmış və bu vasitəçi qrupun problemin həll olunması üçün kifayət qədər səy göstərməməsini iddia etmişdir. Lakin ATƏT-in Minsk qrupunun yalnız vasitəçilik mandatı olub və o münaqişə tərəflərini istiqamətləndirmək, zorla qəbul etdirmək və ya təsir etmək səlahiyyətinə sahib deyildi.
Lakin Azərbaycanla müqayisədə Ermənistanla daha sıx əlaqələrə malik olan ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni Rusiya, ABŞ və Fransa kifayət qədər güclü dövlətlərdir və ağlabatan səylər göstərərək mübahisəni hansısa formada dəyişdirə və ya həll edə bilərdilər. Bununla belə, BMT-nin vasitəçilik üzrə Rəhbər sənədlərinə əsasən, vasitəçilər qərəzsiz olmalı, münaqişə tərəfləri ilə bərabər və ədalətli davranmalı və onlar arasında balans saxlamalıdırlar. Üstəlik, müxtəlif regionlardan və heç bir qlobal və regional ambisiyaları olmayan vasitəçi dövlətləri təyin etmək daha yaxşıdır. Bundan əlavə, maraqlı dövlətlərin vasitəçilik prosesində birbaşa iştirakına icazə verilə bilməz.[7] Halbuki, ATƏT-in Minsk Qrupunun timsalında hər üç dövlət qlobal və regional ambisiyaları olan ölkələr idi. Beləliklə, Rusiya Cənubi Qafqaz regionunu öz təsir dairəsinə daxil etməklə yanaşı, münaqişədə maraqlı dövlət idi.[8] Buna görə də iddia etmək olar ki, ATƏT-in Minsk Qrupunun həmsədrlik formatı sülh quruculuğu prosesində vasitəçilik etmək üçün adekvat struktur deyildi və danışıqların effektivliyini artırmaq üçün onun mübahisədə heç bir marağı olmayan yeni vasitəçilər cəlb etməsi daha yaxşı olardı.
Sonda, belə bir nəticəyə gəlmək olar ki, münaqişənin bütün tərəfləri “Beyker qaydaları”na əsaslanan danışıqların mövcud formatını qəbul ediblər. Danışıqlar prosesi münaqişənin əsas tərəfləri olan Azərbaycan və Ermənistan arasında aparılıb. Lakin hesab olunur ki, prosesin növbəti mərhələsində maraqlı tərəfləri, daha doğrusu, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarını da cəlb etmək mümkün olmalıdır. ATƏT-in Minsk qrupunun səmərəsizliyinə baxmayaraq, münaqişə tərəflərindən heç biri təşkilatın vasitəçilik prosesində üçüncü tərəf kimi iştirakını rədd etməyib. Beləliklə, İkinci Qarabağ müharibəsinə qədər Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupu olub və bu gün iki dövlət arasında yekun sülhün əldə olunması üçün danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.
[1] a.k.ə. Дмитриев, А. В. (2000), c. 57.
[2] a.k.ə. Baguirov, Adil. (2008), p. 10.
[3] Wehr, Paul, “Conflict mapping,” International Online Training Program On Intractable Conflicts, Conflict Research Consortium, University of Colorado, USA.
[4] Pashayeva, Gulshan & Göksel, Nigar, “The Interplay of the approaches of Turkey, Russia and the United States to the conflict over Nagorno-Karabakh”, SAM review, 2011, p. 23.
[5] Bercovitch, Jacob, “Third Parties in Conflict Management: The Structure and Conditions of Effective Mediation in International Relations”, International Journal, Vol. 40, No. 4, Autumn, 1985, p. 738.
[6] a.k.ə. Bercovitch, Jacob (1985), p. 739.
[7] United Nations Guidance for Effective Mediation,” United Nations Peacemaker, July 2012, pp. 10-18; https://peacemaker.un.org/guidance-effective-mediation. Accessed on December 4, 2022.
[8] Cornell, Svante E., “Turkey and the Conflict in Nagorno Karabakh: A Delicate Balance,” Middle Eastern Studies, Vol. 34, No. 1, 1998, p. 57.