Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində erməni diasporasının rolu nədən ibarət idi?

Erməni diasporunun dünyada təxminən yeddi milyon nəfər olduğu və 100-dən çox ölkədə yaşadığı təxmin edilir. Lakin siyasi və ictimai baxımdan daha fəal qruplar ABŞ və Fransadadır. [1] Bu qruplar münaqişə başlayandan bəri prosesdə fəal iştirak etmiş və qondarma “erməni soyqırımı” ilə birlikdə lobbiçilik fəaliyyətinin əsasına Qarabağ məsələsini daxil etmişlər. [2]

Hazırda ABŞ-da, əsasən Kaliforniya və Massaçusetsdə bir milyondan çox erməni yaşayır. Bu diaspor qrupu ölkənin siyasi mühitindən səmərəli istifadə edir. Amerikadakı digər etnik qrupların diasporları, məs: yəhudi, irland və yunanlar kimi erməni diasporu da maraq qruplarının xeyrinə lobbiçilik fəaliyyətinə imkan verən qanunvericilikdən faydalanır.[3] Qondarma “erməni soyqırımı”nın tanınması üçün Vaşinqtonda, xüsusilə Kapitolada lobbiçilik fəaliyyəti ilə məşğul olan və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Ermənistan Respublikası üçün əlverişli mövqe tutan erməni diaspora təşkilatları fəaliyyət göstərir. Bu erməni diaspora təşkilatlarının ən güclüsü Amerika Erməni Assambleyasıdır. Bir qayda olaraq, tarixi vətən münaqişəyə cəlb olunanda diasporanın dəstəyi dövlətin yaşaması üçün həlledici amil olur. Erməni diasporasının Ermənistan dövlətinə dəstəyi aşağıdakı formalarla təmin olunur: maliyyə və silah yardımı; əlavə mənbələrin cəlb olunması; təbliğat platforması kimi fəaliyyət göstərmək və ev sahibi olan ölkələrin hökumət və beynəlxalq təşkilatlarına lobbiçilik təsiri göstərmək.[4] ABŞ-dakı erməni diasporasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Ermənistana maliyyə yardımı göstərən əsas mənbə olduğu bir faktdır.[5] Bundan başqa, diaspora lobbiçilik fəaliyyəti vasitəsilə demokratik təsisatların qurulması üçün keçmiş Sovet İttifaqının yeni müstəqil dövlətlərə maliyyə yardımı göstərən “Azadlığa Dəstək Aktı” vasitəsilə ABŞ hökuməti tərəfindən ən böyük yardım büdcəsinin ayrılmasına nail olub.[6]

Bundan əlavə, münaqişədə erməni diasporası Ermənistanı silahla, həmçinin müharibənin davam etdirilməsi üçün onu döyüşçülərlə təmin edib.[7] Diasporanın lobbiçilik fəaliyyətinin əsas nailiyyəti “Azadlığa Dəstək Aktı” proqramı vasitəsilə Azərbaycanı ABŞ-ın birbaşa dövlət dəstəyindən məhrum edən 907-ci düzəlişin qəbul edilməsi olmuşdur.[8] Əslində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanı “təcrid” etməsinə görə 2002-ci ilədək birbaşa ABŞ hökumətinin maliyyə yardımını almayan yeganə keçmiş sovet respublikası idi.

Erməni diasporası həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Ermənistanın mövqeyini təbliğ edən əsas mənbə olmuşdur. O, öz fəaliyyətini yalnız mövcud olduğu ölkə ilə məhdudlaşdırmayaraq müstəqilliyindən istifadə edərək Ermənistanın siyasi strukturuna da təsir edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qərar qəbul edilməsi prosesində də mühüm rol oynayıb. Belə ki, münaqişənin həllində diasporanın mövqeyi Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın mövqeyi ilə uyğun gəlməyəndə onu prezident vəzifəsindən istefa verməyə məcbur etmişdi.[9]

1900-cü ilin əvvəllərində, xüsusilə I dünya müharibəsindən sonra Türkiyə və Yaxın Şərq ölkələrindən ABŞ-a köçmüş erməni diasporası ilə müqayisədə Fransadakı erməni diasporasının orada məskunlaşmasının daha uzun tarixi var. Fransadakı erməni diasporası öz etnik mənsubiyyətini qorumaqla fransız cəmiyyətinə həddindən artıq inteqrasiya olunub və onlar Ermənistan dövlətinin xeyrinə Fransanın xarici siyasətinə təsir etmək iqtidarında olan fəal etnik qruplarından biri kimi qəbul edilirlər. 1988-ci ildə Sovet Ermənistanında zəlzələdən sonra Fransadakı erməni diasporası ona yardım və pul göndərmək üçün səfərbər olmuşdu. Sovet İttifaqı dağıldıqdan sonra onlar səylərini daha da səfərbər edərək və yalnız maliyyə yardımı ilə məhdudlaşmayaraq, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Fransa hökumətinin Ermənistana siyasi dəstək verməsinə çalışmışdılar. [10] Həqiqətən də, NATO-da Fransanın partnyoru olan Türkiyənin etirazına baxmayaraq Fransa Parlamenti tərəfindən qondarma erməni soyqırımının tanınması açıq-aydın bu ölkədə erməni diasporasının lobbiçilik səyləri ilə həyata keçirilmişdir.[11]

Ümumiyyətlə, erməni diasporu proseslərin inkişafına təsir göstərə bildiyi üçün Dağlıq Qarabağ münaqişəsində mühüm rol oynayırdı. Diaspor təşkilatlarının, xüsusən də ABŞ-da fəaliyyət göstərən Amerika Erməni Assambleyasının Ermənistan cəmiyyətində iqtisadi və siyasi rolu onlara sülhməramlı qərarların qəbulu prosesində bilavasitə iştirak etməyə imkan verir ki, bu da münaqişənin həllində “müstəqillik” məsələsi ilə bağlı heç bir güzəştə getməməyə təzyiq göstərir.


[1] Cohen, Robin, Global Diasporas: An Introduction (Rutledge, 2008), p. 53.

[2] Shain, Yossi, & Barth, Aharon, “Diasporas and International Relations Theory”, International Organization, Vol. 57, No. 3, Summer 2003, pp. 468-471.

[3] a.k.ə. Shain, Yossi, & Barth, Aharon (2003), pp. 455-457.

[4] Shain, Yossi, “The Role of Diasporas in Conflict Perpetuation or Resolution”, SAIS Review, Vol. 22, No. 2, Summer-Fall 2002, p. 109.

[5] a.k.ə. Cohen, Robin (2008), p. 57.

[6] a.k.ə. Heather, Gregg (2002), p. 36.

[7] a.k.ə. De Waal, Thomas (2003), p. 207.

[8] a.k.ə. Heather, Gregg (2002), p. 27.

[9] a.k.ə. Shain, Yossi, & Barth, Aharon (2003), p. 470.

[10] a.k.ə. Cohen, Robin (2008), p. 55.

[11] “How will Armenian genocide bill affect France-Turkey relations?”, CNN, 24 January 2012; (http:// edition.cnn.com/2012/01/23/world/europe/turkey-france-genocide-bill-q-and-a/). Accessed on December 5, 2022.