Gülüstan müqaviləsi nə zaman və hansı şərtlərlə imzalandı?

XVIII əsrin sonunda Qacarlar səltənətində taxt-tac uğrunda mübarizə gedərkən, Rusiya Qafqazda özünün işğal siyasətini daha da gücləndirdi. 1799-cu ilin noyabrında inzibati işlər ilə maraqlanması üçün Kovalenskini, daha sonra isə ordu ilə birlikdə erməni əsilli general Lazarevi Gürcüstana göndərdi. 1801-ci il sentyabrın 12-də çar I Aleksandrın fərmanı ilə Şərqi Gürcüstan Rusiyaya birləşdirildi. Şərqi Gürcüstanla birlikdə Azərbaycanın Qazax, Borçalı, Şəmsəddil və Pəmbək əraziləri də Rusiyaya birləşdirildi. Bununla da Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının əsası qoyuldu.[1]

1803-cü ilin fevral ayında gürcü əsilli general Sisianov yeni baş komandan kimi Tiflisə gəldi. 50 min əsgərlik əlavə qüvvə ilə gələn Sisianovun köməkçilərindən biri də Ovannes (İvannes) adında erməni idi. Sisianov digər rus komandanlarından aqressiv xarakteri ilə fərqlənirdi. O, Rusiyanın Qafqazda möhkəmlənməsini təmin etmək üçün xüsusi təlimatlarla göndərilmişdi. Bu təlimatlardan biri də işğal zamanı ermənilərin gücündən maksimum səviyyədə istifadə edilməsi idi.[2]

Şərqi Gürcüstan tutulduqdan sonra ilk hədəf Car-Balakən oldu. Çünki, Car-Balakən strateji cəhətdən mühüm mövqeyə malik idi. Rus ordusunun buradan Azərbaycanın içərilərinə daxil olması və Dağıstanı işğal etməsi üçün mühüm bəhanəsi də var idi. Gürcü çarının oğlu şahzadə Aleksandr ruslara qarşı mübarizəyə başlayaraq məhz yardım almaq üçün CarBalakənə sığınmışdı. 1803-cü ilin yazında general Qulyakovun ordusu Car-Balakənə yürüş etdi. Qanıx çayı üzərində qələbə qazanaraq Balakəni ələ keçirdi. 1803-cü il aprelin 12-də Tiflisdə imzalanmış “Andlı öhdəliyə” görə, Car-Balakən camaatlığı Rusiyanın tərkibinə qatılır, sədaqət rəmzi kimi Tiflisə əmanət (girov) göndərir, bölgədə rus ordusu yerləşdirilir, camaat Rusiya xəzinəsinə ipəklə xərac ödəyir və Car-Balakənin daxili idarəsi camaatda qalırdı.

General Sisianovun növbəti işğal hədəfi Azərbaycanın açarı hesab edilən Gəncə qalası idi. Sisianovun hədələyici məktublarına Gəncəli Cavad xanın sərt cavabı rus ordusunun Gəncə üzərinə hücumuna yol açdı. Tərəflər arasında ilk toqquşma Quru qobu adlı yerdə baş verdi. 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə Gəncə uğrunda rus ordusu ilə qeyri-bərabər döyüşdə Cavad xan və oğlu Hüseynqulu öldürüldü. Gəncə işğal edildi. Gəncənin adı dəyişdirilərək Yelizavetpol qoyuldu. “Gəncə” sözünü işlədənlər bir gümüş manat cərimə verməli oldu.

Rusların Azərbaycan torpaqlarını işğal etməsi Osmanlı və Qacarlar İranı ilə münasibətlərə ciddi təsir etdi. Başda İngiltərə olmaqla bütün Avropa dövlətləri bu hadisəyə müdaxilə etmək üçün fürsət güdürdü. Çünki Rusiyanın Qafqazı işğal etməsi İngiltərənin Orta Şərqdəki mənafeinə zidd idi. Rusların Cənubi Qafqaza irəliləməsini istəməyən İran şahı, 1804-cü ilin iyununda İngiltərənin dəstəyi ilə Rusiyaya müharibə elan etdi. Sisianov əmrindəki rus ordusu Azərbaycanı işğal etmək üçün üç cəbhədən: Tiflis, Şimalı Qafqaz və Xəzər yollarından istifadə etməyə başladı. Gəncənin Rusiya tərəfindən işğalı digər Azərbaycan xanlıqlarına mənəvi zərbə vurdu və onları seçim qarşısında qoydu. Ardıcıl olaraq Qarabağ (14 may 1805), Şəki (21 may 1805) və Şamaxı (27 dekabr 1805) xanlıqları da Rusiya hakimiyyətini qəbul etdi.[3]

Rus ordusu 1806-cı ildə Bakı qalasına yaxınlaşdı. Sisianov fevral ayında Bakıda Hüseynqulu xan ilə görüşdüyü zaman xanın qardaşı oğlu tərəfindən öldürüldü. Sisiyanovun ölümündən sonra Azərbaycanın bütün xanlıqlarında ruslara qarşı üsyanlar başladı.[4] Bu əsnada Osmanlı dövləti Rusiyanın həm Qafqazda, həm də Balkanlarda törətdikləri dağıdıcı fəaliyyətinə görə boğazları döyüş gəmiləri ilə bağladı. Hər şey 1798-ci ildəki Osmanlı-Rusiya arasında imzalanmış saziş əsasında baş versə də, İngiltərə və Fransa dövlətlərinin müdaxiləsi nəticəsində 1806-cı ilin otktyabrında Rusiya ilə Osmanlı dövləti arasında müharibə başladı.[5]

Rusiya bir tərəfədən Osmanlı və İranla müharibə, digər tərəfdən Qafqazda qaldırılan üsyanlara baxmayaraq, Azərbaycanın işğalından əl çəkmədi. Qaldırılan üsyanları amansızca yatırdı. 1806-cı ilin 10 iyununda Qarabağ xanı İbrahimxəlil xan 17 nəfər ailə üzvü ilə birlikdə Xankəndində öldürüldü. Bu Şəki xanı Səlim xanın üsyan qaldırmasına və rus qarnizonunu məhv etməsinə səbəb oldu. Lakin nizami rus ordusuna qarşı mübarizədə məğlub olaraq İrana çəkildi. Rus ordusu əsaslı döyüşlərdə üstünlük qazanaraq 1811-ci ilə kimi Gəncə, Şuşa, Şamaxı, Quba, Dərbənd, Bakı, Rəşt və Ənzəli şəhərlərini işğal edə bildi.[6]

1812-ci ilin dekabrında Lənkəran xanlığının ruslar tərəfindən işğalından sonra İran məğlubiyyəti qəbul etdi. Beləliklə, 1813-cü il oktyabrın 12də Rusiya ilə İran arasında Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalandı. Tarixə Gülüstan sülh müqaviləsi kimi daxil olan bu sülhə görə Azərbaycan ərazisi iki yerə bölündü, onun şimalı (İrəvan və Naxçıvan xanlıqlarından savayı) Rusiyaya, cənubu isə Qacarlar İranının tərkibində qaldı. Gülüstan sülhü Azərbaycan torpaqlarının Rusiya ilə İran arasında bölüştürülməsinin birinci mərhələsini başa çatdırdı.

11 maddədən ibarət olan Gülüstan müqaviləsinin II və III maddələri tərəflər arasında sərhədləri müəyyən edirdi. İran dövləti şimali Azərbaycanın (İrəvan və Naxçıvan xanlığından başqa) Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıqlarının, eləcə də Şərqi Gürcüstan və cənubi Dağıstanın Rusiyanın hakimiyyəti altına keçməsini qəbul edirdi; V maddəyə görə Xəzər dənizində ancaq Rusiya hərbi donanma saxlaya bilərdi; VIII, IX, X maddələr isə ticarət və gömrük işlərini nizama salırdı. Maraqlıdır ki, müqavilənin rəsmi sənədləri rus çarı tərəfindən imzalanan zaman müqavilənin mətnində səhvə yol verildiyi ortaya çıxmışdır. Belə ki, müqaviləyə Rusiyaya verilən Qarabağ və Gəncə xanlıqlarının adı düşməmişdi. 1814-cü ilin yanvar ayında İrana geri göndərilən sənədlər, ancaq 1818-ci il iyulun 28-də təsdiqlənmişdir.[7]


[1] a.k.ə. Azərbaycan tarixi, C. IV (2007), s. 6.

[2] BOA. HH.Nr.6677-A. Həmçinin bax; a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 192.

[3] a.k.ə. Umudlu, Vidadi (2004), ss. 39-62.

[4] a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 195

[5] a.k.ə. Uçarol, Rıfat (1995), ss. 96-98.

[6] BOA. HH.Nr.6677-A. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 50-51.

[7] “Rusiya və İran arasında Gülüstan müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov, Kərim, red., (2009), ss. 432-443. Həmçinin bax; a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 203.