Tərəflər arasında mübahisəli ərazilər münaqişələrin ərazi sərhədləri kimi təyin olunur və aydındır ki, bu sərhədlərin müəyyən olunması mümkün ola biləcək siyasi və məhkəmə problemlərinin qarşısını almaq üçün çox vacibdir.[1] Sərhədlərin qeyri-müəyyən olduğu hallarda, münaqişələr çıxılmaz vəziyyətə səbəb ola bilər və münaqişənin həlli naməlum vaxtadək uzanar. Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması səbəblərindən biri də mübahisəli ərazilərin qeyri-müəyyən olmasıdır. Münaqişə tərəflərinin mübahisənin xarakterini müxtəlif cür identifikasiya etməsi (tanıması) buna səbəb olan amillərdəndir.
Münaqişə başlayanda ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycandan ayrılıb Ermənistanla birləşməsinə dair iddia qaldırdı. Münaqişənin ilk mərhələsində, mübahisəli ərazi yalnız 1923-cü ildə Sovet İttifaqının ilk illərində yaradılmış DQMV ilə məhdudlaşırdı. 1989-cu ilin statistik məlumatlarına görə, DQMV əhalisinin 75 faizini ermənilər, 25 faizini isə azərbaycanlılar təşkil edirdi.[2] Dörd rayondan ibarət DQMV-nin ümumi sahəsi 4,400 km2 idi və mübahisə də bu ərazilər üzərində başlanmışdı ki, bu da münaqişə ərazisinin ilkin sərhədi kimi müəyyən edilə bilər.
Lakin, 1991-ci ildə Sovet İttifaqının dağılması ilə, Dağlıq Qarabağ münaqişəsi hərbi mərhələyə çatdı və 1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsinə qədər davam etdi. Müharibə nəticəsində Ermənistan nəinki keçmiş DQMV üzərində nəzarəti ələ aldı, həm də əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olan Azərbaycana məxsus ətraf əraziləri də işğal etdi. Nəticədə Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş və bir milyona qədər insan öz yurd-yuvasını tərk edərək Azərbaycanın başqa ərazilərinə köçmək məcburiyyətində qalmışdı. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilər aşağıdakılardır:
Münaqişənin əvvəlində, Ermənistan Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməsinin səbəbini etnik ermənilərin təhlükəsizliyini və öz müqəddəratını təyinetmə hüququnu qorumaq məqsədi olduğunu izah edirdi. Lakin, ətraf ərazilərin işğalından sonra Ermənistan öz təcavüzünün qondarma “Dağlıq Qarabağ Respublikası” üçün bir “dəhliz” və “təhlükəsizlik zonası” təmin etmək zərurətindən irəli gəldiyini söyləyərək özünə bəraət qazandırmağa çalışdı.[4] Əvvəlcə Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş bu yeddi rayonunu “təhlükəsizlik zonası” adlandırsa da, rəsmilər və bu xalqın ziyalıları bu torpaqları “azad olunmuş ərazilər” və ya heç vaxt Azərbaycana qaytarılmayacaq “tarixi erməni torpaqları” kimi təqdim edirdilər.[5] Daha sonra qondarma Dağlıq Qarabağ Respublikası işğal etdiyi bütün Azərbaycan ərazilərinə öz milli bütövlüyünün bir hissəsi kimi iddia edərək, onlara “nəzarət olunan ərazilər” [6] kimi yanaşırdı ki, bu da 2020-ci ildə İkinci Qarabağ Müharibəsinin başlamasının əsas amillərindən biri sayıla bilər.
Münaqişə tərəflərinin fikir ayrılığından asılı olmayaraq, iddiaçılar arasında danışıqlar prosesi keçmiş DQMV-nin əraziləri, o cümlədən onun ətraf əraziləri də daxil olmaqla, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycana torpaqları ətrafında aparılırdı. Azərbaycanın bütün bu əraziləri keçmiş Dağlıq Qarabağ münaqişəsinin sərhədləri kimi müəyyən edilməlidir.
[1] Дмитриев, А. В., Конфликтология (Гардарики, 2000), p. 57.
[2] Human Rights Watch, Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh, pp. xx.
[3] “USAN Factsheet on the Nagorno-Karabakh region of Azerbaijan”.
[4] International Crises Group, “Nagorno-Karabakh: Risking War”.
[5] International Crises Group, “Armenia and Azerbaijan: Preventing War”.
[6] “Controlled Territories” Office of the Nagorno Karabagh Republic in Washington D.C; (http://www. nkrusa.org/nk_conflict/controlled_territories.shtml). Accessed on December 4, 2022.