Kürəkçay müqaviləsi nə zaman və hansı şərtlərlə bağlandı?

1804-cü ilin yanvar ayında uzun sürən mühasirədən sonra Gəncə xanlığı Rusiya tərəfindən işğal edildi. Gəncə xanı Cavad xan və kiçik oğlu Gəncə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid oldular. Şəhərin alınmasından sonra general Qulyakov Car-Balakəndən Gəncəyə göndərildi. Həmin ilin mart ayında rus çarı I Aleksandrın həyat yoldaşının şərəfinə Gəncənin adı dəyişdirilərək Yelizavetpol adlandırıldı.[1]

Rusların Azərbaycana yürüşü Osmanlı və Qacarlar İranı ilə münasibətləri daha da kəskinləşdirdi. Osmanlı dövləti, 1798-ci ildə Rusiya ilə bağladığı “İttifaq sazişinə” görə susqunluğunu sürdürmək məcburiyyətində qaldı.[2] Rusiya ilə qarşı-qarşıya qalan İran, bəzi Azərbaycan xanlarına güvənsə də, yenə müttəfiq arayışında idi. Bu zaman Avropa dövlətləri, xüsusilə İngiltərə, Orta Şərqdə mənafeyinə zidd olduğu üçün Rusiyanın cənuba doğru irəliləməsindən narahat idi. Belə bir vəziyyətdə Avropanın dəstəyini alan İran, 1804-cü ilin iyun ayında Rusiyaya müharibə elan etdi.[3]

Bu dövrdə əksər Azərbaycan xanlıqları kimi Qarabağ xanlığı da tarixin ciddi sınağı ilə üz-üzə qalmışdı. Müstəqil davranmağı çox istəyən İbrahimxəlil xan Qacarlar İranı və Rusiya arasında seçim etmək məcburiyyətində idi. Xanlığa bu illərdə vəzirlik etmiş Mirzə Camal Cavanşirin yazdığına görə, 5 min nəfərlik İran ordusu Tuğ kəndi yaxınlarında ruslara məğlub olduqdan sonra, Fətəli şah xana elçi göndərərək Rusiyaya qarşı ittifaq yaratmağı təklif etdi.[4] Bu dövrdə rus elçiləri də Şuşaya tez-tez gəlib gedirdilər. İbrahimxəlil xan bütün siyasi vəziyyəti götür-qoy etdikdən sonra, rus işğalının qaçınılmaz olduğuna qərar verdi. Əslində o, Gəncə qətliyamının Qarabağda təkrarlanacağından ehtiyat edirdi. Bundan başqa rus ordusunda xidmət edən zabitlərdən bir çoxunun erməni əsilli olması səbəbi ilə, Qarabağ xəmsə məliklərinin ona xəyanət edəcəyindən də çəkinirdi.[5]

Rusların Qarabağa hücum etməyə hazırlaşdığı bir zamanda İbrahimxəlil xan son qərarını verərək rus generalı Sisianovla görüşmək istədiğini bildirdi. Bu görüş nəticəsində 1805-ci il mayın 14-də Kürəkçayda Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında 11 maddəlik qarşılıqlı əhdnamə bağlandı.[6] Beləliklə, bu müqavilə ilə Qarabağ xanlığı müstəqilliyini itirərək Rusiyanın himayəsi altına girmiş oldu. Müqavilənin şərtlərinə görə mayor Lisianoviçin başçılığı altında 500 rus əsgəri Şuşaya yerləşdirildi və demək olar ki, ona hər şeyə müdaxilə etmək hüququ verildi. Eyni zamanda Rusiya dövlətinə xidmət edəcəklərinə görə rus çarı tərəfindən İbrahimxəlil xana general leytenant, xanın oğulları Məhəmmədhəsən Ağaya və Mehdiqulu bəyə isə, general mayor rütbələri verildi.[7]


[1] a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 193. Həmçinin bax; a.k.ə. Əsədov, Firudin və Kərimova, Sevil (1993), s. 56. Həmçinin bax; Bala, Mirze, “Gence”, İslam Ansiklopedisi, C. IV (İstanbul, 1988), ss. 764-765.

[2] Uçarol, Rifat, Siyasi Tarih (1789-1994) (İstanbul, Filiz yayınevi, 1995), ss. 84-85.

[3] a.k.ə. Azərbaycan tarixi, C. IV (2007), ss. 20-21. Həmçinin bax; a.k.ə. Umudlu, Vidadi (2004), s. 49.

[4] a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir (1989), ss. 133-134.

[5]. a.k.ə. Əsədov, Firudin və Kərimova, Sevil (1993), s. 45.

[6] a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 194. Həmçinin bax; a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s 71. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir (1989), s. 135.

[7] a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 194. Həmçinin bax; a.k.ə. Qaradaği, Həsənəli (1991), s. 135.