İkinci Qarabağ müharibəsinə qədər Ermənistan daim Dağlıq Qarabağ ermənilərinin hüquqlarını qorumaq və onların təhlükəsizliyini təmin etmək üçün Dağlıq Qarabağ münaqişəsində iştirak etdiyini iddia edirdi. Lakin münaqişənin lap erkən mərhələlərindən Ermənistan müharibə şəraitinin intensivləşməsində mühüm rol oynamış və Ermənistanın bütün Azərbaycanlı əhalisini zorla yurd-yuvalarını tərk etməyə məcbur etmişdir. Eyni zamanda, bu ölkənin Ali Soveti də Dağlıq Qarabağın Ermənistanla birləşməsinə dair qətnamə qəbul etmişdir.[1] Müharibə başladıqdan sonra Ermənistan münaqişə ərazilərinə hərbi hücuma keçərək Rusiyanın dəstəyi ilə təkcə Dağlıq Qarabağı deyil, həm də Azərbaycanın yeddi qonşu rayonunu da işğal etmişdi. Ermənistan münaqişənin əsas tərəflərindən biri kimi tanınır və sülh danışıqlarında Dağlıq Qarabağın erməni icmasını təmsil edirdi.[2]
Ermənistanın İkinci Qarabağ Müharibəsindən əvvəl münaqişənin həlli ilə bağlı rəsmi mövqeyi aşağıdakılara əsaslanırdı: münaqişənin həlli Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüquqları əsasında olmalıdır; Ermənistanın yurisdiksiyası altında olub Dağlıq Qarabağı birləşdirən birbaşa ərazi; və Dağlıq Qarabağın təhlükəsizliyi beynəlxalq zəmanət əsasında olmalıdır.[3]
Bu baxımdan, Ermənistan Dağlıq Qarabağın heç vaxt müstəqil Azərbaycanın bir hissəsi kimi tanınmadığını və Azərbaycanın Dağlıq Qarabağ regionunda suverenlik haqqını tələb etmək üçün heç bir hüquqi, siyasi və mənəvi əsasının olmadığını iddia edirdi. O, beynəlxalq hüququn əsas prinsiplərinin və keçmiş Sovet qanunvericiliyinin də Dağlıq Qarabağ əhalisinin tam müstəqillik şəklində öz müqəddəratını təyinetməsi üçün zəmin olduğuna inanırdı.[4] Buna görə də, Ermənistan regionunun hüquqi statusunun əsasən ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ vilayətində keçiriləcək referendum yolu ilə müəyyən olunmasında təkid edirdi.[5]
Bundan əlavə, Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan öz yurisdiksiyası altında olan Dağlıq Qarabağla Ermənistan arasında əlaqə yaradacaq ərazi – birbaşa dəhliz tələb edirdi. Bu mənada, Dağlıq Qarabağ ərazisindən xaricdə yerləşən Azərbaycanın işğal olunmuş iki rayonu Laçın və Kəlbəcər mümkün olan dəhliz hesab edilirdi.[6] Bundan başqa, Ermənistan onu Dağlıq Qarabağ ilə birləşdirən yeganə yol olduğundan Laçın dəhlizi barədə iddialarından heç vaxt imtina etməyəcəyində israrlı idi və 1994-cü ildən başlayaraq regionda öz mövcudluğunu gücləndirmək üçün maliyyə yardımı söz verməklə Ermənistandan və dünyanın digər yerlərindən erməni ailələri bura köçürülərək Laçın rayonunda məskunlaşdırmağa başlamışdır.[7]
Ermənistan rəsmən bunun münaqişənin sülh yolu ilə həll edilməsi xeyrinə olduğunu elan etməsinə baxmayaraq, ölkə büdcənin artırılması və yeni silahlar alınması ilə hərbi arsenalının genişləndirilməsi hesabına hərbi potensialını gücləndirməkdə davam edirdi. Birinci Qarabağ müharibəsinin nəticələrinin eyforiyası altında olan Ermənistan Qarabağda yeni müharibə başlanacağı halda ölkənin özünü Azərbaycanın istənilən hücumlarından müdafiə etmək üçün kifayət qədər hazır olduğuna inanırdı. Ordu və kilsə Ermənistan xalqının ən çox güvəndiyi qurumlar idi və belə bir inanc var idi ki, Ermənistan ordusu regionun ən güclüsüdür.[8] Beləliklə, qeyd etmək lazımdır ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi ölkənin qondarma qələbəsi ilə başa çatan Birinci Qarabağ müharibəsi reallığı ilə formalaşıb.
Lakin İkinci Qarabağ müharibəsi Ermənistan üçün reallığı dəyişdi və o, 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi nəticəsində işğal olunmuş Azərbaycan rayonları üzərində nəzarəti itirdi. Ermənistan tərəfi 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatı imzalamaqla hərbi qüvvələrini işğal olunmuş bütün ərazilərdən, o cümlədən Dağlıq Qarabağdan çıxarmağa razılaşdı. O vaxtdan bəri münaqişə tərəfləri yekun sülh əldə etmək üçün danışıqlara başlayıblar. Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması üçün yuxarıda qeyd olunan beş prinsipi təklif edəndə “Ermənistan etiraz etmədiyini, sadəcə olaraq, orada yaşayan ermənilərin müəyyən “hüquq və azadlıqlarının təminatlarını” gözlədiyini bildirdi.”[9] Bununla bağlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “ARMENPRESS”ə müsahibəsində bildirib ki, “Bizim üçün Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil, hüquq məsələsidir.”[10]
Lakin siyasi ritorikadan fərqli olaraq, Ermənistan rəhbərliyinin sülh danışıqları ilə bağlı davranışı əksinədir. Aydındır ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra sülh danışıqlarında irəliləyişlər intensivləşəndə və tərəflər yekun razılaşmaya yaxınlaşanda Ermənistan istər siyasi, istərsə də hərbi rəhbərlik səviyyəsində eyni hərbi təxribatla həm Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, həm də iki dövlət arasındakı sərhədlərdə vəziyyəti gərginləşdirməyə çalışıb. Ermənistanın siyasi rəhbərliyi Üçtərəfli Bəyanat üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə də, beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar masası arxasında daima təmkinli bəyanatlar verir. Daha sonra isə sülh sazişi danışıqlarını sabotaj etmək üçün bütün mümkün yollardan istifadə edir. İddia olunur ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan tərəfi bu işdə tarixi müttəfiqi olan Rusiyadan çox Fransadan və bəlkə də İrandan dəstək alır, çünki Rusiya böyük dilemma qarşısındadır və Ermənistana heç bir dəstək verə bilmir. Bu arqumentin əsasını Fransanın siyasi rəhbərliyinin Azərbaycana qarşı tədbirlər görmək barədə son bəyanatı təşkil edir. Əslində Ermənistan da öz hərəkətləri ilə üçtərəfli formatdan çıxmağa, gündəmi dəyişməyə və Rusiya və onun maraqları müqabilində yeni vasitəçilər – məsələn, ABŞ və BMT-ni cəlb etməyə çalışır.[11]
[1] a.k.ə. Fraser, Niall M., et al. (1990), p. 659.
[2] a.k.ə. Baguirov, Adil. (2008), p. 10.
[3] Minasyan, Sergey, Nagorno-Karabakh After Two Decades of Conflict: Is Prolongation of the Status Quo Inevitable? (Yerevan: Caucasus Institude, 2010), p. 24.
[4] a.k.ə. Avakian, Shahen (2010), p. 25.
[5] “Displacement and Status in the Nagorno Karabakh Conflict”, Chatham House: Russia and Eurasia Meeting Summary, 21 November 2012;
[6] Poghosyan, Tevan, The Armenian ENP and Conflict Resolution in Nagorno Karabagh (Crisis Management Initiative, 2009), p. 15.
[7] “Minasyan, Nagorno-Karabakh After Two Decades of Conflict”, p. 19.
[8] a.k.ə. Poghosyan, Tevan (2009), p. 13.
[9] Kucera, Joshua, “Armenia signals willingness to cede control over Karabakh,” Eurasianet, April 1, 2022; https://eurasianet.org/armenia-signals-willingness-to-cede-control-over-karabakh. Accessed on December 5, 2022.
[10] “Armenia FM: ‘For us, the Nagorno-Karabakh conflict is not a territorial issue, but a matter of rights’,” ARMENPRESS, March 15, 2022; https://armenpress.am/eng/news/1077893.html. Accessed on December 5, 2022.
[11] Osmanli, Ceyhun, “What is behind new border clashes between Armenia and Azerbaijan?” Modern Diplomacy, September 16, 2022; https://moderndiplomacy.eu/2022/09/16/what-is-behind-new-border-clashes-between-armenia-and-azerbaijan/. Accessed on December 5, 2022.