Qədim və erkən orta əsrlərdə Qarabağ eramızdan əvvəl IV əsrin sonlarından 705-ci ilə qədər mövcud olmuş qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tərkibində olmuşdur. Strabonun yazdığına görə, Albaniyada müxtəlif dildə danışan 26 tayfa məskunlaşmışdı. Albanların etnik və linqvistik mənşəyi ilə bağlı araşdırma aparan alimlər iddia edirdilər ki, “alban” termininin etimologiyası hələ də müzakirə mövzusu olaraq qalır və qəti şəkildə müəyyən edilməmişdir. Lakin “alban” və “alpan” sözlərinin hazırda Azərbaycanda, eləcə də türkmən, qazax və digər türk dillərində işlənməsi bu sözün türk dillərindən qaynaqlandığını sübut edir. Beləliklə, Albaniya sözü qədim türk dilindəki “igidlər və qəhrəmanlar diyarı” mənasını verən “alp” və “alb” sözlərindən yaranıb.[1]
Qafqaz Albaniyası dövründə Qarabağ ərazisi dörd inzibati vahidə bölünmüşdü: Artsax-Xaçın, Uti, Sünik və Paytakaran. Ermənilər Artsax sözünün mənşəyini Ermənistanla əlaqələndirməyə çalışsalar da, bu əlaqə elmi ədəbiyyatda öz əksini tapmamışdır.[2]
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Artsax ifadəsinin mənşəyinə dair tarixçilər arasında, əsasən, iki versiya geniş yayılmışdır. Bəzi tarixçilər “Artsax” toponiminin etimologiyasını zərdüştiliyin müqəddəs kitabı “Avesta” ilə əlaqələndirirlər. Onların fikrincə, toponim “Avesta”da “küləklər ölkəsi və ya ərazisi” mənasında işlədilmişdir.[3]
Fəridə Məmmədovanın araşdırmalarına görə, Artsax (erməni müəlliflərinin əsərlərində) və ya Orxistena (qədim müəlliflərin əsərlərində) bölgəsi sağ sahil Albaniyanın ən mühüm əyalətlərindən biri olub. Məmmədova daha sonra aydınlaşdırır ki, “Ermənistan coğrafiyası”na əsasən Artsax 12 kiçik inzibati vahidə bölünmüş və əsasən utilər (utilər), qarqarlar, hunlar, xəzərlər və barsillər (basillər) kimi türk tayfaları tərəfindən məskunlaşmışdır.[4]
Artsaxla həmsərhəd olan Sünik və ya Sisakan (Zəngəzur) Albaniyanın cənub-qərbində, Arazın sol sahilində yerləşirdi. Albanşünaslar təsdiq edirlər ki, Sünik vilayəti etnik, siyasi və mədəni baxımdan Albaniyaya və Atropatenaya bağlı olmuşdur.[5] X.Xubuşman və İ. Markvart Süniki, ümumiyyətlə, Albaniya vilayəti hesab edirdilər.[6]
Ermənilərin əsassız olaraq iddia etdikləri Artsax vilayəti I–VI əsrlərdə alban Arşakilərinin, VI əsrdən VIII əsrin əvvəllərinədək Albaniyanın böyük knyazları – Mehranilərin hakimiyyəti altında olmuşdur. Xristian müəlliflərin əsərlərindən məlum olur ki, alban hökmdarları hunlar və xəzərlər arasında xristianlığı təbliğ etmək üçün Artsaxın din xadimlərini göndərirdilər.[7] Bu faktın özü alban adlandırılan etnosla türkmənşəli tayfalar arasında bir bağın, mənşə yaxınlığının olmasına dəlalət edir.
Tarixçilərin əksəriyyəti isə bu toponimin sak, skif tayfalarının adı ilə bağlı olduğuna əmindirlər. Hətta Azərbaycana münasibətdə qərəzli mövqe tutan əcnəbi müəlliflər belə Artsax adının ermənilərdən yox, məhz sak, skiflərdən törədiyi fikrini daha inandırıcı hesab edirlər.[8] Tədqiqatçılar Uti toponiminin də Artsax toponiminin mənşəyi kimi bu ərazidə məskunlaşmış müxtəlif türk tayfalarının adı ilə bağlı olduğunu iddia edirlər. Son illərdə aparılan araşdırmalar təsdiq edir ki, hər iki sözün etmilogiyası məhz türkcə məna kəsb etməkdədir. Uti toponimi “Qara insanlar” və yaxud “Qara adamların yaşadığı yer” mənasını verir. Lakin bu ərazidə məskunlaşmış türk tayfalarından bəhs edilərkən, Artsax toponiminin mənasının, “ər” (türkçə qəhrəman) və “sak” (türk tayfası), yaxud “art” (dağlıq ərazi, yüksəklik) və “sak” sözlərinin birləşməsindən meydana gəldiyi bildirilmişdir.[9] Azərbaycanın Ərəb xilafəti tərəfindən işğalına qədər region Artsax adlanmışdır.
VII əsrin ortalarında Sasanilər imperiyasının (226–651-cı illər) məğlubiyyətindən sonra Ərəb xilafəti Azərbaycanın şimal hissəsini tədricən öz nəzarəti altına almağa başladı (705-ci il). Ərəb hakimiyyəti dövründə Kür və Araz çayları arasındakı ərazi Arran adlanırdı və indiki Qarabağ bölgəsi də daxil olmaqla böyük bir ərazini əhatə edirdi. VII əsrin sonu – VIII əsrin əvvəllərində Azərbaycanda, eləcə də Qarabağda İslam dini surətlə yayılmaqda idi. Sadəcə bəzi dağlıq və dağətəyi yerlərdə İslam dininin geniş yayılmadığı nəzərə çarpırdı. Bu da səhra və çöl şəraitində yaşayan ərəblərin dağlıq bölgəyə uyğunlaşa bilməmələrindən qaynaqlanırdı. Yuxarı Qarabağ ərazisində yaşayan xristian albanlar öz məskunlaşdıqları bölgəni “Ağvan ölkəsi” adlandıraraq əvvəllər istifadə edilən Artsax adını Ağvan olaraq dəyişmişdilər.[10] Tarixi Qarabağ ərazisi qədim dövrdə və erkən orta əsrlərdə Azərbaycanın qədim dövlətlərindən biri olan Qafqaz Albaniyasının tərkibində Uti və Artsax vilayətlərini əhatə etmişdi. Ərəblərin Azərbaycanda hakimiyyəti dövründə Uti və Artsax müvafiq olaraq Arran və Ağvan adlandırılırdı.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı isə Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ” sözlərinin birləşməsi qədim tarixə malikdir. Dünyanın hər yerində bu sözlərin birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Qarabağ adı Azərbaycan tarixşünaslığında ilk dəfə XIII əsrdə Hülakülər (Elxanilər) dövlətinin (1256–1357) baş vəziri olmuş Fəzlullah Rəşidəddinin (1247-1318) “Camiə’t-təvarix” (Tarix toplusu: Monqolların tarixi) adlı əsərində 1284-ci ildə baş verən hadisələrdən bəhs edilərkən “Arran Qarabağı/Arranın Qarabağı” kimi istifadə edilmişdir.[11] Alimlər bildirirlər ki, o dövrün tarixçiləri bu bölgəni Azərbaycandan kənarda yerləşən digər Qarabağlarla, xüsusən də Türkmənistanın cənub-şərqində və Əfqanıstanın cənub-qərbində yerləşən “Baqdis Qarabağı” ilə qarışdırmamaq üçün “Arran Qarabağı” adlandırmışlar.[12]
Tarixən bir-biri ilə sıx iqtisadi və mədəni əlaqədə olan Yuxarı və Aşağı Qarabağ əraziləri coğrafi baxımdan Arranın tərkib hissəsi idi. Bir sıra tarixi qaynaqlarda bəzən Qarabağ ilə Arran eyniləşdirilib vahid ərazi kimi təqdim olunsa da, Arran daha geniş ərazini əhatə edən inzibati-coğrafi vahid kimi Azərbaycanın bir hissəsi hesab olunmuş və Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhərinin təbiri ilə desək, Qarabağ “Arranın paytaxtı”, daha doğrusu onun mərkəzi hesab olunurdu.[13]
Qarabağın Arranla bağlı olmasını mənbələrdə tez-tez rast gəlinən “Arran Qarabağı” ifadəsi də sübut edir. Burada “Arran Qarabağı” dedikdə heç də Düzən Qarabağ deyil, Arranda yerləşən Qarabağ (Arranın Qarabağı) nəzərdə tutulur. Başqa sözlə, burada mənsubiyyət bildirilir, yəni haqqında bəhs olunan Qarabağın məhz Arrana aid olduğuna, Arranda yeləşdiyinə işarə edilir və XIII–XV əsrlərdə yazılmış farsdilli mənbələrdə də elə bu şəkildə – “Arran Qarbağı” şəklində təqdim olunur. Orta əsr müəlliflərinin “Arran Qarabağı” ifadəsini işlətməkdə məqsədləri onun həm Arran ərazisində yerləşdiyini göstərmək, həm də onu türk xalqalarının məskunlaşdığı digər Qarabağ adlanan ərazilərdən fərqləndirmək idi.[14]
Hər bir ölkənin düzənlik, dağlıq və dərə ərazilərə malik olması təbiidir. Buna görə də Qarabağın dağlıq hissəsinə istinad edən qondarma Dağlıq Qarabağ termininə qarşılıq olaraq Arran Qarabağını Düzən Qarabağ kimi izah etməyə heç bir əsas və ehtiyac yoxdur. Çünki mənbələrdə Dağlıq Qarabağ ifadəsinə rast gəlinmir. Mənbələr onun həm düzən, həm də dağlıq hissəsindən vahid Qarabağ kimi bəhs edirlər.[15]
“Qarabağ” termini XIV yüzilliyin sonu, XV yüzilliyin əvvəllərində “Arran” adı ilə yanaşı işlənmiş, bəzən onu əvəz etmişdir. Lakin inzibati ərazi baxımdan bu bölgə Arranın mərkəzi sahələrini əhatə etmişdir. Ərazi vahidi kimi Qarabağ dağlıq və dağətəyi ərazilərdən ibarət idi.
Orta əsrlərdə Azərbaycanın müxtəlif bölgələrində Qarabağ adında müxtəlif şəhər və kəndlərə rast gəlmək mümkün idi. XVII əsrin ortalarında Osmanlı səyyahı Övliya Çələbi “Səyahatnamə” əsərində, tarixi Qarabağ vilayəti ilə yanaşı, Naxçıvanda Qarabağlar kəndinin və Cənubi Azərbaycanın Arazbar bölgəsində əhalisi təqribən 10 min nəfər olan Qarabağ şəhərinin mövcud olduğunu qeyd etmişdir.[16]
Qarabağ sözünün mənası ilə bağlı müxtəlif fikir və mülahizələr mövcuddur. İnsanlar Qarabağı onun münbit torpağında əkilən “qara üzüm”ə və ya bu ərazidə müxtəlif “qarayarpaqlı bağların” olmasına görə belə adlandırıblar.[17]
“Qarabağ”ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha geniş, daha elmi şəkildə izah edilməsini tələb edir, çünki Azərbaycan və digər türk dillərində qaranın rəngdən başqa “sıx”, “qalın”, “böyük” və “tünd” mənaları da vardır. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ” və “səfalı bağ” mənalarını kəsb edir.[18] Bəzi mütəxəssislərin fikrincə, “Qarabağ” adının Azərbaycanda yayılması indiki Qarabağın dağlıq hissəsində, V–X əsrlərdə “Artsax” kimi tanınan ərazidə yaşamış peçeneqlərlə bağlı olmuşdur. Bu ad sonralar Qarabağın aşağı və ya düzən ərazilərinə də şamil edilmişdir.[19]
Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının əfsanəvi qəhrəmanlıq dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı da sübut edir. “Kitabi-Dədə Qorqud” dastanındakı qəhrəmanlıq hekayələri VI-VII əsrlərdə Azərbaycanın bütün ərazilərində, o cümlədən Qarabağda və Göyçə gölü ətrafında geniş yayılmışdır. Bundan əlavə, Ağqoyunlu imperatoru Uzun Həsənin (1468–1478) xahişi ilə Əbu Bəkr ət-Tehrani əl-İsfahani tərəfindən yazılmış “Kitabi-Diyarbəkriyyə” adlı məşhur “Oğuznamə”də (Oğuz dastanı) Göyçə dənizi yaylaqlarının və Qarabağın qədim oğuz türklərinə məxsus olduğu, oğuz türklərinin soykökündə duran Oğuz xaqanın Göyçə gölü ətrafında dəfn olunduğu, Bayandur xaqanın isə Qarabağda, Göyçə gölü yaylaqlarında yaşadığı və orada da dəfn olunduğu göstərilir.[20]
[1] Гейбуллаев, Г.А. К этногенезу азербайджанцев. – Баку: Элм. – 1991. – с. 74.
[2] Mehdiyev, R. Gorus-2010: Season of Theater of Absurd. – Tbilisi: Universal, – 2010. – s. 38–39.
[3] Мамедова, Ф. Кавказская Албания и албаны. – Баку: Азернешр, – 2005. – с. 647.
[4] Məmmədova, F. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. – Bakı: Azərnəşr, 1993. – s. 94.
[5] a.k.ə. Məmmədova, F. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. – 1993. – s. 95; Həmçinin bax: Тревер, К.В. Очерки по истории и культуре Кавказской Албании. – Москва-Ленинград: АН СССР, – 1959. – c. 146.
[6] a.k.ə. Məmmədova, F. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. – s. 96.
[7] Yenə orada, s. 94–95.
[8] Худадов, В.Н. Закавказье. Историко-экономический очерк. – Москва-Ленинград: – 1926. – с. 32.
[9] Məmmədov, T. Qafqaz Albaniyası ilk orta əsrlərdə. – Bakı: Təhsil, – 2006. – s. 49.
[10] Qeybullayev, Q. Qarabağ (etnik və siyasi tarixinə dair). – Bakı: Elm. – 1990. – s. 136.
[11] Рашид-ад-дин, Ф. Сборник летописей / Перевод с персидского А.К. Арендса. Под редакцией А.А. Ромаскевича, Е.Э. Бертельса и А.Ю. Якубовского. – Москва-Ленинград. – т. 3. – 1946. – s. 104
[12] Mahmudov, Y.M., Şükürov, K.K. Qarabağ: real tarix, faktlar, sənədlər. – Bakı: Təhsil, – 2009. – s. 11; Həmçinin bax: Nəcəfli, T. XV–XVII yüzilliklərdə Qarabağın ictimai-siyasi həyatı // R.Yılmaz (red.). Qarabağ bildiklərimiz və bilmədiklərimiz. Bakı: Qafqaz Universiteti, – 2010. – s. 65
[13] Əl-Əhəri, Əbu Bəkr əl-Qütbü. Tarix-e Şeyx Uveys / fars dilindən tərc. ed. M.D.Kazımov, V.Z.Piriyev. – Bakı: Elm, – 1984. – s. 57; Həmçinin bax: a.k.ə. Nəcəfli, T. XV–XVII yüzilliklərdə Qarabağın ictimai-siyasi həyatı. – s. 65
[14] Ağayev, R. Azərbaycanın Qarabağ bölgəsi VII-IX əsrlərdə // İpək yolu: Xüsusi buraxılış. – Bakı. – 2021. – s. 42.
[15] Yenə orada, s. 42.
[16] Çelebi, E. Seyahatnâme. – İstanbul. – c. 2. – 1314. – s. 235–242
[17] Sami, Ş. Kamusu’l-A’lam. – Ankara: Kaşgar Neşriyat, – c.5 – 1996. – s. 3621
[18] Piriyev, V. Azərbaycanın tarixi-siyasi coğrafiyası. – Bakı: Araz. – 2002. – s. 98
[19] Гейбуллаев, Г.А. Топонимия Азербайджана. – Баку: Элм, – 1986. – с. 145; Həmçinin bax: Piriyev, V. Azərbaycan XIII-XIV əsrlərdə. – Bakı: Nurlan, – 2003. – s. 98.
[20] a.k.ə. Mahmudov, Y.M., Şükürov, K.K. Qarabağ: real tarix, faktlar, sənədlər. – s. 19